NƏQLİYYAT

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14 DEKABR 2018
206

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

2018-12-14 18:07:00

Fins.az-ın məlumatına görə, İzmir şəhərində beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının növbəti iclası keçirilib. İclasın məqsədi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eyni zamanda ölkələrimiz arasında bağlanmış ikitərəfli Sazişin tələblərinin icrası olub. Məlumata görə, Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Türkiyə nümayəndə heyətinə Nəqliyyat və İnfrastruktur Nazirliyinin avtomobil daşımalarının tənzimlənməsi baş idarəsinin rəisi Mahmut Gürses rəhbərlik edib. İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları kimi məsələlər müzakirə olunub. Eyni zamanda, "Bakı-İstanbul-Bakı" sərnişindaşıma marşrutlarında iştirak edən avtobusların sayı ilə əlaqədar paritetliyin gözlənilməsi, "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsi ilə bağlı qarşıda duran məsələlər, Azərbaycan Respublikasının ümumi istifadəsində olan avtomobil yolları ilə hərəkət edən iri qabaritli və ağır tonnajlı xarici nəqliyyat vasitələrinin icazə verilən çəkisi ilə Vergi Məcəlləsinin 211.2 maddəsi arasında olan uyğunsuzluq, hər iki ölkənin avtodaşıyıcılarının viza alınması prosedurlarının sadələşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı "Sədərək-Dilucu" sərhəd-keçid məntəqəsindəki mövcud problemlər, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlərlə bağlı danışıqlar aparılıb. Dövlət avtomobil nəqliyyatı xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı islahatlardan, yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb. Qarışıq Komissiyanın növbəti iclasında  yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyətləri arasında müvafiq Protokol imzalanıb.

 Müəllif:Aynur Qəniyeva

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256