NƏQLİYYAT

Yolların qardan-buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanıb – FOTOLAR
03 DEKABR
105

Yolların qardan-buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanıb – FOTOLAR

2018-12-03 09:45:00

Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.

Fins.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanmışdır.

Həmin əmrlə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mərkəzi aparatında və respubikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılmış və sutkalıq növbətçilik təşkil edilmişdir.

Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və 2018-2019-cu illərin payız-qış mövsümündə Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan  təmizlənməsi   üçün  tədbirlər planları təsdiq edilmiş (Böyükşor qovşağından başlayaq bütün şəhər ətrafı qəsəbələr üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhər daxili avtomobil yolları üzrə isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən), Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunmuşdur.

2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən,  19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını)  qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilmiş, yanacaq-sürtgü materialları ehtiyatı yaradılmış,  sürüşməyə qarşı zəncirlər alınmışdır. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-ə maşın-mexanizm hazır vəziyyətə gətirilmişdir. 

Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri aparılmışdır. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyyatlar yığılmışdır. Təkcə Bakı şəhər yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılmış, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulmuşdur. 

Eyni zamanda  qış mövsümündə yollarda işləyən işçilərin isti paltar,    ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil  edilmişdir. 

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255