NƏQLİYYAT

Azərbaycanın ilk pullu yolunda ödənişlərə nə vaxtdan başlanacağı MƏLUM OLDU
26 NOYABR
398

Azərbaycanın ilk pullu yolunda ödənişlərə nə vaxtdan başlanacağı MƏLUM OLDU

2018-11-26 16:11:00

Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olması ilə bağlı işlərə başlanılıb.

Fins.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli qeyd edib ki, artıq yola qoyulacaq turniketlər də sifariş verilib:

"Turniketlər Cənubi Koreyadan alınacaq. Ölkəyə gətirilən kimi onların quraşdırılmasına start veriləcək. Təbii olaraq, giriş-çıxışlarda, yol qovşaqlarında turniketlərin quraşdırılması üçün müəyyən vaxt tələb olunur".

AAYDA rəsmisinin sözlərinə görə, turniketlərin quraşdırılması yekunlaşdıqdan sonra ödəniş məsələsinə baxılacaq:

"Ödənişin hansı sistemlə ediləcəyi müzakirə olunacaq. Ödənişin məbləğini Tarif Şurası müəyyən edəcək".

A.Nəcəfli qeyd edib ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunda ödəniş 2019-cu ilin I rübündə işlərin yekunlaşdırılmasından sonra tətbiq olunacaq:

"İşlərin gedişindən asılı olaraq, işlər yubana da bilər. Hər halda bu barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Sifarışçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın "Evrascon-AzVirt" Birgə Müəssisəsi, Türkiyənin "Kolin İnşaat, Turizm Sənaye və Ticarət", "Özgün Yapı Sənaye və Ticarət" və "Polad Yol Yapı Sənaye və Ticarət" şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın "IRD Engineering", Almaniyanın "Kocks Consult GmbH", ABŞ-ın "TERA International Group" və Yaponiyanın "NİPPON KOEL UK Co" şirkətləridir.

Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255