NƏQLİYYAT

"Bakmil" stansiyasında çətir quraşdırılır
22 NOYABR
122

"Bakmil" stansiyasında çətir quraşdırılır

2018-11-22 12:12:00

"Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində ən əhəmiyyətli yeniliyin tətbiqinə başlanılır.

Fins.az xəbər verir ki, stansiyanın açıq hava şəraitində yerləşən, atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalan platformanın üzərində çətir quraşdırılır.

“Bu isə sərnişinləri, eləcə də stansiyanın açıq hava şəraitində yerləşən avadanlıq və qurğularını yağmurun təsirlərindən qoruyacaq. Ümumiyyətlə, metropolitenin 1979-cu ildə istismara verilmiş yeganə yerüstü stansiyasında ötən 40 ilə yaxın müddətdə əsaslı təmir və yenidənqurma işləri ilk dəfə aparılır. Açıq hava şəraitinin kəskin təsirləri nəzərə alınmaqla, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğular, həmçinin digər infrastruktur təmir edilir, bərpa olunur və müasir tələblər səviyyəsində yenidən qurulur”, - məlumatda vurğulanıb.

Stansiyada tətbiq olunacaq daha bir əhəmiyyətli yenilik sərnişinlərin birbaşa ikinci mərtəbədən qəbul edilərək yola salınması olacaq. Belə ki, stansiyaya daxil olan sərnişinlər pilləkənlərlə birbaşa ikinci mərtəbəyə qalxaraq avtomat nəzarət-buraxılış məntəqəsindən keçəcəklər: “Burada inşaat işləri tamamlanmaq üzrədir. Bu səviyyədə söküntü işləri başa çatdırılıb. Platforma, gözləmə zalı və keçidlərdə döşəmə və divarların üzləmə işləri da yekunlaşmaqdadır”.

Bildirilib ki, ən əhəmiyyətli tədbirlər platformaaltı sahədə edilib. Kabel kollektoru tamamilə yeni standartlarla yenidən inşa edilib. Həmçinin, sahədə rahat və təhlükəsiz iş görmək üçün bütün müvafiq tədbirlər görülüb və işçilər bundan sonra burada rahatlıqla kommunikasiya xətlərinə xidmət göstərə biləcəklər. Bununla yanaşı, təbii işıqlandırma, havalandırma və plaftormaaltı sahəyə nəzarət məqsədilə pəncərə yerləri qoyulmaqla yan divarlar inşa olunub, suvaq işi aparılıb.

Yenidənqurma çərçivəsində bütün kommunikasiya xətləri dəyişdirilib, yeni kanalizasiya xətti qurulub və su xətti çəkilib, ərazi abadlaşdırılıb: “Burada müvafiq maillik verilməklə bütün zəruri tədbirlər görülüb və drenaj sistemi yenilənib”.

Sərnişinlərin stansiyadan istifadəsinə şərait yaratmaqla, plaftormanın yenilənməsi də iki mərhələdə aparıb: “Əvvəlcə platformanın bir, daha sonra digər hissəsi tamamilə yenidən qurulub. Plaftormanın daha etibarlı, davamlı və uzunömürlü etmək üçün döşəmə örtüyü tamamilə sökülüb, hər 6 metrdən bir yeni dayaqlar, həmçinin rigellər qoyulub, yenidən monolit dəmir-beton konstruksiyalı sərnişin platforması qurulub”.

Bundan başqa, platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı ləğv edilib. Bildirilib ki, stansiyanın yenidən qurulması zamanı onun memarlıq üslübü tamamilə qorunmaq şərtilə yeni asma tavan və müasir işıqlanma sistemi qurulur.

Qeyd edək ki, stansiyanın birinci mərtəbəsi bundan sonra yalnız xidməti məqsədlər üçün istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255