NƏQLİYYAT

Zaqatala aeroportunun fəaliyyəti bərpa olunsun
19 NOYABR
383

Zaqatala aeroportunun fəaliyyəti bərpa olunsun

2018-11-19 10:27:00

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində, dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclər üçün 7 919,9 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2018-ci illə müqayisədə 797,5 milyon manat və ya 11,2 faiz çoxdur.

Fins.az xəbər verir ki, bunu millət vəkili, professor Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, təqdirəlayiq haldır ki, 2019-cu ilin dövlət büdcəsində ali, orta ixtisas və ilk peşə təhsili müəssisələrinin tələbələri və şagirdlərinin, AMEA-nın magistrantlarının və doktorantlarının təqaüdlərinin məbləği, AR ali məktəbləri üçün Prezident təqaüdlərinin məbləği, Prezidentin fərdi təqaüdünün məbləğləri artırılıb:

“2017-ci ildə inflyasiya səviyyəsi 12,9 faizdən 2018-ci ildə 2,7 faizə düşüb. Azərbaycan əhalisinin normal gəlirləri təxminən 35 milyard manat olub. Azərbaycanın valyuta ehtiyatları artaraq, 5,5 milyard manatdan çox olub. 

2019-cu ildə ölkədə ÜDM real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 3,9 faiz olmaqla, 50,5 milyard manat təşkil edəcəyi gözlənilir. Bu isə böyük irəliləyiş deməkdir. Artıq Azərbaycanın iqtisadi artımı neft-qaz amilindən deyil, iqtisadiyyatın digər sahələrinin hesabına artmaqdadır.

Aqrar sahədə də böyük uğurlar qazanılmaqdadır. Artıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı malları dünyanın 50-dən çox ölkəsinə ixrac olunur. Fəxrlə deyə bilərəm ki, təmsil olunduğum Zaqatala və Balakən rayonlarında emal olunan kənd təsərrüfatı məhsulları bir çox dünya ölkələrinə ixrac olunur və ölkə büdcəsinə valyuta gətirir.

Ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. 

Bütün bu işlər isə prezident cənab İlham Əliyevin 2017-2022 və 2018-2025-ci illər üçün “Dövlət Proqramı” sahəsində imzaladığı sərəncamların yerinə yetirilməsi istiqamətində görülən işlərin bir hissəsidir.

Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmi ölkə iqtisadiyyatının prioritet sahəsinə çevirib. Bu məqsədlə cənab prezident tərəfindən imzalanmış sərəncam ölkə paytaxtından əlavə, regionların inkişafına və həmin bölgələrə də turistlərin cəlb olunmasına böyük şərait yaradıb. 

Bunu nəzərə alaraq xahiş edərdim ki, Zaqatala və Balakən rayonlarında yerli və xarici turistlərin cəlb edilməsi üçün Zaqatala rayonundakı aeroportun fəaliyyəti bərpa olunsun”.

oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255