NƏQLİYYAT

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq
16 NOYABR
115

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq

2018-11-16 09:13:00

Noyabrın 15-də Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinin baş katibi Andreas Rayxardt arasında görüş olub. Görüşdə “Avstriya Dəmir Yolları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Andreas Mathe və Avstriya parlamentində Avstriya-Azərbaycan ikitərəfli parlament işçi qrupunun rəhbəri Barbara Krenn də iştirak ediblər.

C.Qurbanov görüşdə Azərbaycanda dəmir yollarının inkişaf etdirilməsi və müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Şərq-Qərb” nəqliyyat dəhlizi, o cümlədən Çindən yüklərin Avropaya çatdırılması üçün nəzərdə tutulan nəqliyyat marşrutlarında Azərbaycanın yerləşdiyi coğrafi məkan böyük potensiala malikdir və bu marşrut hazırda Avropaya yüklərin daşınması üçün istifadə edilən marşrutlardan vaxt, qiymət və səmərəlilik baxımından daha üstündür. Azərbaycanda mövcud olan dəmir yolu nəqliyyatı sisteminin müasir tələblərə cavab verməsi və lazımi logistik şəraitin yaradılması da yüklərin sürətli və keyfiyyətli daşınmasına təminat verir. Eləcə də Azərbaycan tərəfinin həmin marşrut üzərində yerləşən bir sıra dövlətlərlə uğurlu danışıqlar aparması da gələcəkdə Avropa ölkələrinə bu dəhlizdən istifadəyə marağını artıra biləcək. Avstriyanın da Avropanın mərkəzində yerləşən mühüm nəqliyyat qovşağı olmasını nəzərə alaraq qeyd edilib ki, Avstriyanın Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizi layihələrində iştirakı təqdirəlayiq hal olardı.

Baş katib Andreas Rayxardt görüşdə bildirib ki, rəsmi Vyana Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin dərinləşməsində maraqlıdır. Vitse-kansler Haynts-Kristian Ştraxenin rəhbərliyi ilə oktyabr ayında böyük nümayəndə heyətinin Azərbaycana səfəri və dövlət başçısı İlham Əliyev tərəfindən qəbulu bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. O, Avropa ilə Çin arasında yük dövriyyəsinin yaxın gələcəkdə getdikcə artmaqda olduğunu və ekoloji səbəblərə görə yük daşımalarında dəmir yolunun çəkisinin yüksələcəyini nəzərə alaraq, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin böyük əhəmiyyət daşıyacağını vurğulayıb.

Görüşdə hər iki ölkənin dəmir yolu qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub, gələcəkdə bu əməkdaşlığın konkret layihələrə çevrilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255