NƏQLİYYAT

Regional tranzitin inkişaf məsələlərinə dair seminar keçirilir
14 NOYABR
99

Regional tranzitin inkişaf məsələlərinə dair seminar keçirilir

2018-11-14 09:24:00

Fins.az-ın məlumatına görə Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa və Asiya-Sakit Okean üzrə Regional Tranzit Seminarı öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən məlumata görə, tədbirdə Azərbaycan da daxil olmaqla Türkiyə, Rusiya Federasiyası, Almaniya, Monteneqro, Serbiya, Makedoniya, Belarus, Çin Xalq Respublikası, Gürcüstan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Pakistan, eləcə də bir sıra beynəlxalq təşkilatlar - Asiya İnkişaf Bankı, Avropa Komissiyası, BMT İP və Ümumdünya Gömrük Təşkilatının nümayəndələrinin iştirakı ilə “Tranzit əməliyyatlar üzrə təlimat” sənədinin icra vəziyyəti müzakirə edilir.

Seminarın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, yüklərin sürətli, maneəsiz və təhlükəsiz daşınması beynəlxalq ticarətin əsas amillərindən biridir və tranzit ölkələr bu istiqamətdə mühüm rola malikdir.

Ölkələrin, o cümlədən Azərbaycanın iqtisadi inkişafında tranzitin əhəmiyyətinə toxunan Komitə sədrinin müavini gömrük orqanlarının tranzit əməliyyatlarının sadələşdirilməsi və tənzimlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, coğrafi mövqe baxımından Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkənin tranzit potensialının inkişafı üçün münbit şərait yaradır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycandan keçən tranzit dəhlizlərinin səmərəliliyinin və rəqabətqabiliyətliliyinin artırılması, yükdaşımaların sürətləndirilməsi, risk analizlərinin tətbiqi hesabına sərhədkeçmə prosedurlarının sadələşdirilməsi məqsədilə gömrük orqanları bir sıra tədbirlər həyata keçirir. Hazırda Azərbaycanın Avropa məkanında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində (NCTS) qeyri-formal müşahidəçi statusunu daşıdığı və tam üzvlük istiqamətində mühüm addımlar atıldığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256