NƏQLİYYAT

Qaxda yenidən qurulan avtomobil yolunun açılışı olub - FOTO
29 OKTYABR
102

Qaxda yenidən qurulan avtomobil yolunun açılışı olub - FOTO

2018-10-29 09:21:00

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun açılışında iştirak edib.

Fins.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Yol 13 məntəqəni əhatə etməklə burada yaşayan 4 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində mühüm rol oynayacaq.

Qeyd olunub ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Bu yolun müasir səviyyədə yenidən qurulması həm yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaradacaq, həm də bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə də xidmət göstərəcək. Eyni zamanda, yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.

Dövlət başçısına Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir olunması barədə də məlumat verilib. 

Əsaslı təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.

Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verilib. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində inşa olunan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsini əhatə edən yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.

Sonra Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258