NƏQLİYYAT

Şamaxıda 4 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır -VİDEO
27 SENTYABR
127

Şamaxıda 4 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması yekunlaşır -VİDEO

2018-09-27 10:13:00

Yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun en və uzunluq profilləri tikinti norma və qaydalarına uyğun olmadığı, torpaq və çınqıl örtüklü olması isə yük və sərnişin daşımasına maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Qısa müddət ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil10 metr enində tikilir. Bunun üçün ərazidə 190 min kub.m həcmdə torpaq işləri görülüb, yararlı çınqıl materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub.

Torpaq işlərindən əlavə yol boyu yeni suötürücü dəmir-beton boruların tikintisinə də ehtiyac var idi. Bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb. 

Texnoloji ardıcıllığa uyğun olaraq yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi aparılıb. Daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kv.m sahə asfaltlanır. 

Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı ( km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq. 

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidın qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmaqlarına şərait yaradılmış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255