NƏQLİYYAT

“Ports
27 İYUL
202

“Ports&Harbors” jurnalı: “Azərbaycanın uğurunun səbəbi ölkənin inkişaf missiyası və ideya ətrafında olan milli həmrəylikdir”

2018-07-27 10:59:00

Böyük Britaniyada dərc olunan və dəniz nəqliyyatı sahəsində dünyanın ən tanınmış nəşrlərdən biri sayılan “Ports&Harbors” jurnalının iyul-avqust buraxılışında cari il mayın 8-11-də Avrasiya məkanında ilk dəfə Bakıda keçirilən Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) Dünya Limanları Konfransına xüsusi diqqət ayrılıb.

Adı çəkilən konfransda iştirak edən jurnal redaktoru Penni Tomas IAPH-in idarə heyətinin siyasət və strategiya üzrə rəhbəri Patrik Verxoven və bestseller yazıçı, beynəlxalq əlaqələr mütəxəssisi Paraq Xannanın Şərqlə Qərbi əlaqələndirmək və mərkəz yaratmaq istiqamətində Bakı Limanının planları, o cümlədən IAPH Bakı 2018 konfransı haqqında fikirlərini öyrənib.

“Ports&Harbors” jurnalının redaktoru Penni Tomasın məqaləsini nəzərinizə çatdırırıq:

“Bakıda may ayında Beynəlxalq Limanlar Assosiasiyasının Bakı 2018 Dünya Limanlar Konfransı çərçivəsində əsas müzakirə mövzusu olan və Çinin reallaşdırdığı “Bir Kəmər – Bir Yol” təşəbbüsündə Bakının rolu göstərildi. Konfransda iştirak edən 65 ölkədən 400-dən çox nümayəndə Bakı Limanının inkişaf edən Avrasiya logistik zəncirində öz yerini gücləndirmək planları ilə yaxından tanış oldu.

IAPH-in prezidenti Santiaqo Qarsia-Mila, bu konfransın Avrasiya məkanında ilk dəfə məhz Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. “Biz əvvəllər Sinqapur və Dubay kimi yerlərdə gördüyümüz inkişafa hal-hazırda dünyanın bu hissəsində şahid oluruq. Burada əsas fərq ondan ibarətdir ki, Bakı təkcə ticarət limanı deyil, Şərqlə Qərb, eləcə də, Şimalla Cənub arasında qovşaq kimi sürətlə inkişaf edən, okeana birbaşa çıxışı olmayan bir mərkəzdir. Fakt odur ki, Dubay limanları və Hyperloop kimi qlobal oyunçuların buraya sərmayə yatırması beynəlxalq limanların ümumi mənzərəsinə əsaslı surətdə təsir edəcək faktorların olduğunu göstərir”.

Həm Paraq Xanna, həm də Patrik Verxoven Bakıda təqdirəlayiq bir prosesin baş verdiyi barədə həmfikirdirlər. “Mən buraya 15 ildir ki, gəlirəm və Bakının bu işin öhdəsindən necə yüksək səviyyədə gəlməsi məni heyrətləndirir”, – deyə Xanna bildirib. “Görülən işlər siyahısı əslində Dubay modelini təkrarlamaqdan daha çox məsələləri ehtiva edir. Bu hər şeydən öncə əlverişli daşınmaz əmlak imkanı və təhsil sisteminin inkişaf etdirilməsinə yönəlmiş sərmayədir”.

Patrik Verxoven də bununla razılaşır. O qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrindən fərqli olaraq, Bakı azad iqtisadi zonası ətrafında tamamilə yeni qonşuluq mühiti qurur və tədarük zəncirində olduğu kimi, ticarətdə rəqəmsal yeniliklərdən istifadə edir. Bu təkcə hər hansı bir binanın yaxud avadanlığın tikintisi ilə məhdudlaşmayan, şirkətlərin özlərini təsis etməsi üçün işgüzar mühitin formalaşdırıldığı hərtərəfli bir sistemdir. Bu, tam olaraq Dubay və bir qədər əvvəl Sinqapurun da qəbul etdiyi modeldir.

Verxoven Bakının gələcəyinin və qətiyyətinin kifayət qədər qiymətləndirilmədiyini və neftə əsaslanan iqtisadi asılılıqdan uzaqlaşdığı üçün şəhərə yatırılan sərmayə və planlaşdırma səviyyəsinə təəccübləndiyini qeyd edir.

Xanna isə fikrini belə tamamladı ki, həm Azərbaycan, həm də Dubay bir ölkədə müvəffəqiyyət qazanmaq üçün istədiyimiz ən vacib şeylərə sahibdir: “Bu, uğurlu gələcək və ümumi missiya ətrafında olan milli həmrəylikdir” .

Konfransda adıçəkilən şəxslərlə yanaşı dünyanın hər nöqtəsindən tanınmış spiker və mütəxəssislər də iştirak ediblər. Dubay limanının sədri və icraçı direktoru Sultan Əhməd bin Sulayem, IAPH Bakı 2018-in açılış mərasiminin keçirildiyi Zaha Hadidin memarı olduğu möhtəşəm Heydər Əliyev Mərkəzində bunları dedi: “Liman mərkəzli konsepsiya üçün ən uğurlu model – liman, azad zona və alt zonaları özündə birləşdirən sistemdir”.

Konfransın spikerləri arasında İtaliyanın Triest limanının prezidenti Zeno D’Aqostino, Antverp Universiteti və Şanxay Universitetinin professoru Teo Nottebum, Dubay Logistika Şəhərinin sabiq icraçı direktoru Maykl Proffitt, Quanco Limanının baş direktorunun müavini Yuan Yu, Panama Dəniz Təşkilatında limanlar və dəniz sənayesi üzrə baş direktor Quimara Tunon Querra da var idi.

Xatırladaq ki, mayın 8-11-də Bakıda “Gələcəyin limanları: mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” mövzusunda Beynəlxalq Limanlar Assosiasiyasının konfransı keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ev sahibliyi edilən bu konfrans Beynəlxalq Limanlar Assosiasiyası tarixində ən müvəffəqiyyətli və ən çox iştirakçı sayı ilə seçilən konfrans olmuşdu. (Seanews.az)

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260