NƏQLİYYAT

Bakı Limanında yükaşırmanın həcmi 2 milyon tona çatıb
11 İYUL
179

Bakı Limanında yükaşırmanın həcmi 2 milyon tona çatıb

2018-07-11 12:56:00

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) öz fəaliyyətini uğurla davam etdirməkdədir". Fins.az xəbər verir ki, Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb.

Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir.

Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunub. Belə ki, cari ilin yarımilində 19965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16526 sərnişin (82.8 %) Türkmənistan, 3439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21960 ədədə çatıb. Vaqonların 9409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9512 ədədə çatıb. Bunlardan 5353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4047 ədədi (42.5%) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib.

Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb. 

Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258