NƏQLİYYAT

Paytaxtın iki əsas küçəsi TƏMİR EDİLİR - FOTOLAR
05 İYUL
421

Paytaxtın iki əsas küçəsi TƏMİR EDİLİR - FOTOLAR

2018-07-05 18:36:00

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsinin 4-cü mikrorayon dairəsi və Mir Cəlal küçəsi arasında yerləşən 450 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsası bərpa olunub, yol kənarına 800 poqonmetr uzunluğunda yeni səki daşları düzülüb. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Bu çərçivədə 600 kvadratmetr piyada səkisi asfaltlanıb. Küçə boyu 450 metr uzunluğunda yeni su xətlərinin çəkilişindən sonra hərəkət hissənin də asfaltlanması işləri aparılıb. Küçənin 7,5 min kvadratmetr sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, 17 ədəd kommunikasiya xətləri üçün yeni baxış qapaqları qoyulub.

Texnoloji ardıcıllığa riayət edilməklə aparılan təmir-tikinti işlərindən sonra hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları quraşdırıldıqdan sonra vətəndaşların istifadəsinə verilib.

Bundan başqa, avtonəqliyyat vasitələrinin sıxlığının azalmasına hesablanan layihələrin icrası çərçivəsində paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1,75 kilometr, eni isə 22 metr təşkil edir. İki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 metrədək genişləndirilir. Təmir-tikinti işləri çərçivəsində küçənin 830 metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.

Yenidənqurma işlərinə uyğun olaraq, küçə boyu 3200 poqonmetr yeni səki daşı düzülüb, 300 kvadratmetr sahədə ayrıcı zolağa tamet daşlar döşənib və işıqlandırma xətləri atılıb.

Layihə çərçivəsində ayırıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orada yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülür. Bunun üçün aidiyyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılır. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı tunelin içi ilə çəkilir. Artıq bu işlər yolun 830 metrlik hissəsində görülərək yekunlaşdırılıb. Bundan başqa, asfalt döşənən ərazi boyu yeni su və qaz xətləri də çəkilib.

Küçənin digər hissəsində isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır. Yol ayrıcı sökülür, alt hissəsi 1 metr dərinlikdə qazılaraq yararsız qrunt çıxarılır, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilir. Analoji işlər yolun mövcud hərəkət hissəsində də aparılır. Yüksək gərginlikli elektrik xəttinin çəkilişi ilə əlaqədar olaraq qazılan əraziyə təqribən 0,8-1 metr dərinlikdə yararlı qrunt tökülərək yeni yol əsası inşa edilir.

Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, zəruri yerlərdə yeni sistem qurulur, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulur, 6 yerdə isə avtobusların ümumi hərəkətə mane olmamaları üçün dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılır.

Eyni zamanda, vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir.

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq Mir Cəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Eləcə də bax: Bu yola 2 laydan ibarət 12 sm qalınlığında asvalt-beton döşənəcək - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256