NƏQLİYYAT

Bakıda böyük tıxaclara səbəb olan təmir bitdi - YOLDA NƏ İŞLƏR GÖRÜLÜB? - FOTO - VİDEO
04 İYUL
475

Bakıda böyük tıxaclara səbəb olan təmir bitdi - YOLDA NƏ İŞLƏR GÖRÜLÜB? - FOTO - VİDEO

2018-07-04 14:24:00

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sözügedən yolun ilkin mərhələdə 6-11-ci km-lik hissəsində, daha dəqiqi Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək olan hissəsində təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması, üstəlik yol ayrıcında əyri-xətli dəmir tirlərin sökülərək yolun bu hissəsində, həmçinin kənar hissələrdə də genişləndirilməsindən sonra asfalt örtükdə yaranan deformasiyalar səbəbindən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulmasına ehtiyac yaranmışdı.

Bu səbəbdən də iyun ayının 27-dən etibarən sözügedən hissədə təmir işlərinə start verilmişdi. Yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 250 min kv.m-dən çox ərazini əhatə edib.

Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunmuşdu. İşlər iki növbəli şəkildə, səhər erkən saatlardan günorta saatlarınadək və günortadan sonra gecə yarısınadək həyata keçirilirdi. Gündüz saatlarında isti havalar nəzərə alınaraq birbaşa günəş şüaları altında çalışan və asfalt örtüklə təmasda olan yol işçilərinə fasilələr verilirdi. 

Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərində yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa uyğun olaraq yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb və yolun bu hissəsi müasir görkəmdə sürücülərin istifadəsinə verilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması işlərinin tərtib olunmuş qrafikə uyğun digər mərhələlər üzrə hissə-hissə davam etdirilməsi nəzərdə tutulub.

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267