NƏQLİYYAT

“Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutu ilə test daşıma uğurla həyata keçirilib
10 MAY
219

“Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutu ilə test daşıma uğurla həyata keçirilib

2018-05-10 12:27:00

“Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həyata keçirilməsi layihəsi çərçivəsində Polşanın Slavkov stansiyasından yola salınan konteyner uğurla Astara (İran) stansiyasına çatıb və artıq əks istiqamətdə hərəkətə başlayıb.

“ADY Konteyner” MMC-dən bildirilib ki, test məqsədilə həyata keçirilən layihənin operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dir. “ADY Konteyner” şirkətinin İsveçrənin “Hupac Intermodal” şirkəti ilə birgə əməkdaşlığı nəticəsində konteyner Polşadan 399 kilometr, Ukrayna ərazisindən 965 kilometr, Gürcüstandan 396 kilometr, Azərbaycan və İran ərazisindən 596 kilometr keçməklə 2356 kilometri 9 gün ərzində tamamlayıb. Konteyner GPS sistemi ilə təchiz edilib ki, bu da marşrut boyu konteynerin hərəkətini izləməyə imkan verib.

Qeyd edək ki, operatoru “ADY Konteyner” şirkəti olan bu test daşıma “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Marşrutunun texnologiyasının işlənilməsi, o cümlədən yüklərin çatdırılma müddətini ölçmək üçün həyata keçirilib. Test qatarının çıxış stansiyası olan Polşanın Slavkov Avroterminalı 1520 millimetrlik dəmir yolu xətti ilə 1435 millimetrlik Avropa standartlı dəmir yolu xəttinin kəsişməsində yerləşir ki, bu da qərbi Avropa ölkələrindən yükləri bu terminalda qəbul edib və daha sonra “Cənub-Qərb” marşrutu üzrə daşımaq üçün imkan yaradır. Slavkov Avroterminaldan (http://www.euterminal.pl/) gündəlik olaraq blok qatarlar yola düşür və “ADY Konteyner” MMC-nin konteynerləri bu blok qatara qoşulur.

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın, xüsusən də nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın ərazisindən keçən yüklərin həcmi isə sabit olaraq artmaqdadır. Bu çağırışlara daha effektiv cavab vermək, artan yük həcmini səmərəli idarə etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bir sıra zəruri institusional dəyişikliklər edilib. Belə ki, müstəsna olaraq konteyner daşımalarının həyata keçirilməsi və idarə edilməsi məqsədilə qurum tərəfindən “ADY Konteyner” MMC təsis edilib. Bununla bağlı açıqlama verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “ADY Konteyner” MMC-nin yaradılmasının tranzit potensialımızın inkişafına, yükdaşımalardan əldə ediləcək gəlirlərin yüksəlməsinə səbəb olacağına əmin olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260