NƏQLİYYAT

Azərbaycanla Belarus avtodaşıyıcılara "icazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib
01 MAY
310

Azərbaycanla Belarus avtodaşıyıcılara "icazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib

2018-05-01 17:56:00

Minsk şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Belarus-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Belarus nümayəndə heyətinə Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi Serqey Dubina rəhbərlik edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, iclasda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib. Eyni zamanda, Belarus ərazisində Azərbaycan avtodaşıyıcılarına daha səmərəli şərait yaradılması müzakirə olunub.

Bundan başqa, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ölçüləri, təhlükəli yüklərin daşınması qaydaları, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yanacağın miqdarı, İcazə Sisteminin tətbiqi və sair barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rəqəmli Taxoqraf və İcazə Sisteminin tətbiqini həyata keçirən Belarusun Nəqliyyat Müfəttişliyi Baş İdarəsinin, sürücülərin və nəqliyyat operatorlarının tədrisi ilə məşğul olan Belarus Beynəlxalq Avtomobil daşıyıcıları Assosiasiyasının fəaliyyəti ilə tanış olub, əyani təcrübə mübadiləsi həyata keçirilib.

Tərəflər hər iki ölkənin avtodaşıyıcılarının tələbatlarını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması barədə razılığa gəlib. Sonda qeyd edilən və eləcə də, aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq Protokol imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256