NƏQLİYYAT

Ağdaşda 17 kəndi birləşdirən iki avtomobil yolu yenidən qurulur
25 APREL
261

Ağdaşda 17 kəndi birləşdirən iki avtomobil yolu yenidən qurulur

2018-04-25 17:58:00

Son vaxtlar Ağdaş rayonunda kənd yollarının inşası və yenidən qurulması işləri geniş vüsət alıb. Hazırda rayonda iki istiqamət üzrə, ümumilikdə, 17 kəndi birləşdirən və 60 kilometr uzunluğu olan müasir avtomobil yolları inşa edilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 27 kilometr olan Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.

İki hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinləri 2 metr, yol yatağının eni isə 10 metrdir. Uzun illərdən sonra əsaslı şəkildə yenidən qurulan bu yol 7 yaşayış məntəqəsinin 13 minə yaxın əhalisinin ürəyincə olub. Çünki, həmin yol çoxdan idi ki, yararsız vəziyyətə idi. Bu isə gediş-gəliş üçün problemlər yaradırdı. Yol yatağında tarazlıq və bərkitmə işlərindən sonra asfalt örtüyünün döşənməsinə başlanılıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və işçi qüvvəsi yola asfalt örtüyünün döşənməsi işlərinə cəlb olunub.

Həmçinin, avtomobil yolu üzərində olan körpülər təmir edilib, müxtəlif diametrli yeni suötürücü dəmir-beton borular quraşdırılıb. Asfaltlama işləri başa çatdıqdan sonra yol nişanları, məlumatverici lövhələr və siqnal dirəkləri quraşdırılacaq. Müasir yol infrastrukturunun yaradılmasından sonra ətrafdakı kəndlərin sakinlərinin Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat çıxışı təmin olunacaq. Ən əsası isə yeni yolun çəkilişi ilə yük və sərnişindaşıma asanlaşacaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının tez bir zamanda istehlakçılara çatdırılmasına hərtərəfli şərait yaranacaq.

Hazırda rayonda yenidən qurulan yollardan biri də Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yoludur. Uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur. Avtomobil yolu uzun illər istismar edildiyindən və təmir olunmadığı üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə nəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu.

Qısa müddətdə yolun 7 kilometrlik hissəsinə ikiqat asfalt örtüyü vurulub. Yolun 12 kilometrlik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanma işlərinə start verilib. Beləliklə, rayonun 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisinin Ağdaş şəhərinə gediş-gəlişi rahatlaşacaq.

Yenidən qurulan hər iki yoldan, ümumilikdə, 17 kəndin əhalisi istifadə edəcək.

Mənbə: Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259