NƏQLİYYAT

Xızı şəhərinin və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub
05 APREL
261

Xızı şəhərinin və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub

2018-04-05 17:01:00

 “Azərsu” ASC “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Hökumətinin və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. 

İcrasına 2012-ci ildə başlanılan layihə çərçivəsində Qars su mənbəyində məhsuldarlığı sutkada 430 kubmetr, Yeddibulaq su mənbəyində isə məhsuldarlığı sutkada 40 kubmetr olan sugötürücü qurğular tikilib, 8,4 km magistral su xətti çəkilib.

Şəhərin içməli suya olan tələbatı yeni yaradılan və ümumi tutumu 1084 kubmetr olan Dahardibi və Şəfa su mənbələri hesabına tam ödəniləcək. Bu mənbələrdən yaşayış məntəqələrinə ümumi uzunluğu 9,6 km olan magistral su kəmərləri çəkilib.

İstehlakçıları fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Xızı şəhərində və Altıağac qəsəbəsində ümumi tutumu 2800 kubmetr olan 4 su anbarının inşası yekunlaşmaq üzrədir. Hər iki yaşayış məntəqəsində ümumi uzunluğu 52 km içməli su və 32,4 km kanalizasiya şəbəkələri tikilib. Tikintisi yekunlaşmış şəbəkədən hər bir evə birləşmə verilir və sayğaclar quraşdırılır. Layihə çərçivəsində Xızı Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın inşasında son tamamlama işləri aparılır.

Layihənin növbəti mərhələsində Xızı şəhərində məhsuldarlığı sutkada 1500 kubmetr, Altıağac qəsəbəsində isə məhsuldarlığı sutkada 350 kubmetr olan tullantı su təmizləyici qurğular tikiləcəkdir. Hazırda həmin qurğuların tikintisi üzrə tender prosesi davam edir.

Layihə çərçivəsində Xızı rayonunun 2000 nəfər əhalisi olan Baxışlı, Tıxlı və Xələc kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Xızı şəhəri və Altıağac qəsəbəsində içməli su təchizatı sistemləri 1980-90-cı illərdə yaradılıb. Həmin illərdə tikilmiş su şəbəkələri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı ödəmirdi. Hər iki yaşayış məntəqəsində kanalizasiya sistemləri mövcud olmayıb.

Yeri gəlmişkən, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xızı şəhəri ilə yanaşı, Qusar, Xaçmaz, Naftalan və Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Qusar, Naftalan və Qobustan şəhərlərində su və kanalizasiya layihələrinin icrası başa çatıb, Xaçmaz şəhərində isə işlər yekunlaşmaq üzrədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267