NƏQLİYYAT

Azərbaycan İranın dəmir yol xəttini və terminallarını icarəyə götürür
01 MART
311

Azərbaycan İranın dəmir yol xəttini və terminallarını icarəyə götürür

2018-03-01 17:01:00
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  çıxış edərək bildirilib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.
C. Qurbanov eyni zamanda qeyd edib ki, Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür. Yaxın vaxtlarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı qeyd olunub ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yollarını bir şəbəkədə birləşdirəcək.
İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə çıxış edərək bildirib ki, bu layihə Azərbaycan, İran İslam Respublikası və Rusiya  Federasiyası ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Eləcə də bax: Masallıda 2 avtomobil yolunun təmirinə başlanılıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254