NƏQLİYYAT

Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
19 FEVRAL
292

Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur

2018-02-19 11:23:00

Son 2 il ərzində Sabunçu rayonunda ümumi uzunluqları 25.6 km olan 3 qəsəbələrarası avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu, Maştağa-Bilgəh, Ramana-Maştağa və Sabunçu-Ramana avtomobil yollarıdır.  

Fins.az xəbər verir ki, Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində işlərə start verilib.

Söhbət 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması layihəsindən gedir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Məhz bu üzdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Maştağa-Nardaran yolunu bu il yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası avtomobil yollarının siyahısına salıb.

Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin  yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya  xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq.

Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.

Eləcə də bax: Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu olub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258