NƏQLİYYAT

İlham Əliyev: “Energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı çox aydın hədəflərimiz var”
14 NOYABR
180

İlham Əliyev: “Energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı çox aydın hədəflərimiz var”

2017-11-14 18:23:00

“Ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan iki istiqamət üzrə - energetika və nəqliyyat sahələrinin gələcək inkişafı ilə bağlı bizim çox aydın hədəflərimiz var”.

Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, neft-qaz sahəsində bütün vəzifələr icra edildi, “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti uzadıldı. “Cənub Qaz Dəhlizinin icrası da uğurla gedir. Əminəm ki, gələn il biz TANAP layihəsinin açılışını qeyd edəcəyik.Bütövlükdə Cənub Qaz Dəhlizinin tamamlanması 2020-ci ildə nəzərdə tutulur. Mən burada da heç bir problem görmürəm. Sadəcə olaraq biz qrafik üzrə getməliyik. Avropa İttifaqı da Azərbaycanı bu layihənin həyata keçirilməsində aparıcı ölkə kimi tanıyır. Doğrudan da bizim bu layihənin icrasında rolumuz danılmazdır və aparıcıdır”, - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, nəqliyyat sahəsində. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylər yüklərin həcminin artırılması ilə bağlı olacaq: “İndi biz bu məsələ üzərində çalışırıq. Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz ərazimizdə demək olar ki, bütün işləri gördük. İndi bu layihənin tamamlanması üçün əlavə texniki və maliyyə resurslarımızı ortaya qoymağa hazırıq. Beləliklə, bu iki layihə Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çevirəcək. Bu, bizim həm siyasi, həm iqtisadi maraqlarımızın təmin edilməsində çox mühüm rol oynayacaq”.

Prezident qeyd edib ki, Azərbaycanda müasir texnologiyaların inkişafı da gündəlikdə duran məsələdir. Onun sözlərinə görə, üçüncü süni peykin orbitə çıxarılması da gündəlikdə duran məsələlərdən biridir.

“Gələcək fəaliyyətimizlə bağlı əlbəttə ki, hər bir sahə üzrə konseptual yanaşma var. Mən əgər bu gün bütün planlar haqqında danışsam, bir neçə saat vaxt lazım olacaq. Mən bu gün sizin və ictimaiyyətin diqqətinə gələcəkdə əsas, önəmli istiqamətlər üzrə görüləcək işlər haqqında fikirlərimi çatdırdım. Bir daha demək istəyirəm ki, bu planların reallaşması üçün bütün imkanlar var. Biz bu günə qədər heç vaxt boş vədlər verməmişik, nəyi demişiksə, onu da təmin etmişik. Bizə ictimaiyyət, xalq tərəfindən inamın böyük hissəsi məhz bununla bağlıdır. Ancaq real planlar, real nəticələr və problemlər haqqında danışmışıq. Əlbəttə ki, cəmiyyətdə kifayət qədər problemlər var. Biz onları bilirik və bu problemlərin həlli istiqamətində öz fəaliyyətimizi, səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik”, - İlham Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287