NƏQLİYYAT

Qeydiyyat nişanları ilə bağlı standartlar açıqlanıb
18 OKTYABR
425

Qeydiyyat nişanları ilə bağlı standartlar açıqlanıb

2017-10-18 18:33:00

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərini açıqlayıb. Fins.az Azərtac-a istinadən xəbər verir ki,bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, komitə ictimaiyyəti maraqlandıran standartların mütəmadi olaraq şərh edilməsinə və tələblər haqqında maarifləndirici məlumatların verilməsinə başlayır.

Adıçəkilən dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kollegiyasının 2015-ci il 27 oktyabr tarixli Qərarı ilə təsdiq edilib və 2015-ci il 11 noyabr tarixindən qüvvəyə minib.

Bu standart avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.

Standarta əsasən, dövlət qeydiyyat nişanları bir və iki sıralı olmaqla 4 tipə bölünür. Bir sıralı I tip – avtonəqliyyat vasitələrinə (şəkil 1), iki sıralı II tip – avtonəqliyyat vasitələri və onların qoşqularına (şəkil 2), iki sıralı III tip - I tip nişanların tətbiqi mümkün olmayan avtomobillər, hərəkət sürəti 20 km/saatdan artıq olmayan elektrik mühərrikli avtomobillər, hərəkət sürəti 30 km/saatdan artıq olmayan daxili yanma mühərrikli nəqliyyat vasitələri, traktorlar və onların qoşqularına (şəkil 3), iki sıralı IV tip - motonəqliyyat vasitələrinə (şəkil 4) aid edilir.

Standartda “ağ fon”lu dövlət qeydiyyat nişanları ilə yanaşı, “göy fon”lu nişanlar, avtonəqliyyat vasitələrinə müvəqqəti olaraq verilən “tranzit” nişanları, fəxri konsulların nəqliyyat vasitələrinə verilən “qırmızı fon”lu nişanlar, diplomatik nümayəndəliklər və konsulluqların, diplomatik nümayəndələrin statusuna malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə verilən “qırmızı fon”lu nişanlara olan tələblər də əks olunub.

Standarta əsasən dövlət qeydiyyat nişanında 21x42 millimetr ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur.

Dövlət standartının tələbləri məcburidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285