NƏQLİYYAT

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi rekord göstəriciyə yaxınlaşır
13 SENTYABR
249

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi rekord göstəriciyə yaxınlaşır

2017-09-13 14:56:00

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017- ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət etmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 29 faiz çoxdur. İlin sonunadək yekun sərnişin dövriyyəsinin ötən ildəki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun rekord göstəricisidir.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,61 milyon sərnişin düşmüşdür ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınmışdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, sərnişinlərin 84,9 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Bu ilin ilk səkkiz ayı üzrə statistikaya görə Bakıdan ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Dubay, Kiyev və Tehran reysləri olmuşdur.

Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınmışdır. Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, Turkish Airlines, flyDubai, Aeroflot və “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti daxil olmuşdur. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınmış- dır. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlamışdır.

Cari ilin sentyabr ayından ilk milli lou-koster “Buta Airways” uçuşlara start vermişdir. Aviaşirkət Moskva, Kiyev, Tbilisi, Kazan, Mineralnıye Vodı, Tehran və Antalyaya uçuşları yerinə yetirir. Oktyabrın 29-dan etibarən “Buta Airways” Bakıdan İstanbula və SanktPeterburqa uçuşlara başlayacaqdır. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir.

Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür. Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293