NƏQLİYYAT

Azərbaycanda hava nəqliyyatı liberallaşdırılacaq
12 SENTYABR
261

Azərbaycanda hava nəqliyyatı liberallaşdırılacaq

2017-09-12 18:33:00

Azərbaycanda hava nəqliyyatının liberallaşdırılması – mövcud uçuşların turizm üzrə hədəf qrupa daxil olan ölkələrə və şəhərlərə uyğunlaşdırılması və gələcəkdə prioritet istiqamətlərə uçuşların artırılması istiqamətində işlər aparılır.

Fins.az-ın məlumatına görə, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib ki, Turizm Şurasının tərkibində hava nəqliyyatının liberallaşdırılması üzrə işçi qrup yaradılıb. İşçi qrup tərəfindən turizm üzrə prioritet hesab edilən ölkə və şəhərlərdən turist axınının artırılmasının təmin edilməsi məqsədilə yeni uçuş xətlərinin açılması və “Açıq səma saziş”lərinin bağlanması üzrə aidiyyəti qurumlarla danışıqların sürətləndirilməsi qərarlaşdırılıb. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında “Açıq səma saziş”ləri ilə bağlı sənədləşmə işlərinin yekunlaşdırılması üzrə iş aparılır.

Hesabatda bildirilir ki, “2017-2020-ci illər üzrə turizm sahəsinin inkişafına dair investisiya layihələrinin maliyyələşdirilməsi üzrə Fəaliyyət Planı” təsdiq edilsə də, icrası təmin edilməyib. Eləcə də, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulduğu qaydada hər il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən turizm sektoruna ayrılacaq vəsaitin miqdarı müəyyən edilməyib. Turizm sektoruna özəl və xarici investisiya qoyuluşlarının artırılması üzrə işlərdə nəzərəçarpacaq dərəcədə irəliləyişlərə nail olunmayıb.

Sənəddə tövsiyə edilir ki, turizm sektoruna özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlər gücləndirilməlidir. Bu sahədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər və əldə edilən nəticələr barədə rüblük əsasda hesabat hazırlana və aidiyyəti üzrə təqdim edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293