NƏQLİYYAT

Yeni tikilən yollar nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA
14 İYUL
2289

Yeni tikilən yollar nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

2017-07-14 14:24:00

Bu ilin sonuna kimi Azərbaycanda yenidən qurulan 3 magistral avtomobil yolu istifadəyə verilə bilər.

Fins.az xəbər verir ki, bu barədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Astara-İran dövlət sərhədi avtomobil yollarında hazırda əsaslı yenidənqurma işləri aparılır. Həmin yolların bu ilin sonu, gələn ilin birinci rübünə istifadəyə verilməsi planlaşdırılır.

A.Nəcəfli bildirib ki, hazırda Azərbaycanda 20 min kilometr avtomobil yolu var. Bunun 17 min 500 kilometri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin, 2500 kilometri isə yerli icra hakimiyyəti orqanlarının balansındadır: “20 min kilometr yolun yarısı asfalt-beton, yarısı isə torpaq və çınqıl örtüklü yoldur. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildən bu vaxta qədər 1000 kilometrdən artıq avtomobil yollarını təmir edib, yenidən qurub. Həmin yollar magistral, kənd və qəsəbəarası yollardır. 2016-cı ildə 800 kilometr yol təmir edilib. Həmin il kənd və qəsəbəarası 32 avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu il isə 40-dan artıq yolun yenidən qurulması nəzərdə tutulur".

Azərbaycanda bir kilometr yolun tikintisinə çəkilən xərc barədə məlumat verən A.Nəcəfli bildirib ki, ərazi və relyefdən asılı olaraq dəyişir: “O baxır yolun hansı ərazidən keçməsi, ərazinin relyefi, və həmin ərazidən keçən kommunikasiya xətlərinə. Azərbaycanda yol tikintisinin 1 kilometrinə çəkilən xərc 200 min manatdan 1 milyon manata qədər dəyişir. Məsələn, bu yaxınlarda istifadəyə verilən Cocuq Mərcanlı kəndinə çəkilən avtomobil yolu 9 kilometrdir. Həmin yolun tikintisinə 5 milyon manat xərclənib. Bu yolun 1 kilometri 450 min manata başa gəlib. Yol ikinci texniki dərəcəlidir. Elə yol tikintisi var ki, 1 kilometri üçün xərc 1 milyon manata, hətta bəzi yollarda 2 milyon manata qədər arta bilər”.

A.Nəcəfli 2014-cü ildə tikilən, beton yol adlanan Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 132 kilometrlik hissəsinin qısa müddətdə yararsız vəziyyətə düşməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, həmin yolun tikintisində texniki göstəricilərə lazımi qaydada əməl olunmayıb: “Yolun bir zolağının dağılmasına həmin yolla hərəkət edən yük maşınlarının yük həcminə nəzarət olunmaması da səbəb olub. Həmçinin bu yol tikilərkən qurunt sularının ötürülməsi üçün drenaj sisteminin pis tikilməsi, bəzi ərazilərdə isə ümumiyyətlə tikilməməsi də yolun tez dağılmasına gətirib çıxarıb. 2015-ci ildən “Azəravtoyol” həmin yolun dağılan hissələrinin bərpasına başlayıb. Artıq yolda iki hissədə təmir bərpa işləri aparmışıq. İmkan daxilində yolun digər hissələrini də təmir edəcəyik”.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285