NƏQLİYYAT

“Dağıstan” bərəsi modernləşdirilir – FOTO+VİDEO
12 İYUL
360

“Dağıstan” bərəsi modernləşdirilir – FOTO+VİDEO

2017-07-12 17:39:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dağıstan” gəmi-bərəsinin “Zığ” Gəmi Təmiri Zavodunda modernləşdirilməsi davam edir.

Bütün işlər Gəmiçiliyin mühəhdis-texniki heyətinin hazırladığı yeni layihə əsasında həyata keçirilir. Layihədə gəminin güc qurğularının dəyişdirilməsi və yeni reduktorların quraşdırılması nəzərdə tutulub.

Hazırda böyük maşın şöbəsində baş mühərriklərin və reduktorların quraşdırılması  əməliyyatı gedir. Reduktor baş mühərriklə avar valların arasında yerləşən qurğudur və baş mühərrikin əvəzlənməsi nəticəsində avar vallarla mühərriklərın dövrlər sayında yaranan fərqi tənzimləyir. Yəni, köhnə mühərriklərdən fərqli olaraq, yeni baş  mühərriklər 1000 dövr\dəqqiqə sürəti ilə  firlanır. Bu sürət isə gəminin  layihə sənədlərində nəzərdə tutulmayıb. Yeni quraşdırılan reduktorlar avar valların  həmin fırlanma sürətini – 230 dövr/dəqiqəyə salır.

Məlumat üçün bildirək ki, gəmi-bərədə quraşdırılan bu reduktorlar dünyanın aparıcı şirkəti olan “Wartsila”-nın istehsalıdır.

Eyni zamanda  “Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş  iki köməkçi mühərriki   “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Əvəz olunan həm baş ,  həm də  1000 kilovat gücünə malik köməkçı mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək texniki xidməti asanlaşdırmaq baxımından da cox sərfəlidirlər. Köməkçi mühərriklər  artıq quraşdırılıb və  yoxlanışdan keçirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi təzə baş mühərrikləri də Finlandiyadan sifariş edib.  “Wartsila” W32 markalı mühərrik dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Bir sözlə, həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir.

Avtomobilləri yükləyib-boşaltmaq üçün gəminin yan tərəfindən əlavə qapının (aparel) da açılması nəzərdə tutulub. Bu isə gəminin istənilən limanda həm arxa, həm də yan qapıdan yük əməliyyatlarının aparılmasına imkan verəcək.

Həmçinin təmir zamanı “Dağıstan” gəmi-bərəsinin bütün  idarəetmə sistemləri də dəyişdirilərək daha müasirləri ilə əvəz edilir. Artıq yanacaq yandırma  sistemləri əvəzlənməklə buxar qazanı müasirləşdirilir.  Bundan başqa,  pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları da təzələri ilə əvəzlənir. Bərənin bütün köməkçi – yağ, su, balast sistemləri və sair  əsaslı təmir olunur.   

Sonda gəmi-bərə tərsanəyə qaldırılacaq, onun gövdə və  sualtı hissələri də təmir olunub xüsusi boyalarla rənglənəcək. 

Görüləcək təmir işləri bərənin  yanacaq sərfiyyatını  25-30 faizə qədər  azaltmağa imkan verəcək. Yekunda yeni avadanlıqların sərfiyyatını dəqiqləşdirmək məqsədi ilə gəmi sınaqdan keçiriləcək. Təmirdən sonra bərə 14-15 uzellə səfərlərini davam etdirəcək.   

Məlumat üçün bildirək ki, yükgötürmə qabiliyyəti 2425 ton olan “Dağıstan” bərəsi 1984-cü ildə istifadəyə verilib.  Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq  üçün nəzərdə tutulub.  

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 13 gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285