NƏQLİYYAT

Taksi, avtobus, yük daşımalar üzrə - LİSENZİYA QAYDALARI  
05 YANVAR
525

Taksi, avtobus, yük daşımalar üzrə - LİSENZİYA QAYDALARI  

2017-01-05 10:01:00

Taksi fəaliyyəti və avtobuslarla sərnişin daşınması üzrə lisenziyaların əldə edilməsi və vergi ödəmələri hər zaman aktual məsələ olub.  Bununla yanaşı sürücülər  və  yaxud hüquqi şəxslər tərəfindən hüquq və vəzifələrinin düzgün bilməmək məsələsi bəzən anlaşılmazlıqlara səbəb olur. Fins.az bununla bağlı bütün suallara ekspert Əsgər Qasımovun cavablarını sizə təqdim edir.

Əvvəlcə onu qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.Və bu fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziyaları əldə etməlidirlər.

İcazənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
1) Vergi ödəyicisi tərəfindən ərizə; 
2) Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin, vəkalətnamənin (etibarnamənin) və ya icarə müqaviləsinin sürəti;
3) Verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin surəti;
4) Avtonəqliyyat vasitələrinin siyahısı

İlkin olaraq vergi ödəyicisi yəni, sözügedən fəaliyyətlə məşğul olan şəxs ərizə ilə Nəqliyyat Nazirliyinə müraciət edir və həmin ərizə ilə  birlikdə dövlət büdcəsinə hesablanmış vergi məbləğinin ödənişi ilə bağlı müvafiq bank sənədini Nəqliyyat Nazirliyinə təqdim edərək Fərqlənmə nişanı əldə edir.Fərqlənmə nişanı istək  və  ödənişə  uyğun olaraq  aylıq, rüblük, yarımillik  və  yaxud illik lisenziya sayılan blank formasında ola bilər. Ərizə ilə müraciətdən sonra 2 iş günü ərzində Fərqlənmə nişanını əldə edə bilərsiz.  

Taksi ilə sərnişin daşınması ilə bağlı ödəniləcək verginin məbləği fəaliyyət göstərilən ərazidən aslı olaraq minimum 9 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, fəaliyyət əgər Bakı şəhəri və Bakı şəhəri ilə hər hansı bir ərazi (rayon,şəhər,qəsəbə) arasında həyata keçirilirsə  bu məbləğ 2-yə vurulur, yəni ödəniləcək vergi məbləği aylıq 18 manat təşkil edəcəkdir. Əgər fəaliyyət Abşeron, Sumqayıt və Gəncə ərazilərində, həmçinin bu ərazilərlə digər rayon,şəhər arasında həyata keçirilirsə (Bakı şəhəri istisna olmaqla)  minimum məbləğ olan  9  manat üçün 1,5  əmsal tətbiq olunacaq və  ödəniləcək verginin məbləği  9*1,5= 13,50  manat olacaqdır. Digər rayon və şəhər ərazilərində isə əmsal 1 olmaqla  ödəniləcək verginin aylıq məbləği 9 manat həcmində müəyyən olunmuşdur.

Avtobuslarla  sərnişin  daşınmasında isə ödəniləcək verginin məbləği fərqli qaydada hesablanır. Belə ki, oturacaqların sayından aslı olaraq 1 ədəd oturacaq üçün 1,8 manat olmaqla yuxarıdakı qaydada bəhs edilən ərazilərə uyğun olaraq əmsallar tətbiq olunur. Qeyd edək ki, oturacaqların sayı avtomobilin  qeydiyyat  şəhadətnaməsinə  uyğun olaraq götürülür. Bu mümkün  olmadıqda isə Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən olunur. Bu da mümkün olmadıqda isə yerlərin faktiki sayı əsas olaraq götürülür.

Məsələn: Oturacaqlarının sayı 18 ədəd olan mikroavtobusunuzla Bakı şəhərində sərnişin daşınmasını həyata keçirirsiniz. Bu zaman, sizin ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq: Oturacaqların sayı 18 ədəd olduğundan sadələşdirilmiş verginin aylıq məbləği 18 x 1,8 = 32,4 manat olacaq və sizin fəaliyyətiniz Bakı şəhərində həyata keçirildiyindən ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq məbləği 32,4 x 2 = 64,8 manat olacaqdır.

Nəqliyyat vasitələri ilə  yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi məbləği yükgötürmə qabiliyyətindən aslı olaraq hər bir ton üçün 1 manat olmaqla yuxarıda qeyd olunmuş ərazilər üzrə əmsallar tətbiq olunur.

Həmçinin  avtonəqliyyat  vasitələri  ilə sərnişin və  ya  yük daşımaları həyata keçirən şəxslər üçün  ödəniləcək vergi məbləğinə   müəyyən  olunmuş  əmsal qeydiyyat  yeri üzrə yox fəaliyyətin faktiki həyata keçirildiyi yerə görə hesablanacaq.

Məsələn: Salyan şəhərində qeydiyyatda olub Bakı ərazisində taksi fəaliyyəti ilə məşğul şəxsin ödəməli olduğu sadələdirilmiş verginin aylıq məbləği 2 əmsal tətbiq olunmaqla 2*9=18 manat həcmində olacaqdır.

Fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9659
  • ₽ RUB
    0.0307