NƏQLİYYAT

Bakı aeroportunda yeni logistika qovşağı yaradılacaq
30 DEKABR 2016
374

Bakı aeroportunda yeni logistika qovşağı yaradılacaq

2016-12-30 15:41:00

2025-ci ilə qədər Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi üçün regional miqyasda fəaliyyət göstərən şirkətlərin ölkədə bazalarının yaradılması üzrə işlər görüləcək, investisiya qoyuluşlarının təşviqi məqsədilə biznes mühitinin əlverişliliyi təmin olunacaq və bu sahədə optimallaşdırılmış təklif və təşəbbüslər irəli sürüləcək. Bubarədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.

Sənədə əsasən, logistika və ticarət sahəsində güclü inkişafın təmin edilməsi yolu ilə Azərbaycan regional şirkətlər üçün logistika və ticarət mərkəzinə çevriləcək: “Eyni zamanda, logistika və ticarət sahəsində yüksək imkanlara malik müəssisələrin potensialı diqqətlə qiymətləndirilərək, özəl sektorun bu sahəyə cəlb olunması istiqamətində işlər davam etdiriləcəkdir. 2025-ci ilədək ölkə Ələt qəsəbəsində yaradılmış yeni Bakı Limanının ərazisi daxil olmaqla azad ticarət zonasının üstünlüklərindən faydalanan güclü logistika platformasına malik olacaq. Burada regional topdansatış ticarət zonasının yaradılmasında yerli və beynəlxalq ticarət tərəfdaşlarının təcrübələrindən istifadə ediləcəkdir. Qlobal dəyər zəncirindən daha çox pay əldə etmək məqsədilə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ilə beynəlxalq ticarət həcmində artıma nail olmaq üçün səy göstəriləcəkdir. Nəticədə, logistika və ticarət sahəsində səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilən sərgilərdə, o cümlədən satış- sərgilərdə yerli və xarici sahibkarlar arasında əlaqələrin qurulması üçün əlverişli mühit formalaşacaq”.

Bundan başqa, sənəddə qeyd olunur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq Hava Limanına və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etməkdən ötrü avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək: “Rayonlararası əlaqənin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri əsas prioritet olacaq, yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq. Daha sonra qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması üçün sərhədboyu ərazilərdə (məsələn, Qırmızı körpü, Astara, Xaçmaz və s.) yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq. Buna müvafiq olaraq, regionda fəaliyyət göstərən xarici şirkətlərin Bakıda baş ofislərinin yaradılmasını təşviq etmək üçün məqsədyönlü tədbirlər görüləcək, biznes fəaliyyətinin asanlaşdırılması yolu ilə bu işlərin həyata keçirilməsinə nail olunacaq”.

Texniki-iqtisadi əsaslandırmaların nəticəsinə əsasən, Bakıdan keçən ticarət həcmlərindən daha çox fayda əldə etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni logistika qovşağının (“hub”) yaradılması nəzərdən keçiriləcək, 2025-ci ilədək Azərbaycanın logistika və ticarət sahəsi, əsasən, özəl sektorun investisiyaları ilə inkişaf etdiriləcək. Bu istiqamətdə dövlət müəssisələri prioritetləşdirilməklə, özəl sektorun iştirakının artırılması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək. Prosesin daha səmərəli təşkili və ən uyğun yanaşmanın seçilməsi üçün dövlət-özəl tərəfdaşlığı və “Tik-idarə et-təhvil ver” kimi müxtəlif modellərin tətbiqi imkanları araşdırılacaq, əsas məqsəd dövlət müəssisələrinin daha mənfəətli müəssisələrə çevrilməsi olacaq. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8495
  • ₽ RUB
    0.0299