NƏQLİYYAT

Vağzallarda bilet tapılmır – REPORTAJ
29 DEKABR 2016
422

Vağzallarda bilet tapılmır – REPORTAJ

2016-12-29 14:46:00
Hər il olduğu kimi, bu il də bayram ərəfəsində Bakı Beynəlxalq Avtovağzalında sıxlıq müşahidə olunur. Avtobuslar dolub-boşalır. Amma bayram ərəfəsi olduğu üçün gələndən çox gedən var.
- Mən getmirəm. Uşaq yola salıram. Yer yoxdur.
- Şəmkirə gedirəm. Hələ bilet almamışam. Bilet tapa bilmirik. Hələ gözləyirik.
- Ağdama gedirəm. Bilet ala bilmirəm. Həmişə rahat getmişəm. Nə isə bu dəfə problem oldu.
- Ağstafaya gedirəm. Bilet almamışam. Hələ ki, gözləyirik.
-  Yolumuz Ağstafa rayonunadır. Saat yarımdır burdayam, bilet tapa bilmirəm. Kassada bilet, avtobuslarda yer yoxdur. Heç vaxt əvvəldən bilet almamışıq. İnternet üzərindən satış olduğunu bilməmişik.
Öncədən biletini alanlar rahat şəkildə yerlərini tutur və yola çıxırlar. O ki qaldı bileti kassadan almağı düşünənlərə, onlar bir qədər çətinlik çəkirlər. Bu isə təbiidir. Çünki dekabrın 31-ə qədər bütün istiqamətlərdə biletlər tam satılıb. Bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib. 
O qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzalı dekabrın 25-dən gücləndirilmiş iş rejiminə keçib. Onlayn biletlərin əksəriyyəti satılıb: “Dekabrın 29, 30, 31-i üçün biletlər satılıb. Yanvarın 1, 2, 3-ə isə bilet almaq mümkündür. Qanunsuz bilet satışı ilə əlaqədar nəzarət gücləndirilib. Bütün avtobusların yanında canlı nəzarət olacaq. Sərnişinlərdən xahiş olunur ki, bir neçə saat öncədən gəlsinlər. Narazılıq olarsa, 499 70 38 saylı qaynar xəttinə müraciət edə bilərlər”. 
Şəfa Mehmanqızı bildirib ki, hələlik onlayn şəkildə yalnız gediş biletini almaq mümkündür, lakin yaxın aylarda həm gediş, həm də dönüş biletinin alınması üçün imkan yaradılacaq.
Bakı Beynəlxalq Avtovağzalı gündəlik 7-8 min sərnişin daşıması həyata keçirirsə, bayram günlərində bu rəqəm iki dəfə artır. Sıxlığın qarşısını almaq üçün 200 ehtiyat avtobus ayrılıb. Onun sözlərinə görə, qərb istiqamətində hərəkət edən avtobuslarda daha çox sıxlıq var: “Adətən, bayram günlərində qərb zonalarına - Gəncə-Qazax istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Quba-Qusar istiqamətində də sıxlıq var. Bilet satışına görə bütün istiqamətlərə tələbat var. Əgər ehtiyac yaranarsa, ehtiyat avtobuslar xəttə buraxılacaq”. 
O ki, qaldı beynəlxalq sərnişindaşımaya, əsasən Gürcüstana gedənlərin sayı çoxdur. Lakin xüsusi sıxlıq müşahidə olunmur. Güman olunur ki, 29, 30, 31 tarixlərində ehtiyat avtobuslar xəttə buraxılacaq.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova bilet qıtlığının yaşanmadığını bildirib: “Bilet satışı davam edir. Bayram günlərində qatarlara əlavə vaqonlar qoşulacaq. Tələbata uyğun olaraq 20-30 vaqon qoşulacaq. Əlavə vaqonlara biletləri elə yerindəcə əldə edə bilərlər. Biletlərin qiymətində artım yoxdur”. 
Sərnişinlər biletləri onlayn şəkildə də əldə edə bilərlər. Sevinc Qədirova əlavə edib ki, əgər əvvəllər "Azərbaycan Dəmir Yolları" vasitəsilə 1000-1500 sərnişin daşınırdısa, bu il bu rəqəm 2000-2500-ə çatıb. Bayram günlərində isə sərnişin sayının 3000-i keçəcəyi gözlənilir. Cəmiyyət sərnişinlərin təhlükəsizliyinin qorunması üçün nəzarəti maksimum dərəcədə gücləndirib.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+28°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285