NƏQLİYYAT

Gəncədə 1200 nəfərlik yeni avtovağzal açılıb
04 NOYABR
709

Gəncədə 1200 nəfərlik yeni avtovağzal açılıb

2016-11-04 18:51:00

Gəncə şəhərində yeni avtovağzal kompleksinin açılışı olub. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər. E.Vəliyev bildirib ki, gələcəkdə kompleksdə 1 200-dən çox işçi çalışacaq: "Bu gün ilkin mərhələnin açılışıdır və kompleks 2017-ci ilin ortalarına kimi tam istifadəyə veriləcək".

Kompleksin direktoru Zaur Ələkbərov deyib ki, ümumilikdə 25 hektar ərazidə inşa edilən kompleksin nəzdində inşaat materialları və avtomobil satışı mərkəzi də fəaliyyət göstərəcək: "Avtovağzaldan Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy istiqamətinə reyslər təşkil olunacaq. Sərnişinlərə ilkin mərhələdə 15-18 nəfərlik orta tutumlu 180 avtobus xidmət göstərəcək. Yaxın zamanlarda 24 saat fəaliyyət göstərəcək kompleksdən Naxçıvan, Gürcüstan,Türkiyə, Rusiya və İrana avtobus reysləri təşkil olunacaq".

Məlumat verilib ki, binada sərnişinlər üçün gözləmə zalı, biletlərin alınması məqsədilə kassalar, xidməti otaqlar, yeməkxana və s. yerləşir. Bununla yanaşı, kompleksdə ticarət mərkəzi fəaliyyət göstərir.

Tikilidə 300 nəfərlik gözləmə zalı, ibadət otağı, tibb otağı, polis postu, ana və uşaq otağı, sərnişin və sürücülərin dincəlməsi məqsədilə müxtəlif otaqlar var. Avtobus və mikroavtobusların gözləməsi məqsədilə perronlar, onların yuyulması və avtomobillərə servis xidmətinin göstərilməsi məqsədilə xüsusi məkanlar inşa edilib.

Avtovağzal kompleksinin ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272