NƏQLİYYAT

«Sovetski»nin yolları belə olacaq – FOTOLAR
03 AVQUST
4151

«Sovetski»nin yolları belə olacaq – FOTOLAR

2016-08-03 10:39:00

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində 3 hektar ərazidə yeni  yollar salınacaq. "Azəravtoyol" ASC-dən fins.az-a verilən məlumata görə, ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçəsi əsaslı şəkildə yenidən qurulacaq.

Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev,Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.

Qeyd edək ki, əvvəllər həmin küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə səkilərin olmaması nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradıb. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək. 

Küçələr enlənəcək

Məsələn, yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Yeni layihədə küçə genişləndirilərək 15 metrə çatdırılacaq.

Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa ediləcək. 

Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1 825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2 - 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. 

Bu yollar 3 dəfə  böyüyəcək

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzağa Əliyev küçəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Əvvəl Hər iki küçənin hərəkət hissəsinin eni 4-5 metr olub. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.

Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2 165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən, yolun 2-5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7-17,5 metrədək genişləndirilə cək. Hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eninin 11-23,5 metr olması planlaşdırılır. 

Kommunikasiya sistemi də yenilənir

Yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Layihə çərçivəsində 3 laydan ibarət 25 santimetr qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34,5 min kubmetr optimal qırmadaş qarışığı, 13 min metrədək səki daşları və 24,4 min kvadratmetr səki hissəsində isə bəzək daşları istifadə ediləcəkdir. Yenidən qurulacaq küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, 220 ədəd işıq dirəyi istifadə edilməsi nəzərdə tutulur. 

Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə yol-cizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272