NƏQLİYYAT

“Bu dəyişikliklər Azərbaycanı yük daşımaq üçün cəlbedici edəcək” - EKSPERT
27 MAY
335

“Bu dəyişikliklər Azərbaycanı yük daşımaq üçün cəlbedici edəcək” - EKSPERT

2016-05-27 10:49:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik edilməsini şərh edib. Onun sözlərinə görə, bu dəyişikliklərdən sonra yaxın 3 il ərzində dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasından ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və əksinə yol vergisi və dövlət rüsumundan azad ediləcək. 

“Məsələn, İrandan keçməklə Astara dəmiryolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Müqayisə üçün deyək ki, əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmiryolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsaında müəyyənləşdirilir. Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmiryolu ilə daşıma xərcləri ilə müqayisə oluna biləcək bir həddə yaxınlaşmışdı.  Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaqdır. Bu isə Azərbaycan Dəmiryolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımaçılıqla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməklə məmnun qalacaqlar” – deyə ekspert qeyd edib.

Vüsal Qasımlıq qeyd edib ki, yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır: “Çünkü "Astara (Azərbaycan) - Astara (İran)” dəmiryolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmiryolu əlaqəsi də tam təmin ediləcəkdir. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda qeyd edilən daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi Azərbaycanı tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumu və yol vergisinin güzəşt edilməsi nəticəsində dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir olacağı halda, yükdaşımaların artması daha böyük perspektivlər vəd edir”.

Onun fikrincə,  dəyişikliklər həm də Naxçıvan ərazisində də əhəmiyyət daşıya bilər.: “Naxçıvanla Türkiyə arasında dəmiryolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmiryolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad oluna bilər”. 

Dəşişikliklərə əsasən yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı hazırlayacaq və uyğun qaydada dəmiryolu stansiyaları və gömrük məntəqələrini müəyyənləşdirəcək təkliflərlə çıxış edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272