NƏQLİYYAT

Pullu yolda tariflər yüksək olacaq - AÇIQLAMA
14 MAY
1742

Pullu yolda tariflər yüksək olacaq - AÇIQLAMA

2016-05-14 11:21:00

Yaxın zamanlarda açılması nəzərdə tutulan Ələt – Astara pullu yolunun işə başlaması həmin istiqamətdə mövcud olan hazırkı yolun işinə heç bir mənfi təsir göstərməyəcək.

ANS PRESS-ə məlumat verən “Azəravtoyol” açıq səhmar cəmiyyətinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, yeni tikilən yolla yanaşı hazırda fəaliyyət göstərən yol da işləyəcək və yerli sakinlər əsasən həmin yoldan istifadə edəcəklər:

“Yeni yol yaşayış məntəqlərinə girməyəcək, bağlı olacaq”.

“Burada məqsəd Şimal – Cənub dəhlizi üzrə daşımaların sürətini artırmaqdır. Yeni yol yaşayış məntəqlərinə girməyəcək, bağlı olacaq və kiçik yaşayış məntəqləri ilə heç bir əlaqəsi olmayacaq, yalnız rayon mərkəzlərindən və şəhərlərdən bu yola giriş imkanı olacaq ki, orda da şlaqbaum qoyulacaq. Bu isə yolda sürətin 110-120 kilometr/saat səviyyəsində saxlamağa imkan verəcək. Yaşayış məntəqələrinin içindən keçən mövcud yolda isə avtomobillər sürəti 60 km/s aşağı salmağa məcbur idilər”.

Verilən məlumatdan belə aydın olur ki, Azərbaycanın şəhərləri arasında hərəkət edən avtobus və mikroavtobuslar da böyük ehtimalla bu yolla getməyəcəklər. Çünki yaşayış məntəqələrinin içindən keçməyən avtobuslar müştərinin xeyli hissəsini itirə bilərlər. Həm də yeni yol Biləsuvardan keçmir, Salyandan birbaşa Cəlilabada istiqamətlənib. Bunun hesabına yeni yol 40 kilometr qısalıb, yeni tikilən yolun uzunluğu 173, mövcud yolun uzunluğu isə 213 kilometrdir. Hazırda avtomobillər bu yolu 4 saata gedir. Yeni yol işə düşdükdən sonra vaxtın 1,5 – 2 saata qədər enəcəyi ehtimal edilir.

Tikilməkdə olan Ələt - Astara yolu (xəritə)
Tikilməkdə olan Ələt - Astara yolu (xəritə)

Tikilməkdə olan Ələt – Astara yolu (xəritə)

Anar Nəcəflinin fikrincə, bütün bunlar Şimal – Cənub dəhlizi ilə daşımaların artmasına imkan yaradacaq. Onun sözlərinə görə, yoldan istifadə edən sürücülər isə hər kilometrə görə 3-4 qəpik ödəməli olacaqlar: “Sürücülər mövcud yolla benzinə artıq ödədiyi 10 manatın 7-8 manatını verərək  pullu yolla getməyə meylli olacaqlar. Yoldan istifadə edən sürücülərdən   hər kilometrə görə 3-4 qəpik alınması nəzərdə tutulur. Bu pulun bir qismi yolun saxlanılmasına yönəldiləcək ki, dövlət bu yükdən azad olacaq”.

Əslində, sürətli avtomobillərin mövcud yoldan pullu yola keçməsi cənub  istiqamətində qəzaların sayını da azaldacaq. Şəhərlərarası istiqamətlərdə hərəkət edən avtomobillər bu istiqamətdə demək olar ki. hər gün ölümlə nəticələnən qəzalar törədirlər. Məsələn, bir neçə həftə öncə Astara istiqamətində sürətlə hərəkət edən avtomobil Lənkəranın mərkəzi meydanlarından birində çayxanadan çıxıb evinə gedən 3 vətəndaşı vuraraq öldürmüşdü. Pullu yol işə düşdükdən sonra belə sürətli avtomobillərin yaşayış məntəqələrinə girməsi  halları, demək olar ki, sıfıra enəcək.

Amma yeni yolun tarifləri fərdi avtmobil sahibləri üçün əlverişli olmaya bilər.  Çünki 10 manatlıq benzin töküb Astaraya getmək istəyən avtomobil sahibi əlavə 8 manat yol haqqı verdikdə, bunu ikiqat soyğunçüuluq saya bilər. Hər halda, yol dövlət vəsaiti hesabına tikilir və vətəndaşlar bu imkandan daha ucuz istifadə etmək niyyətində olacaqlar.   Postsovet ölkələrində belə hallar  tez-tez müşahidə edilir. Məsələn, Rusiyanın Voronej vilayətində 2015-ci ilin fevral ayında aksiya keçirən sürücülər 89 kilometrlik pullu yola gediş haqqının təxminən  1 dollara salınmasına nail olublar.  Yəni  bu, Azərbaycannın ilk pullu yolunda tətbiq edilməsi nəzərdə tutulan tarif səviyyəsindən 3 dəfə aşağıdır.

Ödənişli Ələt - Astara yolunun tikintisi (sağda mövcud yol görünür)
Ödənişli Ələt - Astara yolunun tikintisi (sağda mövcud yol görünür)

Ödənişli Ələt – Astara yolunun tikintisi (sağda mövcud yol görünür)

Ödənişli yolların geniş yayıldığı Türkiyədə isə tariflər bundan xeyli aşağıdır. Məsələn, 188 kilometrlik  Ankara – Bolu yolu üçün 1,75 lirə, yəni 0,89 manat tələb olunur ki, bu, Azərbaycanın nəzərdə tutduğu tarifdən 9-10 dəfə aşağıdır. Nəzər almaq lazımdır ki, Ankarada benzin Bakı ilə müqayisədə 4 dəfə bahadır.  Buna görə də sürücülərin yol pulu üçün vəsait benzinə ödədiyi ilə müqayisədə çox aşağıdır.  Məhz aşağı tariflər hesabına Türkiyədə avtomobillərin, demək olar ki, əksəriyyəti pullu yollardan istifadə edir il ərzində bu yollardan əldə edilən gəlirlər 0,5 milyard dollara qədər çatır.

188 kilometrlik Ankara – Bolu yolu üçün 1,75 lirə, yəni 0,89 manat tələb olunur.

Dünyada ödənişli yollar 14-cü əsrdən tətbiq edilir. Tariflərin ucuzluğu hesabına istər ilk ödənişli yolların çəkildiyi Britaniyada, istərsə də digər Avropa ölkələrində sürücülər əsasən bu yollardan istifadə edirlər.  Sürücülərin vaxtdan səmərəli istifadə eləməsinə imkan yaradan bu sistem həm də iqtisadiyyatın bu sektorunun rentabelli işləməsinə imkan yaradır.

Azərbaycanın da ödənişli yollar sektorunu inkişaf etdirməsinin vaxtı çatıb. Bu, dövlətin yol infrastruktruna xərclədiyi vəsaitlərin səmərəli işlədilməsi ilə yanaşı, ölkədə sadə vətəndaşların üçün daha rifahlı həyat qurmağa imkan verə bilər. Rifahlı həyat yaşayan vətəndaş isə öz vətəninin gələcəyinə inanaraq onun çiçəklənməsinə səy göstərər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272