NƏQLİYYAT

Metronun yeni stansiyası belə işləyəcək - AÇIQLAMA
19 APREL
3951

Metronun yeni stansiyası belə işləyəcək - AÇIQLAMA

2016-04-19 12:18:00

Bu gün fəaliyyətə başlamış «Avtovağzal»-«Memer Əcəmi» stansiyaları arasında qatarların hərəkət intervalı 9 dəqiqə təşkil edəcək. Bu barədə fins.az-a Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Müqayisə üçün bildirək ki, «Cəfər Cabbarlı»-«Xətai» stansiyaları arasında hərəkət intervalı 8 dəqiqə təşkil edir.

Qeyd edək ki, "Avtovağzal" stansiyasının tikintisinə 2009-cu ildən başlanılıb. Artıq aprelin 1-dən "Memar Əcəmi" stansiyasında sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə metroda giriş və çıxışın yeri dəyişdirilib. Belə ki, "Memar Əcəmi" stansiyası Bakı Metropoliteninin üçüncü, "Bənövşəyi xətt"inin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2" ilə keçid stansiyasıdır. Yeni stansiyalar istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün bu gündən "Memar Əcəmi"nin giriş və çıxış yeri də dəyişdirilib.

Eləcə də bax: Bakının bu ərazilərində evlər bahalaşacaq – SƏRFƏLİ YATIRIM İMKANI

"Memar Əcəmi-2" stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılıb. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. "Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. "Memar Əcəmi-2" - "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.

«Avtovağzal» stansiyasından gələn sərnişinlər digər xətlərə pulsuz daxil ola biləcəklər. Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək. Ümumiyyətlə metronun "Bənövşəyi xətt"i 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzadılması planlaşdırılır.

"Avtovağzal" stansiyasının isə 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.

Eləcə də bax: “Avtovağzal” stansiyası işə düşdü - İLHAM ƏLİYEV AÇILIŞDA

Qeyd edək ki, yeni stansiyanın açılması nəticəsində Bakı Beynəlxalq Avtovağzalına gedənlərin əksəriyyətinin məhz metrodan istifadə edəcəyi gözlənilir. Bununla əlaqədar olaraq bu istiqamətə gedən avtobus xətlərinə yenidən baxılması da istisna deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272