MÜSAHİBƏ

Biz qarşımıza üç əsas məqsəd qoyuruq - VTB Azərbaycan-ın şöbə müdiri - MÜSAHİBƏ
03 İYUN
5165

Biz qarşımıza üç əsas məqsəd qoyuruq - VTB Azərbaycan-ın şöbə müdiri - MÜSAHİBƏ

2019-06-03 11:59:00

İldən-ilə banklar rəqəmsal bankçılığın inkişafına daha çox diqqət yetirir. Bu məqsədlə mövcud  texnologiyalar təkmilləşdirilir və eyni  zamanda, yeniləri də tətbiq olunur.

Bütün bunlar istehlakçı üçün maliyyə bazarını rahat, məhsul və xidmətləri isə daha əlçatan edir. Bu sahənin inkişafı üçün bankların hansı tədbirlər gördüyü və digər mövzular barədə VTB (Azərbaycan)-ın məsafəli xidmət şöbəsinin müdiri Rasim Xammədov Fins.az portalına müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik.

Rəqəmsalbankçılıq sürətlə inkişaf edir, ənənəvi bankçılığı sıxışdırır. Rəqəmsalbankçılıq sahəsində qarşıdakı dövrdə bizi hansı texnoloji yeniliklər gözləyir?

Rəqəmsalbankçılıq – layihə yox, yeni bir prosesdir. Bu, bank məhsulları və xidmətlərindən məsafəli şəkildə istifadə etməyə imkan yaradan, bank və müştəri münasibətlərinin dəyişdirilməsi prosesidir. Bizim bankımız rəqəmsalbankçılığı məsafəli xidmət kanalı kimi yaradır və inkişaf etdirir, müştəri buraya istənilən rahat ünsiyyət vasitəsilə müraciət edə bilər: bu, mobil qadjet, internet saytı və ya çağrı mərkəzi ola bilər. Bankımız artıq geniş çeşiddə məhsul və xidmətlərini rəqəmsal bank xidmətləri vasitəsilə təqdim edir. Məsələn, bank məhsullarının sifarişi, hesablaşma-kassa əməliyyatları, pul köçürmələri, büdcə nəzarəti və idarə edilməsi xidməti və s. Bundan əlavə, biz müştərilərə bankın filiallarına gəlmədən internet bank xidmətinə qoşulmaq imkanı veririk. Bunun üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq kifayətdir. Normativ-qanunvericilik bazası təkmilləşdirildikdən sonra müştərilər üçün əlavə bank məhsul və xidmətləri də əlçatan olacaq – məsafəli şəkildə hesab və depozitlərin açılmasından tutmuş kreditin alınmasına qədər.

Rəqəmsalbankçılıqda qarşıya hansı hədəfləri qoymusunuz?

Biz qarşımıza üç əsas məqsəd qoyuruq: təklif etdiyimiz xidmətlərin rahatlığını, sərfəliliyini və təhlükəsizliyini təmin etmək. Biz bu məqsədlərə çatmaq üçün daim çalışırıq. Hazırda biz internet banka qoşulmaq üçün aparılan əməliyyatların sayını azaldırıq. Bundan əlavə, biz istifadəçilərə bütün maliyyə əməliyyatlarını bir əlavə, yəni İnternet-bank vasitəsilə həyata keçirmək imkanı verməyə çalışırıq. Korporativ müştərilərin rahatlığı üçün İnternet/Mobil bankın 1C mühasibatlıq proqramı ilə inteqrasiyası işləri başa çatır. Müştərilərin tam təhlükəsizliyini təmin etmək üçün elə sistem yaratmağa çalışırıq ki, müştərilər biometrik məlumatları vasitəsilə (əl izi, Face ID, səs) sistemə daxil olub əməliyyat aparılmasını təsdiqləyə bilsinlər. Sərfəlilik haqqında danışarkən biz artıq müştərilərimizə məsafəli xidmət üzrə güzəştli tariflər təklif edirik, İnternet/Mobil bank xidmətləri komissiyasız təqdim olunur. Bundan əlavə, İnternet bank istifadəçiləri olan müştərilər üçün müxtəlif loyallıq proqramları üzərində işləyirik. Biz süni intellekt hesabına istifadəçilərə öz vəsaitlərini düzgün paylaşdırmağa və idarə etməyə yardım edəcək proqram hazırlayırıq. Məsələn, sizin müəyyən bir vaxt üçün hər hansı xərci planlaşdırmağa ehtiyacınız var. Müştərinin həyata keçirdiyi əməliyyatların statistik məlumatları hesabına sistem tələb olunan vəsaitin yığılması üçün xərclərin düzgün planlaşdırılmasına dair tövsiyələr verəcək. Bu, internet və mobil bank funksionalının genişləndirilməsi istiqamətində bank tərəfindən həyata keçirilən işin yalnız bir hissəsidir. Biz bundan sonra da mövcud texnologiyalarımızı təkmilləşdirmək və yenilərini tətbiq etmək niyyətindəyik.

İnternet bankçılığı və mobil bankçılıq sahəsində aktiv müştəriniz nə qədərdir? Son illər artım nisbətləri necə olub? Ümumiyyətlə, müştəriləriniz texnoloji yenilikləri necə qarşılayırlar?

2016-cı ildən, yəni İnternet/ Mobil bank işə düşdüyü vaxtdan istifadəçilərin sayı 5 dəfə artıb. Bu ondan xəbər verir ki, bizim müştərilərimiz onlara təklif olunan rəqəmsalbankçılıq xidmətlərini müsbət dəyərləndirirlər. Məhz buna görə biz müştərilərimizin fəallığını artırmaq üçün texnoloji yeniliklərintətbiqini davam etdirəcəyik.

Bankınız şirkətləri və sahibkarları özünə cəlb etmək üçün rəqəmsal mühitdə hansı yeniliklər edib?

Biz hüquqi şəxslərə geniş çeşiddə xidmətlər təklif edirik. Bura şirkət nümayəndələri tərəfindən əməkdaşlarına məvaciblərin ödənilməsi, büdcə ödənişlərinin həyata keçirilməsi, ölkə xaricinə vəsaitin köçürülməsi, korporativ kartlara köçürmələr, konvertasiya, ödəmə şablonlarının yaradılması və istifadəsi, təkrar ödəmələrin həyata keçirilməsi kimi xidmətlər daxildir. Əsas yeniliklər arasında tranzaksiyaların üçpilləli avtorizasiyasını, qeyri-rezidentlər, o cümlədən səfirlik və xarici dövlətlərin nümayəndəlikləri tərəfindən ASAN imza olmadan İnternet bank xidmətlərindən istifadə, eləcə də daha əvvəl danışdığımız 1C mühasibatlıq proqramı ilə inteqrasiyanı qeyd etmək olar.

                                                    Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257