MÜSAHİBƏ

Bu sığorta növlərinin tətbiqinə ehtiyac var - MÜSAHİBƏ
18 İYUL
871

Bu sığorta növlərinin tətbiqinə ehtiyac var - MÜSAHİBƏ

2019-07-18 13:48:00

Bildiyiniz kimi mütəmadi olaraq bir çox sahələrin məsul şəxsləri və ekspertləri ilə olan müsahibələri sizə təqdim edirik. Fins.az-ın bu dəfəki müsahibi sığorta üzrə ekspert Xəyal Məmmədxanlıdır. Ekspertlə olan müsahibəni təqdim edirik.

Əvvəlcə Azərbaycanda sığorta şirkətlərinin hazırkı vəziyyətini öyrənmək istəyirik. Son bir ildə bu sahədə dəyişiklik varmı?

Ümumiyyətlə ötən ildə də sığorta bazarındakı inkişaf dinamikası davam edib. Bazar təxminən 15 % böyüyüb. Sevindirici haldır ki, 2018-ci ildə bazarı tərk edən sığorta şirkəti olmayıb. Sadəcə büyüklər daha da böyüyüb, kiçiklərsə daha da kiçilib. Əsas biznesini icbari sığorta üzərində quran şirkətlərin zərərliliyi artıb. Sığorta haqları artsa da, sığorta ödənişlərində ciddi dəyişiklik baş verməyib. İcbari sığortaların ümumi sığorta yığımlarındakı payı azalıb, könüllü sığortaların payı isə artıb. Əvvəlki illərdə ümumiyyətlə tətbiq edilməyən sığorta növlərində artım nəzərə çarpıb. Ümumi götürəndə bazarda vəziyyət stabildir.

Azərbaycanın sığorta sektorunda mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı “Mediasiya İnstitutu”nun yaradılması irəli sürülüb. Sizcə bu institut münasibətlərdə nəyi dəyişəcək?

Artıq 2 ilə yaxındır ki, Mediasiya məsələsi müzakirə olunur. Mən əvvəlcədən də bunun tərəfdarı olmuşam. Mediasiya mexanizmi tətbiq olunarsa, məhkəməyə müraciətlərin sayı kifayət qədər azalar, müştəri məmnuniyyəti artar. Lakin mediatorların düzgün seçilməsi, onların əməyinin ödənilməsi və mediasiya mexanizminin düzgün qurulmasından çox şey asılıdır. Əgər mediator olan şəxsin sığortadan anlayışı olmayacaqsa və ya keçmişi kirli olacaqsa, o zaman mexanizm öz effektini verməyəcək.

Sizcə bazarda daha hansı sığorta növlərinə ehtiyac var?

Dünyada sığortanın 100-ə yaxın növündən effektiv istifadə edilir. Çox təəssüf olsun ki, bazar payı 2 faizdən artıq olan sığorta növlərinin sayını bizdə barmaqla saymaq olar. Dünyada ən çox istifadə edilən, lakin, bizdə unudulan ən mühüm sığorta növlərindən biri məsuliyyət sığortalarıdır. Yüklərin sığortası, inşaat risklərinin sığortası, maliyyə risklərinin sığortası və sairənin Azərbaycanda tətbiqinə ehtiyac var.

Artıq avtomobillərin icbari sığortasında onlayn satış həyata keçirilir. Sizcə gələcəkdə digər sığorta məhsullarının da onlayn satışı həyata keçirilsə effekt verərmi?

Birmənalı şəkildə bütün sığorta növləri elektronlaşmalıdır. Gələcək bizdən bunu tələb edir. Artıq biz arzu edirik ki, bütün sənədlərimiz və müqavilələrimiz elektron formada smartfonlarımızda olsun. Ən qısa zamanda Daşınmaz Əmlakın İcbari Sığortası elektronlaşdırılmalıdır. Digər sığorta növlərinin elektronlaşdırılmasına dair qanunvericilikdə olan maneələr də aradan qaldırılmaldır.

Fikirinzcə sığorta şirkətləri bankların təsirindən çıxa biliblərmi?

Bəli, tamamilə aradan qalxıb. Bank sığortaçılığının ümumi sığorta bazarındakı payı 5 dən çox deyil. Bu da onu göstərir ki, artıq sığorta bazarı müstəqil inkişafdadır. Lakin, bank sığortaçılığının ümumiyyətlə azalması, bank kreditləşmələrinin kəskin azalması heç də normal hal deyil.

 

                                                                     Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır