MÜSAHİBƏ

"Biznesmenlərimiz bu sahəyə yatırım etməyə qorxurlar" - "Ontop"-un baş meneceri
30 MART
934

"Biznesmenlərimiz bu sahəyə yatırım etməyə qorxurlar" - "Ontop"-un baş meneceri

2019-03-30 17:48:00

Gənclik Mall-da yerləşən “Ontop” Boulinq Mərkəzində qonaq olduq. Həmsöhbətlərimiz “Ontop”un Baş meneceri Murad Əhmədov və Marketinq və koorperativ satış üzrə menecer Hüseynağa Əliyev oldular. Murad Əhmədov söhbətimizə şirkət haqqında qısa məlumat verməklə başladı

“Bakı Boulinq Qrup” üç ildir fəaliyyət göstərir. Gənclik Mall-da “Ontop” adı ilə xidmət göstəririk. Əyləncə mərkəzi olmaqla yanaşı, bizim həm də idman boulinq klubumuz da var. Federasiyanın üzvüyük, beynəlxalq yarışlar qəbul edirik. Azərbaycan Kuboku, Azərbaycan Çempionatının turları kimi yarışları cəmi iki klub qəbul edir. Onlardan biri də bizik. Bakıda ən son model boulinq maşınları bizdədir. Fəaliyyətimiz gün-gündən genişlənir. Həm fərdi, həm də koorperativ müştərilərlə çalışırıq. Azərbaycanın böyük şirkətləri ilə əməkdaşlıq edirik. Kapital Bank, Ekspress Bank, tikinti şirkəti olan Melissa Group, Veysəloğlu, Alman-Azərbaycan Ticarət Palatası, SOCAR Polimer kimi şirkətlər öz tədbirlərini bizə həvale edirlər. Bütün bayramlarda, uşaqları unutmamaq şərti ilə mövzuya uyğun tədbirlər həyata keçiririk.

“Ontop”un digər boulinq mərkəzlərindən fərqi nədədir?

Məkanımızın digərlərindən fərqi ondadır ki, burada hər şey bir yerdə cəmlənib. Həm restoran-bar, həm əyləncə, həm də uşaqlar üçün oyun zonasının bir dam altında birləşdiyi ilk məkandır. Bizim üçün ən vacib olan açılışımızdan bəri müəyyən etdiyimiz standartlardan aşağı enməmək və müştəri məmnuniyyətidir.

Hüseynağa Əliyev:

Bizim zalımız heç bir fiziki məhdudiyyət tanımır. Bizdə həm 4 yaşdan yuxarı uşaqlar, həm də əlillər üçün heç bir məhdudiyyət olmadan oynamaq, əylənmək imkanı var. Koorperativ sifarişlər üçün üstünlüklərimiz var. Məsələn, restoranımız fərdi müştərilər üçün hazırlanmayan xüsusi qidaları koorperativ tədbirlərə təklif edə bilir. Yarışma təşkilatçılığını öhdəmizə götürürük.

Filiallarınız varmı? Ümumiyyətlə, bu haqda düşünürsünüzmü?

Murad Əhmədov:

Milli Parkımız olan Bulvarda böyük bir AVM tikilir. Ora ilə bağlı bir planımız var. Bundan başqa, faktiki olaraq hazırlanmış, bu yaxınlarda açılışı baş tutacaq bir məkanımız da var. Ölkəmizin gözəl guşələrindən olan Şahdağ Turizm Mərkəzində tam burada gördüyünüz formatda, təxminən 1050 kvm sahədə daha bir məkanımız fəaliyyətə başlayacaq. Orada da “Ontop” adı ilə xidmət göstərəcəyik. Şahdağdan sonra paytaxtın məşhur hotellərinin birində də fəaliyyət göstərməyi planlayırıq. Bu barədə danışıqlar gedir. Hələlik hotelin adı sirr olaraq qalsın.

Məkanın harada olacağı hansı kriteriyalarla müəyyənləşir?

Bu məsələ daha çox təkliflə bağlıdır. Hazırda öndə gedən hotellərimizin əsas kuratoru Abşeron Group Hoteldir. Onlar yerli şirkətlərlə əməkdaşlığa böyük önəm verirlər.  Onlar xaricə müraciət etməkdənsə, yerli kadrlar axtarırlar. Şahdağdakı filialımızla bağlı da onlar bizə müraciət edib, sırf yerli sərmayə hesabına yaradılmış yerli şirkətlə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Biz də məmnuniyyətlə razı olduq. Kriteriyalarımıza gəlincə, boulinq Azərbaycana əyləncə kimi gəlmişdi. Boulinqə peşəkar idman kimi münasibət son 3-4 ilə təsadüf edir. Buna görə xaricdən mütəxəssislər gətirdik. Onlar mən də daxil olmaqla yerli mütəxəssisləri öyrətdilər, bu işə ciddi yanaşmanı göstərdilər. Məhz onların müəyyən etdiyi standartlara uyğun fəaliyyət göstəririk. Tez-tez forumlarda, treninqlərdə iştirak edirik. Elə bu yaxınlarda Moskvadan gələn mütəxəssislərin treninqlərini keçdik. “Ontop” yaranandan sonra sübut etdik ki, boulinq həm idman, həm də əyləncədir. Bu sahəni get-gedə məşhurlaşdırırıq. Biz tələbələr və azyaşlılar üçün xüsusi qiymətlər təyin etmişik. Çünki gənc nəsil bu idmanla tanış olandan sonra gələcəkdə özü övladına boulinqi sevdirəcək. Yəni bu gün atdığımız addımlar əslində 15 il sonra üçün nəzərdə tutulub. Biz hazırda çalışırıq ki, 5-10 il sonra bu sahəyə gələn insanlar indi məşğul olduğumuz işlər üçün əziyyət çəkməsinlər.

Demək olar, əksər idman növlərinin əsas üstünlüyü sağlamlığa xeyirli olmasıdır. Bəs boulinqin sağlamlıq üçün hansısa müsbət tərəfləri varmı?

Belə bir fakt var, Boulinq üzrə Dünya Çempionatında iştirakçı ölkələrin sayı digər idman növlərinin dünya çempionatlarının iştirakçılarından daha çoxdur. Keçən il Dünya Çempionatı Meksikada keçirilmişdi, bu il İndoneziyada, gələn il isə ABŞ-da təşkil olunacaq. Ümumiyyətlə, son illərə nəzər yetirsək, görərik ki, bu yarışa ev sahibliyi edən ölkələr dünyanın iqtisadi cəhətdən öz sözünü deyən dövlətləridir. Təəssüflər  olsun ki, keçmiş Sovet ölkələrində bu idmana maraq son illərdə yaranıb. Azərbaycan keçmiş ittifaq ölkələri arasında boulinqə münasibətinə görə Rusiya və Ukraynadan sonra üçüncüdür. Məsələn, Gürcüstanda ölkə üzrə cəmi 6 boulinq mərkəzi var. Amma təkcə paytaxt Bakıda belə mərkəzlərin sayı 15-dən çoxdur. Məsələn, 5 il öncə Azərbaycan boulinqə görə dünya reytinqində 70-ci yerlərdə idisə, hazırda ilk 30-luğa daxil olub. Bu faktlar boulinqin dünya üzrə məşhurluq göstəriciləridir. Sağlamlığa xeyrinə gəlincə, bunu öz üzərində hiss etmək lazımdır. Boulinq fizika və həndəsənin məcmusudur. Bilyardın daha çox hesablamaya ehtiyac olan formasıdır. Bu idman insanı simmetrik olaraq inkişaf etdirir. Normalda atdığınız şarın ağırlığı 6 kiloqramdır. Bir saat ərzində hərəkət edərək bu şarla məşğul olmanın xeyrini hiss etmək lazımdır. Əgər siz bir saat yalnız sağ əllə şarı atacaqsınızsa, peşəkar idmanda məşqçi sizi həm də sol əllə oynamağa məcbur edəcək ki, bədəninizin inkişafı proporsional olsun.

Ölkəmizdə bu idmanla davamlı məşğul olanlar var?

Əlbəttə. İdmançılar hətta öz əl, barmaq ölçülərinə uyğun şarlar sifariş edirlər. Öz xüsusi ayaqqabıları, geyimləri olur. Təəssüflər olsun ki, boulinq bir az bahalı idman növüdür. Lakin onun qazandırdıqlarına görə dəyər. Çünki boulinq insana dözümlülük, səbr öyrədir.

Məşqçilər haqqında məlumat almaq istərdik.

Məşqçimiz Ramil Həmidov son 5 mövsüm üzrə Azərbaycan çempionudur. Həmçinin 5 ildə ölkəmizi Dünya Çempionatlarında və Avropa yarışlarında təmsil edir. Onun həm də MDB məkanında təlim məşq keçmə lisenziyası var. Onu da qeyd edim ki, boulinq məşqçisi olmaq üçün həmin lisenziyanı almaq mütləqdir. Ramil müəllim həmin lisenziyanı Moskvada keçdiyi təlimlərdən sonra alıb.

Azərbaycan çempionatının adı çəkildi. Maraqlıdır, orada iştirak komanda şəklindədir, ya fərdi?

Liqada komanda yox, fərdi iştirakçılar olur. Sayları 26-36 ola bilər. Həmin liqada bizim məkandan çıxmış ən azı 5 iştirakçı var. Onların iki il əvvəl bu idman növü haqqında ümumiyyətlə məlumatları yox idi. Əvvəl sadəcə bura adi müştəri kimi gəlib, sonradan boulinqlə peşəkar məşğul olmağa başlayıblar. Elə mən özüm də bura qədər boulinq haqqında məlumatlı deyildim. Hazırda Azərbaycan Çempionatında iştirak edirəm.

Bir insanın boulinqlə məşğul olması üçün ona nə lazımdır?

Ən əsas insan səbrli olmalıdır. Digər lazımlı amil barmaqlarının ölçülərinə uyğun deşilmiş şarlardır. Bu şarlar xaricdən sifarişlə gətirilir. Belə şarlar ümumi həvəskarlar üçün olan şarlardan fərqlənirlər

.

Hüseynağa Əliyev:

Əgər digər idman növlərində oyun həm də rəqibin sənin üçün açdığı imkanlardan asılıdırsa, boulinqdə əksinə, hər şey sənin əlindədir. Yəni rəqib nə qədər güclü oynasa da, səndən ondan güclü oynaya bilərsən. Doğrudur, rəqib sənə psixoloji təsir göstərə bilər. Ümumiyyətlə, boulinq həm fiziki, həm də psixoloji və əqli idman növüdür. Burada oyunlar 6 saatdan daha çox davam edə bilər. Belə gərginliyə hər kəs dözmür.

Bayaq bu idman növünün bahalı olduğunu qeyd etdiniz. Mümkünsə, gəlin dəqiqləşdirək. Bir aylıq məşqlərin, şarın, geyimin, ayaqqabının qiymətlərini açıqlaya bilərsiniz?

 Murad Əhmədov:

Bizim məkanımızda nə ayaqqabı, nə şar üçün ayrı-ayrılıqda pul ödənmir. “Ontop”a gələn hər bir müştərinin ödədiyi məbləğə bunlar paket şəklində daxil olur. Bizdə boulinqin bir saatının qiyməti 44 manatdır. Bir xətdə altı nəfər oynaya bilər. Adambaşına düşən pulu hesablasaq, elə də böyük məbləğ etmir. Çünki biz bir kafeyə, restorana gedəndə bundan daha artıq pul xərcləyirik.  

Ümumiyyətlə, bu formatda bir biznesin qurulma dəyəri nə qədərdir?

Əvvəla, bu çox xərcli biznesdir. Məsələn, bizim maşınların hamısı ABŞ istehsalıdır. Bütün detalları da yalnız ABŞ-dan gəlir. Çin istehsalı olan maşınımız və ya detalımız yoxdur. Xeyirə gəlincə, Azərbaycan şəraitində gəliri gözləniləndən daha az olan biznesdir. Uzunmüddətli sərmayə kimi yanaşıldıqda yaxşı biznesdir. Mülk kimi nəsildən-nəsilə ötürülə bilər. Bir maşın düzgün baxım və şərait varsa, 15-20 il xidmət göstərir.

Yatırılan investisiyanın geridönüşü neçə ilə mümkündür?

Bu sahəyə yatırım edən şəxs ilk növbədə idman həvəskarı olmalıdır. Çünki bura yatırılan məbləğin geridönüşü 8-10 il vaxt ala bilər. Məsələn, biz əvvəl bunu 4-6 il kimi hesablamışdıq. Lakin 2014-cü ildə milli valyutanın dəyərinin düşməsi, bununla bağlı yaranan iqtisadi vəziyyət məsələyə yenidən baxmağı tələb etdi.  Təsisçilərlə danışıb, bu dövrü 8-10 ilə kimi artırdıq.

Dünyada biznesin inkişafına dəstək daha çox səhmlərdən gəlir. Azərbaycanda səhm bazarı yenicə inkişaf edir. Bir neçə böyük şirkət istiqrazlar buraxıb. Sizin səhm buraxmaq, səhmdarları artırmaq fikriniz varmı?

İsveçrə modelində nəzər yetirək. Bu ölkədə bütün şirkətlərin səhmlərinin 50%-i bir səhmdarın, digər 50% isə oranın əməkdaşlarının olur. Əməkdaşlara səhmlərin satılması orada çalışanların öz iş yerlərinə mülkləri, evləri kimi baxmasına gətirib çıxarır. Bu mərhələyə çatmaq üçün müəyyən səviyyələr keçmək lazımdır. Öncə ölkə səviyyəli brend olmaq, daha sonra regional şirkətə çevrilmək və səhmini almaqda maraqlı olan insanlar tapmaq gərəkdir. Bu mərhələ üçün Azərbaycanda boulinq sahəsi hələ çox təzədir.

Dünya səviyyəsində hansı boulinq klublar var və onlar təxminən neçə ölkədə fəaliyyət göstərirlər?

Brend olaraq boulinq klublar yox, boulinq aksessuarları, maşınlar istehsal edib satan şirkətlər daha çox tanınır. Boulinq klublar isə onların məhsullarından istifadə edən şəxslərdir. Dünya səviyyəsində brend olaraq AMF şirkəti var ki, ilk boulinq avadanlıqları istehsal edən şirkət kimi tanınır. Bu yaxınlarda həmin şirkət ən böyük rəqiblərindən biri olan “Braunschweig” şirkətini alıb özünə birləşdirdi. “QubicaAMF” adlı məşhur bir şirkət var. Proqram təminatını təşkil edən bir italyan firmasıdır. Dünya boulinq avadanlıqlarının hamısının proqram təminatı bu şirkət tərəfindən yaradılıb.

Şirkətinizin təşkil etdiyi kampaniyalar və onların feedback-i haqqında məlumat verərdiniz.

Biz kampaniyalar təşkil edəndə feedback-i az fikirləşirik. Çünki kampaniyalar zamanı gəlir bizi elə də maraqlandırmır. Daha konkret desək, feedback olaraq gəliri yox, xoş təəssüratları fikirləşirik. Bizim açılışdan bu yana “Məktəbli tarifi” adlanan kampaniyamız var ki, bu kampaniya həmişə mövcud olacaq. Bundan başqa “Tələbə tarifi” və “Müəllim tarifi” kampaniyalarımız da daim aktivdir. Bu tarifə uyğun şəxslər xidmətlərimizdən 50 faizlik endirimlə istifadə edirlər. Düşünürük ki, məhz bu insanlar boulinqi sevdirəcək.

Hüseynağa Əliyev:

Boulinq bizə qədər, hətta ötən əsrin 90-cı illərində də Azərbaycanda var idi. Amma bu yalnız əyləncə xarakterli idi. Bizim məqsədimiz boulinqi bir idman növü, mədəniyyət kimi tanıdıb sevdirməkdir. Ona görə də məkanımızda təşkil olunan koorperativ tədbirləri turnir formasına salırıq ki, insanlarımızda rəqabət, mübarizə ruhu formalaşsın, boulinqi sevsinlər.

Müştəriləriniz daha çox kimlərdir? Ailələr, cütlüklər, dostlar, iş yoldaşları?

Murad Əhmədov:

Boulinqin təxmini yaş kateqoriyası var ki, bu da 15-45-dir. Gələnlərin kateqoriyası məkanlardan çox asılıdır. Bizim məkanı daha çox cütlüklər və ailələr seçir. “Ontop” daha çox ənənələrə sadiq olduğu üçün belə müştərilərə həm üstünlük veririk, həm də müəyyən güzəştlər edirik. Hazırda daha bir proyekt üzərində işləyirik. Bu yaxınlarda məkanımız təxminən 130-140 nəfər kimsəsiz uşağı qonaq edəcək. Onların həm qidalanması, həm əyləncəsi ilə bağlı bütün xərcləri üzərimizə götürmüşük. Artıq bir neçə müəssisə ilə danışmışıq. Düşünürük ki, bu elə bir əyləncə növüdür ki, dadına hamı baxmalıdır.

Bəs klub özü çempionat təşkil edirmi?

Bu yaxınlarda Alman-Azərbaycan Ticarət Palatasının üzvləri arasında böyük bir yarış keçirdik. Ondan əvvəl Sığortaçılar Assosiasiyası üçün oxşar çempionat təşkil etmişdik. Daha əvvəl isə Azərbaycan Banklar Assosiasiyasına daxil olan 17 bankın iştirakı ilə turnir oldu. Deyim ki, biz artıq turnir təşkilatçısı kimi peşəkarlaşmışıq.

Başqa çempionatlar gözlənilirmi?

Azərbaycanda çoxlu boulinq mərkəzi olsa da, boulinq klublarının sayı cəmi ikidir. Bununla böyük çempionatlar keçirmək çətindir. Təəssüf ki, biznesmenlərimiz bu sahəyə yatırım etməyə qorxurlar.

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264