MÜSAHİBƏ

Biz bir-birimizdən mütləq öyrənməliyik!
27 DEKABR 2018
837

Biz bir-birimizdən mütləq öyrənməliyik!

2018-12-27 13:20:00

Azərbaycanda kiçik və orta biznesin inkişafı 2019-cü il üçün iqtisadiyyatın əsas prioritetlərindən olacaq. 2018-cü ildə bu sahənin inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradıldı. 2019-cü ilin əvvəlindən isə kiçik və orta biznes üçün vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və vergi yükünün aşağı salınması gözlənilir. Dövlətin qayğısı fonunda biznes subyektləri də işin peşəkar tərəfinə diqqət ayırıb həm özlərinin, həm də ölkə iqtisadiyyatının hədəflərinə çatmasına nail ola bilər. Bu fikirləri bizimlə paylaşan Elşən Məmmədov 10 ildən artıqdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Reklam və PR sahəsindən başlayan biznes indi artıq genişlənərək kofeşoplar, turizm, yaradıcı prodakşn sahələri ilə əhatələnməkdədir. Motivasiyaedici fikirlərə sahib Elşən bəylə olan müsahibəmiz düşünürük ki, biznes fəaliyyəti ilə məşğul olan və gələcəkdə olacaq şəxslər üçün faydalı olacaq.

Bir çoxları düşünür ki, biznes fəaliyyətinə başlamaqdan ötrü müəyyən yaşa çatmaq lazımdır. İşçi kimi təcrübə qazanıb, sonradan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq lazımdır. Sizi bu cür düşünənlərdən əsas fərqləndirən cəhət nə oldu?

Tamamilə düz qeyd edirsiniz. Mən hətta deyərdim ki, bu insanların bəziləri 10-15 il işləyib kapital yığaraq biznes fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Əvəzində isə hər dövrün ortaya çıxan fürsətlərini düzgün qiymətləndirə bilmirlər. Özlərinin güclü tərəflərinə o qədər də əhəmiyyət vermirlər. Mən də bir çoxları kimi tələbəlik illərindən işləməyə başlamışam. Müxtəlif sahələrdə özümü sınamışam. Gənc olsam belə çox asanlıqla istənilən məhsulun reklamını və PR-nı apara bildiyimi görürdüm. Bu güclü tərəfimi özümdə çox tez müşahidə etdim və elə ona görə də 20 yaşımı yenicə başa vuranda reklam və PR sahəsində biznes fəaliyyəti ilə məşğul olmağa başladım. Əslində bir çox insan özünə biznes açmaq, çoxlu pul qazanmaq arzusu ilə yaşayır. Ancaq tək Azərbaycanda deyil, dünyanın hər yerində buna real nail olan çox azdır. Biznes qurmaq dərhal pul qazanmaq demək deyil, uğurlu sahibkara çevrilmək böyük zəhmət və sonadək mübarizə aparmaq, ortaya çıxan maneələri fürsət kimi görməyi tələb edir. Belə bir yolu mən də keçdim, deyərdim ki, hələ bundan sonrakı illərdə də keçəcəyəm.

Reklam sahəsində artıq 10 ildən artıqdır ki, fəaliyyət göstərirsiniz. Yeni biznes istiqamətləri üzrə də fəaliyyətlərinizin olduğunu bildirdiniz. Təcrübənizdə hansı faktorlar biznesi uzunömürlü edir?

Son illər həqiqətən də dünyada bir çox proseslərin sürəti artmaqdadır. İndi sadəcə texnologiya çox çevik inkişaf etmir. Şirkətlərin həyat dövrü də çox sürətlə hərəkət edir. Biznes ədəbiyyatlarından oxuduğumuz kimi indi hansısa bir şirkət 20-30 il yox, bəzən 3-4 il yaşayıb, sonra biznes mühitindən itir. Bu dünyanın hər yerində gedən təbii prosesdir. Çünki rəqabət mühiti, texnologiya ilə ayaqlaşa bilməmək, trendləri düzgün müəyyən etməmək uğursuzluğa gətirib çıxarır. Çox yaxşı haldır ki, Azərbaycanda reklam və marketinq sahəsində çalışan şirkətlərin sayı artmaqdadır. Xüsusən də rəqəmsal marketinq sahəsində. Ancaq digər sahələrdə də olduğu kimi reklam və marketinq sahəsində də gərək ötən illərdə asanlıqla bacardığın bir işi hər yeni il gələndə daha təkmil görəsən, icra edəsən. İnnovasiyalarla ayaqlaşasan. İnnovasiya sadəcə müasir texniki avadanlıqlarla bağlı deyil, eləcə də yeni biznes yanaşmaları, idarəetmə texnologiyalarıdır. Bizim uğurumuzun arxasında düşünürəm ki, bu faktor böyük rol oynayır. Bir neçə il qabaq neft qiymətləri düşəndə biz öncəki illərin böyük gəlirlərdən imtina edib partnyor şirkətlərimizin yanında olduq. Onların biznesləri hərəkətdə qalsın deyə, reklamların yerləşdirilməsi üzrə güzəştlər etdik, bəzən pulsuz reklamlar yerləşdirdik. Biz onlarla birgə bu yolu keçdik və onların biznesi öz inkişaf templərinə qayıtdıqda biz yenə birlikdə olduq. Mənə elə gəlir ki, mən sizin sualı praktik cavabım ilə əhatələyə bildim. Biznes 1 günlük, 1 illik deyil, bu uzunmüddətli perspektivdir. Bir gün itirəndə, digər bir gün mütləq qazanacaqsan.

 2019-cü il üzrə ölkəmizdə biznes mühitini necə qiymətləndirirsiniz?

Növbəti ilə keçməmişdən öncə bu il sahibkarlar üçün vacib olan qərarlar haqqında öz fikrimi bildirmək istəyirəm. İlk öncə reklam sahəsində çalışan şəxs kimi deyə bilərəm ki, ötən il yaradılmış Dövlət Reklam Agentliyi bu il ərzində Bakı şəhərində reklamların daha effektiv idarə edilməsi baxımından böyük və mütərəqqi işlər görüb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi kiçik və orta sahibkarlığın müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edən fəaliyyətlərinə artıq bu ildən çox aktiv şəkildə başlayıbdır. 2019-cü ildən bizi yenilənmiş Vergi Məcəlləsi gözləyir ki, bunun da biznes mühitini müsbətə çox dəyişəcəyinə inanıram. Belə bir mühitdə mənim və partnyorlarımın növbəti ildən gözləntilərimiz çoxdur. Əsas hədəflərimizdən biri bu il Bakıda açdığımız kofeşopları ölkə xaricində də açaraq fəaliyyətimizin coğrafiyasını genişləndirməkdir. Reklam sahəsində istehlakçıların davranışlarını izləyərək davamlı axtarışda olduğumuzdan növbəti ildə də yeni ərazilərdə və daha yaradıcı reklam daşıyıclarını yerləşdirməyi planlaşdırırıq. Reklamverənlərlə müxtəlif məkanlarda olan reklam daşıyıclarının auditoriyaya uyğunluğu sahəsində təcrübəmizi paylaşmaqdan ötrü konsaltinq xidmətlərini də təqdim etməyə davam edəcək.

KOB Agentliyi haqqında qeyd etdiniz. Bir sahibkar olaraq bu Agentlikdən əsas gözləntiləriniz nədir?

Mən hesab edirəm ki, biz bir-birimizdən mütləq öyrənməliyik. Kimsə deyə bilməz ki, mən hər şeyi bilirəm və heç bir köməyə ehtiyac görmürəm. Agentlikdə də maksimum çalışmalıdır ki, daha çox sayda biznes subyektlərini öz müzakirələrinə, görüşlərinə cəlb etsin. Təcrübələr, problemlər paylaşılmalıdır. Kiminsə 1 aya həll etdiyi problemi təcrübə əsasında 2-3 günə həll etmək mümkündür. Yaxşı təcrübələri paylaşmaqla biznesin dəyərli resursu olan vaxta qənaət etmiş olarıq. Mən inanıram ki, bu istiqamətdə KOB-un platforması genişlənəcək və sahibkarlar, biznes sahibləri bundan maksimum faydalanacaq. Baxmayaraq ki, Agentlik qısa müddətdir ki, yaradılıb mən şəxsən özüm bir neçə dəfə bu qurumun görüşlərində, tədbirlərində olmuşam və gələcək planlarım və bu işdə onlardan necə dəstək ala biləcəyim haqqında səlahiyyətli şəxslərlə çox faydalı müzakirələrim olubdur. Mən inanıram ki, sahibkarların dostu olmağı qarşısında məqsəd qoyan KOB daima bu və digər sahələrdə sahibkarların yanında olacaq və ölkədə biznesin inkişafına dəstək göstərəcək.

Fürsətdən istifadə edib sizi və oxuyucuları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eləcə də Yeni il münasibətilə təbrik edir və 2019-cü ildə hər birinizə bol-bol enerji arzulayıram!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254