MÜSAHİBƏ

Əlövsət Müslümov: "Startap layihələr Kovörkinq Mərkəzimizdə heç bir ödəniş etmədən ofis və avadanlıqlar ilə təmin edilir"
03 DEKABR
270

Əlövsət Müslümov: "Startap layihələr Kovörkinq Mərkəzimizdə heç bir ödəniş etmədən ofis və avadanlıqlar ilə təmin edilir"

2018-12-03 15:18:00

Fins.az Azərbaycan İqtisadiyyatının inkşafında rol oynayan  startup layihələrə  dəstək olan "Baku Business Factory"-nin direktoru Əlövsət Müslümovun müsahibəsini təqdim edir.

Sizin dəstək verdiyiniz startap layihələrinin əsas məqsədi nədir?

“Baku Business Factory”nin (BBF) dəstək göstərdiyi layihələr iqtisadiyyatın bütün sahələrini əhatə edir. Məqsədimiz yenilikçi biznes sahələrini dəstəkləməklə iqtisadiyyatımızın şaxələnməsinə töhfə vermək olduğu üçün layihələrin tərkibi, məqsədi, fəaliyyət sahəsi iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.

2018-ci il ərzində neçə startap həyata keçirilib?

Ümumilikdə, bu günə kimi 1000-dən çox layihə qəbul etmişik, onların 45-ə qədərinə öz bizneslərini qurmağa köməklik göstərmişik, hazırda isə 18 startap ilə əməkdaşlığımızı davam etdiririk.

Sizə ünvanlanan startap müraciətlərini hansı prinsiplərlə seçirsiniz? Bu seçim prosesini kim həyata keçirir?

BBF startapların diversifikasiyasını əsas prioritetlərdən biri kimi qəbul etdiyi üçün fərqli istiqamətdə olan biznes layihələrini mərkəzimizə cəlb etməyə çalışırıq. Belə ki, ticarət, xidmət, istehsal, toxuculuq, texnologiya, kənd təsərrüfatı və digər biznes növləri üzrə müxtəlif layihələrlə bağlı BBF-in Kovörkinq Mərkəzində yer rezerv etmək üçün ilk əvvəl saytımız vasitəsilə anket doldurulur və həmin anket BBF-in İdarə Heyəti tərəfindən nəzərdən keçirilir. Seçim mərhələsində biznes ideyalarının yaradıcı olmasına, insanların ehtiyaclarının qarşılanması üçün sadə həll yolları təqdim etməsinə və gəlir gətirmə özəlliyinə diqqət yetirilir. Həmçinin qəbul ediləcək layihələr üçün bir sıra kriteriyalar da mövcuddur. Bu kriteriyalara layihə üzvlərinin tək və maksimum 3 nəfərlik qruplardan ibarət olması, açıq iş sahəsində digərləri ilə birlikdə işləyə bilməsi, müştəri ehtiyaclarını qarşılayan təkfunksiyalı layihə olması, fayda-qazanc mexanizmi ilə işləməsi və ən əsası da yenilikçi layihə olması daxildir.

Sonrakı mərhələdə BBF prioritetlərə uyğun gələn layihə rəhbərlərini görüşə dəvət edir və onlar üçün əsas istiqamətlər müəyyən olunur. Layihə qəbul olunduqdan sonra isə iş planı hazırlanır və bunun əsasında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün müddət müəyyən olunur. Bununla da, layihə fəaliyyətə başlayır və bu mərhələdə BBF-in mentorları tərəfindən layihənin ehtiyacları müəyyən olunur.

 Həyata keçirdiyiniz startap layihələrinə maliyyə dəstəyi də göstərirsiniz?

Xeyr, maliyyə dəstəyi göstərilmir. Lakin qəbul olunan layihələr Kovörkinq Mərkəzimizdə heç bir ödəniş etmədən ofis və avadanlıqlar ilə təmin edilir, onlara mentorluq xidmətləri göstərilir, hüquqi ünvan verilir və daimi təlimlərlə onların biznes bilikləri artırılır. Yəni bir biznes ideyasının rəqabətcil bir biznesə çevrilməsi üçün bütün dəstəkləri göstərməyə çalışırıq. Startaplara dəstək proqramlarına maarifləndirmə və təşviqat işləri ilə yanaşı, beynəlxalq əlaqələr qurmaqla startaplarımızın xarici resurslardan yararlanmasına şərait yaratmaq da daxildir.

 BBF kiçik sahibkarlığa yaxud qeyri-neft sektorunun inkşafına dəstək üçün nəzərdə tutulan layihədir, ya xeyriyyəçilik addımıdır?

BBF kiçik sahibkarlığın və qeyri-neft sektorunun inkişafına dəstək göstərməklə ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhvə verən sosial missiyalı layihədir.

 Seçilən startaplara BBF-in dəstəyi hansı müddəti əhatə edir?

BBF-in layihələrə göstərdiyi dəstəyin müddəti müxtəlif cür ola bilər. Belə ki, bu müddət layihənin öz məqsəd və missiyasından, biznes yönümlülüyündən və layihənin dayanıqlığından asılıdır. Adətən BBF qəbul etdiyi layihələrə, ilkin olaraq 3 və 6 ay müddətində zaman ayırır. Əgər bu müddətdən sonra da layihənin dəstəyə ehtiyacı olarsa, proses davam etdirilir və müddət 1 ilə qədər uzadılır. Layihə müəyyən dayanıqlığa çatdıqda və dəstəyə ehtiyacı qalmadıqda isə BBF-dən ayrılır. Bu da BBF-in uğuru sayılır.

Dəstək olduğunuz startapların inkşaf prosesini necə izləyirsiniz? Bu prosesi izləmək üçün xüsusi mexanizminiz var?

Startapların inkşaf prosesi onlar tərəfindən təqdim olunan aylıq “proqres reportlar” vasitəsilə izlənilir. Hansı ki, bu reportlar startapların özləri tərəfindən doldurulur və cari vəziyyətini müəyyən etməyə imkan verir. Həmçinin startaplar BBF-in öz komandası tərəfindən müşahidə olunur, onlarla gündəlik görüşlər keçirilir və bu yol ilə də nəzarəti həyata keçirmək mümkün olur.

 Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255