MÜSAHİBƏ

KƏRƏM HƏSƏNOV : "Müasir idarəetmə mexanizmləri tətbiq edilir" - MÜSAHİBƏ
21 NOYABR
152

KƏRƏM HƏSƏNOV : "Müasir idarəetmə mexanizmləri tətbiq edilir" - MÜSAHİBƏ

2018-11-21 14:37:00

- Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır?

- Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak idarəçiliyi sahəsində də bir çox irəliləyişlər və müasir idarəetmə mexanizmləri tətbiq edilir. Ölkə rəhbərliyinin imzaladığı müvafiq qərərlarla fəaliyyət sahələrimiz genişlənmişdir. Bu gün komitənin faəliyyəti dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi sahələri ilə yanaşı, həmçinin  daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrının və ünvan reyestrinin aparılması, Azərbaycanda torpaqların idarə olunması kimi mühüm istiqamətləri də əhatə etməkdədir.
Təbii ki, bu sahədə də müasir dövrün tələbləri nəzərə alınmaqla müxtəlif istiqamətlərdə innovativ layihələr reallaşdırılır, əmlak idarəçiliyinin modernizasiyası sahəsində tədbirlər görülür. Bu baxımdan qeyd etmək istərdim ki, Komitə əmlak idarəçiliyi sahəsinin yeni çağırışlara uyğun inkişafını təmin etmək üçün 7 strateji hədəf müəyyən edib: 

Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi; 

Özəlləşdirmənin tam elektronlaşması və şəffaflıq; 

Əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması;

Torpaqların elektron kadastr uçotunun yaradılması və sistemli idarə edilməsi; 

Torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sisteminin tətbiqi; 

Bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası; 

Müasir kadr potensialına əsaslanan çevik idarəetmə. 

Fəaliyyətimizdə tətbiq olunacaq bütün yeniliklərin hazırlanması, sistemli şəkildə idarə edilməsi planlı olaraq reallaşdırılır.Komitə tərəfindən Dunya Bankının ekspertlərinin tövsiyələri və rəyləri nəzərə alınmaqla 5 illik Strategiya Planı hazırlanıb. Strateqiya planında komitənin bütün fəaliyyət istiqamətləri əhatə olunmaqla 5 illik inkişaf hədəfləri müəyyən edilmişdir və hər ilin sonunda növbəti il üçün qarşıda duran yeni hədəflərə uyğun olaraq yenilənir. Strategiya Planında həmçinin Strateji Yol Xəritələrində komitəyə aid nəzərdə tutulan tədbirlərə də xüsusi önəm verilir.Təsadüfi deyil ki, “özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi” Strateji Yol Xəritələrində qeyd olunmuş 4 qlobal strateji hədəfdən biri kimi müəyyən edilib.Komitə hazırda bu sahədə aidiyyəti üzrə zəruri addımlar atmaqdadır. 

Ümumiyyətlə, həm komitənin 5 illik planında, həm də Strateji Yol Xəritələrində qarşımıza qoyulan əsas məqsədlər bütün xidmət sahələrinin müasir standartlara əsasən qurulması və vətəndaş məmnunluğuna yönəldilməsi əsas hədəfdir. 

- Bu yaxınlarda Dünya Bankının “Doing Business 2019” hesabatı açıqlandı. Hesabatda Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu.Digər sahələrlə yanaşı, ölkəmiz əmlakın qeydiyyatı sahəsində də ön sıralarda qərarlaşıb.Yəqin ki, bu təsadüfi deyil?!


- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkəmiz “Doing Business 2019” hesabatında müxtəlif parametrlər üzrə, o cümlədən əmlakın qeydiyyatı sahəsində xeyli irəliləyib.Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb.Bu hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə, dünyanın və MDB-nin əksər ölkələrindən irəlidədir.

Azərbaycanda əmlakın qeydiyyatı prosesi Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir. 30 ballıq şkala illə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 17,5 bal toplayıb. Bu onu göstərir ki, ölkəmizdə bu sahədə infrastrukturun etibarlılığı, məlumatların şəffaflığı təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahib olma imkanları artırılıb. 

«Doing Business 2019» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir. 

- Vətəndaşların daha çox istifadə etdikləri dövlət xidmətləri sırasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi yer tutur. Daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir dövrün tələblərinə uyğun qurulması, bu sahədə əlçatanlığın artırılması ilə bağlı komitə hansı nəticələr əldə edib?

- Ölkəmizdə daşınmaz əmlak sahəsində olan canlanma bilavasitə qeydiyyat xidmətlərinə olan marağı artırır. Nəticədə vətəndaşlar bu sahədəki xidmətlərdən daha çox istifadə edirlər.Biz də bunu nəzərə alaraq istəyirik ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üzrə xidmətlər insanlarımız üçün tam əlçatan olsun.Əlçatanlığın təmin olunması üçün isə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilir, innovativ üsullar tətbiq olunur.Hədəfimiz vətəndaşın xidmətin məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipinin reallaşdırılmasıdır. 

Qeyd edim ki, komitənin fəaliyyəti ilə bağlı təqdim edilən elektron xidmətlərin 26-sı məhz bu sahəyə aiddir və qeyd etdiyim amala xidmət edir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsi ölkəmizdə köklü yeniləşmə dövrünə qədəm qoyub.Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb. Artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala bilirlər. Yeniliklərdən biri də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı oldu.Məsələn, əvvəllər çıxarış yalnız kağızda verilirdi.Bu gün artıq hüquq sahibinin istəyindən asılı olaraq çıxarış ona ya kağızda, ya da “Elektron hökumət” portalı vasitəsilə elektron formatda təqdim olunur.Artıq daşınmaz əmlakla bağlı təkrar bazarda bütün iqtisadi əməliyyatlar tam elektronlaşıb.Yəni yalnız notariuslarda bütün əməliyyatları həyata keçirmək mümkündür.Daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat verən “Əmlakın qeydiyyatı kalkulyatoru” vətəndaşların işini xeyli sadələşdirib.Hazırda çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər.Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır.

Ölkə başçısının təşəbbüsü ilə qeydiyyatın sadələşdirilməsi, əlçatanlığın təmin edilməsi üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib, qeydiyyat üçün tələb olunan sənədlərin arealı genişləndirilib.Belə ki, dəyişikliklər sırasında fərdi yaşayış evlərinin qeydiyyatının sadələşdirilməsi, əvvəllər qeydiyyat üçün əsas hesab edilməyən aktların, qərarların hüquqi qüvvəyə minməsi bu sahədə dinamikliyi artırıb.Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosesini optimallaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün respublikanın bütün bölgələrində sosial aksiyalar təşkil edilir. Vətəndaşlara təklif olunan səyyar xidmətlərin keyfiyyətini yüksəltmək  üçün fasiləsiz yeniliklər tətbiq edilir. Çıxarışları vətəndaşlara ünvanlarında təqdim etmək üçün “Kütləvi çıxarış” kampaniyaları keçirilir.Həmçinin bu ildən qeydiyyatı vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial layihəyə də start verilib.Daha geniş mobil ofislərin prosesə cəlb edilməsi, yeni və müasir texnologiyanın istifadəsi ilə artıq operativ xidmətlər daha böyük vətəndaş kütləsinə yönəlib.

- Torpaq münasibətlərini tənzimləməyə imkan verən, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi yaradılır. İstərdik ki, bu unikal layihə barədə şəxsən Sizin özünüzdən məlumat alaq. Və ümumiyyətlə, daşınmaz əmlakın elektron kadastr uçotu ilə bağlı proseslər bu gün hansı məcrada inkişaf etməkdədir? 

- Hazırda ölkə üzrə bütün torpaqların həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri dəqiqləşdirilir. Bu isə unikal layihələrdən olan torpaqların elektron kadastr uçotu işləri nəticəsində reallaşır.Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçotu işlərinin sayəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir.Bundan başqa regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır.Eyni zamanda torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir.Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir.Mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz olaraq istifadə etmələri aradan qaldırılır.Artıq real nəticələr də var. 27 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb. Kadastr uçot işləri yekunlaşmış 16 rayonda görülən işlərin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatı keçirilmiş, formalaşmış məlumat bazası praktiki istifadə üçün yerli icra hakimiyyətlərinin istifadəsinə verilmişdir.  Həmin bölgələrdə kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

Qeyd edim ki, Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib.Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb.

Təqribən 2.5 milyon hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.

Paralel olaraq, torpağın keyfiyyət göstəriciləri də öyrənilərək, toplanmış məlumatlar elektron bazaya daxil edilir.Yay otlaqlarının geobotanik, torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir.Torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması da ərazilərin kənd təsərrüfatı sahəsində istifadəsini səmərəli edir.

Qeyd edim ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklər vasitəsilə toplanan məlumatlardan istifadə olunur.

- Torpaq gəlir mənbəyidir. Ancaq bu mənbənin də gəlir gətirmə imkanları tükənə bilir.Torpaq istifadəçiliyi ilə bağlı dövlət nə kimi işlər görür, bu sahədə hansı metodlardan istifadə edilir?

- Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Məsələn, torpaqların məqsədli təyinatı dəyişdirilir, kənd təsərrüfatına yararlı torpaqlarda və ya mühafizə zolaqlarında əsaslı tikintilər aparılır, özbaşına hasarlamalara yol verilir.Yaşayış evi, sosial, iaşə və istirahət obyektləri tikilir, süni göllər yaradılır.Mühafizə zonaları, mühafizə zolaqları ilə bağlı hüquqi tələblərə riayət olunmur. Bilirsiniz ki, torpaqların təyinatına zidd istifadəsi həmin torpaq sahələrinin münbitliyinə və yararlılığına mənfi təsir göstərir və gələcəkdə müəyyən zərərlərə səbəb ola bilir. Belə halların olmaması üçün aparılan monitorinqlərin xüsusi rolu var. Belə monitorinqlər zamanı torpaq qanunvericiliyi ilə müəyyən olunan tələblərin pozulması faktları araşdırılır.Torpaqların təyinatına zidd istifadəsi halları aşkar olunaraq, aradan qaldırılır.Təbii ki, qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən Komitənin  torpaq müfəttişləri tərəfindən cərimələnir, bununla bağlı akt və protokollar tərtib olunur.

Tətbiq olunan bu sanksiyaların əsas məqsədi insanlara ən sadə qaydaları daha tez aşılamaqdır: onların mülkiyyətində, istifadəsində olan torpaq və ya digər əmlak yalnız və yalnız sənədlərində göstərilən təyinat üzrə istifadə olunmalıdır. Örüş üçün ayrılan torpaqda əkin, əkin üçün ayrılan torpaqda ev və ya kommersiya obyekti inşa etməyə qanunvericilik icazə vermir. 

Nəzarət tədbirlərinin effektiv aparılması üçün yeni texnologiyaların nailiyyətlərindən də istifadə edilir.Hazırda torpaqların səmərəli istifadəsinə Peyk Nəzarət Sistemi qurulur.Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişiklikləri zamanında aşkar etməyə, qeyri-qanuni tikintilərin aparılması hallarını həmin ünvana getmədən, məsafədən müəyyənləşdirməyə imkan verir və beləliklə, torpaq ehtiyatlarının daha çox işçi qüvvəsi cəlb edilmədən səmərəli mühafizəsi təmin olunur.

Qeyd edim ki, aparılan monitorinqlər nəticəsində illərdir hasarlanan, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən dövriyyəyə qaytarılır.44 rayonun ərazisində səmərəsiz istifadə olunan 300 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.Bu gün həmin torpaqlarda taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır.Beləliklə, bu torpaqlar yenidən gəlir mənbəyinə çevrilir, son nəticədə ölkədə aqrar sahənin inkişafına təkan verir.

Bundan başqa, tədbirlərin təhlillərinə əsasən aşkar olunur ki, bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə  torpaqlar ayrılır.

Qeyd edim ki, AR Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixində imzaladığı fərmana uyğun olaraq, artıq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında aparılır. İcarəyə verilən bu kateqoriyadan olan torpaqların mühafizəsi, münbitliyinin qorunması, icarədarlar tərəfindən səmərəli istifadəsi komitənin diqqət mərkəzindədir.

Bütün bu nəzarət tədbirlərində məqsəd, cənab Prezidentin də bildirdiyi kimi, torpaqların səmərəli istifadəsini, məqsədli təyinatına uyğun dövriyyəyə qaytarılmasını təmin etməkdir.

Paralel olaraq bölgələrdə görüşlər keçirilərək maarifləndirmə işləri aparılır, vətəndaşlara torpaqlardan istifadə ilə bağlı qanunvericilikdə müəyyən olunmuş qaydalar izah olunur.Vətəndaşlarımız bilməlidirlər ki, mülkiyyət münasibətləri yalnız öz əmlakına sahib çıxmaq anlamını vermir.Bu həm də başqasının, o cümlədən dövlətin əmlakına hörmətlə yanaşmağı tələb edir. 

- Əmlak idarəçiliyinin mühüm işlərindən biri yeni ünvanvermə konsepsiyasının reallaşdırılmasıdır.Ölkəmizdə ünvanvermə işi necə aparılır və bu sahədə edilən dəyişikliyin vətəndaşa verdiyi fayda nələrdir?   

- Ünvan işinin aparılması 2009-cu ildən Komitəyə həvalə olunub. Biz bu işin icrasına başlayarkən, ilk növbədə, ünvan işinin həmin illər üçün mövcud vəziyyəti təhlil olundu, xarici mütəxəssislər dəvət olundu, bizim əməkdaşlarımız xaricə ezam olundu, qabaqcıl Avropa ölkələrinin ünvan təcrübəsi öyrənildi.Bundan sonra normativ-hüquqi aktlar qəbul olundu, Ünvanvermənin Standartları, Qaydaları işləndi.

Bu işə başlarkən ilkin olaraq Ünvan Reyestri İnformasiya Sisteminin proqram təminatı hazırlandı.Bununla da ünvan tapmaq işi sadələşir.Respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub.Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvan verilməsi işi elektronlaşıb.Həmçinin, ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.

Sistem müasir dövrün tələbələrinə uyğun olaraq yaradılıb.Bu informasiya bazasında 25 mindən artıq küçə və prospektin adları yer alıb.Bəzi dağlıq ərazilərin relyefi, onların coğrafi yerləşməsi yeni ünvanvermə tələblərinə uyğun olmadığından bu sahədə çətinliklər yaranır.Ancaq həmin məkanların da Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiyası təmin ediləcəkdir. 

Yeni ünvanvermə qaydalarına əsasən, “giriş ünvanı konsepsiyası” tətbiq olunur.Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir.Bu işlər elə qurulur ki, onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən asılı olmayaraq, bütün insanlar üçün rahat olsun.

İşimizin birinci mərhələsində respublikamızın şəhər və rayon mərkəzlərində yeni qaydalara uyğun ünvantəyinetmə işini icra edirik.

İkinci mərhələdə isə, ölkəmizin ünvan tarixində ilk dəfə olaraq, kəndlərimizdə də ünvan işinin aparılmasını planlaşdırmışıq və artıq bu işə başlamışıq.

Yeni ünvan konsepsiyasının məlumatları əsasında ölkədə ilk dəfə olaraq “AzNAV” milli naviqasiya sistemi qurulmuşdur və bu da əhali tərəfindən aktiv istifadə olunmaqdadır. 

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə ölkə üzrə Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması işinə hazırlıq gedir.Torpaqların uçotu işi və ünvan məlumatları bu infrastrukturun formalaşdırılması üçün bazisdir.Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması həm dövlətin, həm də vətəndaşların məkanla bağlı bütün zəruri məlumatları operativ şəkildə vahid bir platformadan əldə etməsinə şərait yaradacaqdır.  

- Prezident dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi sahəsində müasir dövrün tələblərinə uyğun yeni mexanizmlərin və optimal üsulların tətbiqi ilə bağlı tapşırıqlar verib. Yeni yanaşmalar və baş verən müsbət dəyişikliklər barədə danışaq.

- Əmlak Məsələləri Dövlət Komitəsinin elan etdiyi əsas hədəflərdən biri dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması sahəsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqidir və bu sahədə hazırda mühüm tədbirlər reallaşdırılır. 

Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılmışdır.Müasir yanaşma və standartların tətbiq edildiyi bazanın yaradılması zamanı beynəlxalq təcrübə öyrənilib, effektiv araşdırmalar aparılıb.Bu strukturda kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır.Həmin məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır.Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq.Hazırda bazada 20-dən çox dövlət müəssisəsinin məlumatları yerləşdirilib. 
  
Azərbaycanda özəlləşdirmə prosesi artıq 23 ildir ki, uğurla davam etməkdədir. Hazırda həyata keçirilən özəlləşdirmə prosesində gözlənilən kəmiyyət dəyişiklikləri ilə yanaşı, əsaslı keyfiyyət dəyişiklikləri baş verib, proses faktiki olaraq, növbəti, daha mühüm və strateji mərhələyə qədəm qoyub. Özəlləşdirmə prosesinə yeni nəfəs gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin ortalarında imzaladığı Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 300-dən artıq yeni dövlət müəssisə və obyekti özəlləşdirməyə açıq elan edilib.Həmin müəssisələr sırasında maşınqayırma (xüsusən, neft maşınqayırması), kənd təsərrüfatı (o cümlədən, balıqçılıq), səhiyyə, təhsil, mədəniyyət, turizm, xidmət və bəzi digər sahələrə aid müəssisə və obyektlər vardır.Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur müəssisələrinin dövlətsizləşdirilməsinə daha ehtiyatlı və tarazlı yanaşma tətbiq olunduğu üçün, hazırda onların yalnız qeyri-profil təyinatlı müəssisələri özəlləşdirməyə açılıb.

Artıq genişmiqyaslı tədbirlər nəticəsində Sovet dövründən qalan müəssisələrin fəaliyyəti yenidən bərpa edilir.Özəlləşdirilmə nəticəsində belə müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, istehsal gücü artırılıb.Həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir.Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır.Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir. Bu gün də ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir.Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar.

Artıq ölkəmizdə özəlləşdirilmə sahəsində prosedurların elektron üsullarla aparılması, hərracların elektron müstəviyə keçməsi və özəlləşmə barədə onlayn  xidmətlərin təşkil edilməsi təmin edilmişdir. 

Özəlləşməni müasirləşdirən elektron hərracın tətbiqi ilə dövlət əmlakına sahib olmaq yeni format əsasında aparılır.“Məsafədən özəlləşdir” devizi ilə fəaliyyət göstərən sistem hərracları investorların kompüterlərinə, planşetlərinə gətirib. Sərmayəçilər hərrac günü heç bir yerə getmədən sifariş etdiyi əmlakı internet resursları vasitəsilə  onlayn olaraq özəlləşdirə bilərlər.      

Özəlləşdirmə prosesinin təbliği və bu zaman şəffaflığın təmin olunması məqsədilə bir sıra beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla “Özəlləşdirmə Portalı” yaradılmışdır.Özəlləşdirmə prosesinə maraq göstərən bütün investorları maraqlandıran məlumatlar həmin elektron portal vasitəsilə geniş ictimaiyyətə və işgüzar dairələrə açıqlanır. Həmçinin komitə tərəfindən hər il “Özəlləşdirmə gündəliyi” hazırlanır. Burada özəlləşdirməyə çıxarılan müəssisələrin adları, onlar barədə məlumatlar “Özəlləşdirmə portalında” yerləşdirilir. Portal istifadəçilərinin  sayı artıq 2 milyonu keçmişdir.  

Tətbiqinə başlanılmış yeniliklərdən biri də, dövlət əmlakının qiymətləndirilməsinin mövcud bazar qiymətinə uyğun həyata keçirilməsidir. Hazırda özəlləşdirilən bütün iri müəssisələr nüfuzlu məsləhətçi şirkətlər cəlb olunmaqla beynəlxalq norma və standartlara uyğun qiymətləndirilir, müsabiqələrin şərtləri və bəzi digər zəruri məlumatlar onların tövsiyələri nəzərə alınmaqla hazırlanır. Ölkəmizdə dövlət əmlakının hərraclar vasitəsi ilə özəlləşdirilməsi üsulu ilə yanaşı, digər ən çox tətbiq olunan üsullardan biri də investisiya müsabiqələri vasitəsilə özəlləşdirmədir. Bu üsulla özəlləşdirmə  əsasən orta və iri müəssisələrin, müxtəlif strateji  müəssisələrin, xidmət sahələrinin özəlləşdirilməsində tətbiq edilir.
İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirmədə alıcılardan həmin müəssisənin gələcək inkişafı ilə bağlı  İnvestisiya Proqramı tələb olunur. İnvestisiya Proqramında müəssisənin fəaliyyətinin bərpa olunması, rəqabətə davamlı ixrac qabiliyyətli məhsul istehsalı, yeni iş yerlərinin açılması kimi məsələlər öz əksini tapır. Hazırkı mərhələdə özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi qarşımızda duran vacib məqsədlərdən biri olduğu üçün, dünyada tanınan bir çox investisiya fondlarına, kommersiya və investisiya banklarına, habelə xarici şirkətlərə özəlləşdirmədə iştiraka dair dəvət məktubları göndərilmiş, onlara özəlləşdirmə prosesi haqqında məlumatlar verilmişdir. 

Özəlləşdirilmiş müəssisələrə dövlət dəstəyinin göstərilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müvafiq sorğular keçirilir, investorları narahat edən problemlər öyrənilir. Eyni zamanda həmin müəssisələrə “İnvestisiya təşviqi sənədi”nin verilməsi, daxili bazarın qorunması, marketinq tədqiqatlarının aparılması və biznes layihələrinin hazırlanması bacarıqlarının aşılanması üçün məsləhətçi şirkətlər cəlb edilir. 

- Bildiyimiz kimi bu yaxınlarda ölkəmiz Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük bir tədbirə ev sahibliyi etdi. Söhbət İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksəksəviyyəli İşçi Qrupunun 5-ci iclası, özəlləşdirmə qurumları rəhbərlərinin isə 6-cı iclasından gedir.Tədbir hansı məqsədə xidmət edirdi, gələcəkdə nə kimi faydaları olacaq?

- Bəli, qeyd etdiyiniz kimi, Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iştirakı ilə mühüm iclas keçirildi. Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Hadi Süleymanpur da iştirak etdi. Həmçinin Türkiyənin, İranın, Əfqanıstanın, Qırğızıstanın özəlləşmə qurumlarının rəhbərləri, təşkilata üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri və həmin dövlətlərin Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfirləri də tədbirin iştirakçıları və qonaqları oldular. 

Bu mötəbər tədbirin əsas məqsədi özəlləşdirmə sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsi, əməkdaşlığın inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi idi. İclas həmçinin hər bir iştirakçı üçün ölkələrimizin hazırkı inkişafı ilə bağlı daha geniş və faydalı məlumatlar əldə etməsinə imkan verdi. Eyni zamanda bu sahənin perspektivliyinin artırılması ilə bağlı beynəlxalq təcrübədə istifadə edilən müasir modellər, mexanizmlər müzakirə edildi, maraqlı ideyalar irəli sürüldü.Düşünürəm ki, tədbir yeni mərhələyə keçid edən özəlləşmə sahəsinin daha da inkişaf etməsinə, bu sahənin ölkələrin iqtisadi göstəricilərindəki yerinin dayanıqlı olmasına şərait yaradacaqdır. 

Çıxışınızda elektron xidmətlərin üstünlüklərinə toxundunuz.Son sualım budur ki, əlçatanlığın artırılması üçün xidmətlərin elektron müstəviyə keçməsi prosesi davam edəcəkmi?Ümumiyyətlə, əmlak idarəçiliyi sistemindəki xidmətlərin yeni üsulla təqdim edilməsi ilə bağlı komitənin strateji hədəfləri varmı?

Ölkəmizin inkişafının hazırkı mərhələsində innovativ həllərdən istifadə etmədən dövlət qurumlarının qarşılarına qoyulan vəzifələrin icrası mümkün deyildir.Artıq informasiya kommunikasiya texnologiyaları ən müxtəlif fəaliyyət sahələrində səmərəliliyi artıran bir alətə çevrilmişdir.Bu, həmçinin dövlət orqanlarının göstərdiyi xidmətlərə də aiddir. 

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə 39 elektron xidmət vətəndaşların istifadəsindədir.Bu elektron xidmətlərin hazırlanması yüksək səviyyəli proqram təminatına əsaslanır.Hədəf bütün xidmətlərin tam elektronlaşdırılmasıdır. 

Qeyd edim ki, yeniliklərin tətbiq edilməsi ilə yanaşı, məlumatların təhlükəsizliyi məsələləri də diqqət mərkəzindədir.Belə ki, komitənin informasiya bazasının vahid mənbədən idarə edilməsi və məlumatların emalında operativlik və təhlükəsizliyin təmin edilməsi üçün komitənin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Təbii ki, güclü kadr potensialına malik olmadan Komitənin qarşısına qoyulmuş vəzifələrin icrası, demək olar ki, mümkün olmazdı. İnnovasiyaların geniş tətbiqi isə mütərəqqi dünyagörüşlü mütəxəssislər hesabına Komitənin kadr potensialını gücləndirməyə imkan verir. 
Son illər tendensiya göstərir ki, müasir gənclər məhz innovativ qurumlarda çalışmağa can atırlar. İnnovativ layihələrimizin tanıtımı bizim komitədə və tabeli qurumlarda çalışmaq üçün müraciət edən gənclərin sayının artımına səbəb olur.Gənc kadrlar inanırlar ki, innovativ təşkilatlar onların peşəkar inkişafı üçün zəruri mühiti təmin edə bilər. İşlə bağlı müraciətlər çox olduqca isə, Komitənin seçim imkanları da artır və nəticədə daha güclü mütəxəssislər hesabına kadr potensialımızı möhkəmləndirmək imkanı qazanırıq. Beləliklə, göründüyü kimi, innovasiyaların tətbiqinin genişləndirilməsi daha mütərəqqi, yenilikçi gəncləri təşkilata cəlb edir. Belə gənclərdən ibarət güclü kadr korpusu isə daha yeni-yeni innovativ ideyaların, həllərın ortaya çıxmasına, fəaliyyətimizdə tətbiqinə səbəb olur.

Əmlak idarəçiliyi sistemindəki xidmətlərin yeni üsulla təqdim edilməsi məsələsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, fəaliyyətin daha keyfiyyətli, əlverişli yollarla yerinə yetirilməsi üçün komitə Əmlak Xidmətləri Məkanını istifadəyə verəcək. Xidmət məkanında vətəndaşın maksimum rahatlığının və xidmətlərə olan əlçatanlığının təmin edilməsi üçün göstərilən 48 xidmətin bir məkandan təqdim edilməsi planlaşdırılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256