MÜSAHİBƏ

"Mən dəli deyiləm sadəcə psixi sağlamlığım pozulub" - Nə üçün bizdə insanlar fərqli xəstəlikləri səhv salır? - MÜSAHİBƏ
13 NOYABR
570

"Mən dəli deyiləm sadəcə psixi sağlamlığım pozulub" - Nə üçün bizdə insanlar fərqli xəstəlikləri səhv salır? - MÜSAHİBƏ

2018-11-13 10:19:00

Tibb.Fins.az-ın bu dəfə ki, qonağı psixiatr Azər Bağır olub. O cəmiyyətimizdə bəzi xəstəliklərə yalnış yanaşılmanın səbəblərini izah edib. 

"Psixi sağlamlıq" deyən kimi insanların ağlına ilk gələn "dəli" ifadəsi olur? Cəmiyyətdə belə yanlış təsəvvürlərin olmasının səbəbi nədir?

Bəli haqlısınız bu təsəvvür psixiatriyanın az inkişaf etdiyi ölkələrdə mövcuddur. İnsanlar “dəli” dediklərində çox vaxt şizofreniya xəstəliyini nəzərdə tuturlar, psixiatrın ancaq şizofreniya xəstələyini müalicə etdiyini düşünürlər. Ancaq bir çox xəstəliklər var ki, bunlar da psixiatrik xəstəliklər qrupundadır. Bunlara misal olaraq ən çox müalicə elədiyimiz : depressiya, panik atak, təşviş-həyəcan pozuntusu, obsessiv kompulsiv pozuntu, cinsi dissfunksiyalar (vaginizm, erkən boşalma, sərtləşmə problemləri və s) bipolar xəstəlik, asılılıq xəstəlikləri, nevroz, şizofreniya xəstəliyi psixiatrik xəstəliklər qrupunda sinifləndirilir. Özəlliklə xalq arasında nevroz olaraq bilinən xəstəlikdən əziyyət çəkənlər depressiya, panik atak, təşviş həyəcan pozuntusu, fobiya əlamətləri olan xəstələrin nevropotoloqa müraciət etdiklərini müşahidə edirəm. Halbuki, nevropatoloqlar insult, epilepsiya, parkinson xəstəlikləri və s kimi orqanik mənşəli beyin xəstəliklərini müalicə edirlər, psixiatrik pozuntularda uzmanlaşmamışlar. Psixiatrik xəstəliklərdə də digər sahələrdə olduğu kimi düzgün diaqnoz qoyulması, müalicə taktikalarını seçməkdə çox önəmli rol oynayır. Buna görə də ABŞ və Avropa kimi inkişaf etmiş ölkələrdə insanlar psixiatra getməkdən artıq heç çəkinmirlər. Hətta psixologiyalarını gücləndirmək və ruhi sağlamlıqlarının profilaktikası üçün erkən dövrlərdə psixiatra müraciət edirlər. Bunun nəticəsində də daha yaxşı müalicəvi nəticələr alırlar.

Psixiatriya və nevrologiya sahələrinin iş ayırımını biraz öncə izah etdiniz, cəmiyyətdə digər maraq yaradan sual isə, nə zaman psixoloqa, nə zaman psixoterapevtə və zaman psixiatra müraciət etmək lazımdır?

Öncəliklə psixoloqlardan danışaq. Psixoloqlar həkim deyil. Psixiatriya fakultəsini bitirdikdən sonra klinik psixoloq olmaq üçün bir sıra təhsil pillələrindən keçmələri lazımdır. Psixoterapevtlik fəaliyyəti ilə həm psixiatr, həm də psixoloq məşğul ola bilər. Bunun üçün müəyyən bir psixoterapiya məktəbinin sertifikasiyasından keçməsi vacibdir. Ancaq bu sertifikasiyadan keçmiş olanlar psixoterapiyanı səlis şəkildə tətbiq edə bilər.Bir neçə ay öncə, Azərbaycanda Koqnitiv-Davranışçı psixoterapiyanın inkişaf etdirmək üçün mən və həmkarlarım bir sıra ilklərə imza atdıq. Psixiatrlar Tibb Universitetini bitirdikdən sonra psixiatriya sahəsində uzmanlaşırlar. Müxtəlif psixiatrik xəstəliklərin dəyərləndirilib, diaqnoz qoyulduqdan sonra xəstənin ehtiyacına görə, ya dərman müalicəsi, ya da psixoterapiyaya başlamaq qərarını məhz həkim psixiatr ala bilər.

Psixiatrik xəstəliklər daha çox hansı cinsin nümayəndələrində özünü biruzə verir: kişilər yoxsa qadınlarda? Hansı cinsin əsəbləri daha çox dözümsüzlük nümayiş etdirir?

Psixiatrik xəstəliklər nisbət olaraq daha çox qadınlarda görülür.Ancaq cəmiyyətimizdə kişilər daha ön planda olduqları üçün psixiatrik problemlər onların iş və həyat fəaliyyətlərinə maneətörədir.Bu səbəbdən kişilər qadınlara nisbətdə psixiatra daha çox müraciət edirlər. Ümumilikdə baxdığımızda nevrotik qrup xəstəliklər olan sosial fobiya, təşviş -həyəcan pozuntusu, psixolojik səbəbli ağrılar, obsessiv-kompulsiv pozuntu və bipolar xəstəlik qadınlarda kişilərdən 1,5-2 dəfə çox görülür. Şizofreniya xəstəliyi hər iki cinsdə də eyni nisbətdə rast gəlinir.

El arasında deyirlər ki, əgər sağlam adamın qəfildən beyni pozulursa, onda ona ruh toxunub, cin girib. Sizcə, həqiqətənmi insana kənar qüvvələr təsir edir?

Məncə yox. İnsanlar onlara qəribə gələn şeyləri izah edə bilmədikləri üçün inanışları gərəyi “ruh”, “cin” kimi faktorlarla əlaqələndirirlər. Təbii ki, psixiatr olaraq mənim bütün dini inanış və inancsızlıqlara hörmətim var. Ancaq elm inkişaf etdikcə əvvəllər “cin vurması”,”ruh girməsi” kimi izah edilən bir çox halların müxtəlif psixi xəstəliklərin əlamətləri olduğu sübut olundu və günümüzdə bu xəstəliklər müalicə olunmaqdadır.

Psixi pozuntular arasında depressiya daha geniş yayılıb. Ümumiyyətlə, depressiyanı xəstəlik kimi qiymətləndirmək olarmı? Qadınlar, yoxsa kişilər mi depressiyaya daha çox meyilli olur?

Doğrudur, depressiya psixiatriyanın “qripi” adlandırılır. Yəni o qədər çox rast gəlinir. Ümumiyyətlə hər on qadından biri və hər iyirmi kişidən biri həyatları boyu ən az bir dəfə depressiyaya tutulur. Yəni nisbət qadınların leyhinə 2 dəfə çoxdur. Xalq arasında bilinənin əksinə depressiya xəstəliyinin başlanması üçün böyük, üzücü, travmatik hadisənin baş verməsi şərt deyil. Depressiya beyindəki kimyasal pozulma ilə əlaqəli bir xəstəlikdir və serotonin maddəsinin azalması ilə əlaqələndirilir. Müalicəsində istifadə olunan antidepressant dərmanlarda beyindəki serotoninin miqdarını artıraraq sağaldıcı təsir göstərir. Depressiyanın növünə görə, müalicə taktikası da dəyişir. Depressiya tək epizod və ya xroniki şəkildə gedə bilər.

Psixiatr kimi intim həyatla bağlı problemlər yaşayan pasiyentləriniz və buna uyğun araşdırmalarınız olur. Azərbaycanda kişi və qadınlar arasındakı seksual-cinsi münasibətlər tibbi baxımdan nə dərəcədə düzgün qurulub?

Biraz öncə qeyd etdiyimiz kimi orqanik səbəbi olmayan cinsi disfunksiyalar psixolojik səbəblidir. Bunlardan vaginizm, sərtləşmə problemi, erkən boşalma, cinsəl istəksizlik, cinsi zəiflik kimi ən çox gördüyümüz cinsi disfunksiyalar sadalana bilər. Vaginizm xəstələrindən misal verək: yeni ailə həyatı qurmuş, cinsi təcrübəsi olmayan qadın, yaxınlarından eşitdiyi qulaqdan dolma məlumatlarla ilk cinsi əlaqənin çox ağrılı və qanaxmalı keçəcəyindən qorxduğu üçün, partnyorunu istəsə də, cinsi birləşməyə heç bir şəkildə icazə verə bilmir. Bu xəstələr çox vaxt ginekoloqa müraciət edirlər, müayinələrdə heç bir patologiya aşkarlanmır. Ancaq xəstələrə psixolojik dəstək də məsləhət edilmədiyi üçün bu cütlüklərdə müəyyən müddət sonra çarəsizliyə qapılma, depressiyaya düşmə, özünü yetərsiz hiss etmə kimi ailə içi münasibətləri dərindən pozan travmatik hallar yaşanır. Ümumiyyətlə cəmiyyətdə cinsəllik tabu (qadağan edilmiş mövzu) olduğu üçün cinsəl problemlər gizlədilir və qadın-kişi münasibətlərini pozaraq, bir-birindən soyumaya, ikili ünsiyyətlərdə qəzəb və aqressiya artışına səbəb olur, bəzən isə boşanmaya qədər gedir. Digər problem isə qohumlar tərəfindən “niyə uşağınız olmur” suallarıyla başlayır. Vaginizm xəstələrində psixolojik səbəblərdən cinsəl birləşmə mümkün olmur. Cütlüklər bunu yaxınlarına deməyə utanırlar və zamanla düzələcəyini düşünürlər, ancaq mualicə almadıqca, bu səfər ikili münasibətləri də pisləşməyə başlayır. Cinsi disfunksiyalarda psixoloji mualicələr çox yaxşı nəticə verir, yəni cinsi problemin düzəlməsi 80-90% kimi hallarda olur. Bəzi xəstələrimizdə təkcə cinsi maarifləndirmə belə çox yaxşı nəticələr verə bilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256