MÜSAHİBƏ

Elşən Məmmədov: Dövlət Reklam Agentliyinin yaradılması Azərbaycan reklam bazarına böyük təkan verdi
22 OKTYABR
1238

Elşən Məmmədov: Dövlət Reklam Agentliyinin yaradılması Azərbaycan reklam bazarına böyük təkan verdi

2018-10-22 11:33:00

Müsahibim aparcı reklam agentliyi olan "Brendmedia"-nın direktoru Elşən Məmmədovdur. 

- Elşən müəlim ilk sualım, bu gün Azərbaycan reklam bazarının necə qiymətləndirisiniz?

- Aydındır ki, reklam bazarı birbaşa ölkədəki iqtisadi vəziyyət, bizneslərin inkişaf templəri ilə bağlıdır. Bir neçə il öncə neft qiymətləri kəskin düşəndə müəyyən durğunluq müşahidə etdik. Amma xüsusən son bir il ərzində bazarda böyük canlanma var. İndi reklama və marketinqə baxış çox dəyişibdir. Düzgün qurulan kommunikasiya brendin bazardakı ömrünə birbaşa təsir edir. Reklam sadəcə hansısa kampaniyanı tələsik təbliğ edərək, qısamüddətli gəlirlərə xidmət etmək funksiyasını daşımamalıdır. Bu düşüncə tərzini artıq indi çoxsaylı müştərilərimizdən duyuruq.

Azərbaycan da qlobal reklam bazarının bir tərkib hissəsi olaraq, ölkəmizdə son bir neçə ildə əsas dəyişikliklər digitallaşma ilə bağlıdır. Bir çox şirkətlər öz reklam büdcələrinin yarısından çoxunu onlayn reklamlara yatırırlar. Bu təbii ki, bəzi ənənəvi reklamlara öz təsirini göstərir. Bizim şirkətin əsas fəaliyyəti alış-veriş mərkəzləri, biznes mərkəzləri, dəmir yolları, çöl reklamları ilə bağlı olduğundan onlayn reklamlarla rəqabəti daha çox hiss edirik. Ancaq bu bizi daha yaradıcı olmağa həvəsləndirir. Hansısa müştərimizə reklam yeri təklif edərkən müxtəlif monitorinqlər aparırıq, sorğular keçiririk, son 10 il ərzində yığdımız statistik məlumatları təhlil edərək, onlara daha optimal təkliflər edirik. Qısa desək indi reklam bazarında bəzi mənfi məqamlar qalsa belə, o daha intellektualaşıb.

 

 - Fikirinizcə, Azərbaycan hökümətinin reklam bazarının inkişafında rolu nə dərəcədədir?

- Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 iyun 2017-ci il tarixində ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalamışdır. Bu sahədə 10 ildən artıq çalışan şəxs kimi deyə bilərəm ki, bu Azərbaycanda reklam sənayesinin gələcəyi ilə bağlı ən mühüm məqamdır. Klassik iqtisadi nəzəriyyədən də bilirik ki, bazar iqtisadiyyatında belə dövlətin tənzimlənməsi çox mühümdür. Bunun ixtisaslaşmış qurum tərəfindən edilməsi indiyə qədər olan bir çox qaranlıq məqamların aradan qalxmasına çox dəstək olmaqdadır. İndi bu sahədə çalışan agentliklər, şirkətlər artıq vahid bir qurum ilə birgə çalışır. Deyə bilərəm ki, geridə qalan 1 ildən artıq müddətdən onların bir çox dəstəyini görmüşük. Biznesdə indi çeviklik çox vacibdir. Ən böyük dəstək də məhz müraciətlərimizlə bağlı qərarların verilməsi çevikliyi ilə bağlıdır.

Digər bir məqam Agentliyin yaradılmasının reklam sahəsində yenicə fəaliyyətə başlamış, gənc reklam şirkətlər üçün faydasıdır. Agentliyin peşəkar əməkdaşları yeni reklam şirkətlərinin peşəkar fəaliyyətinə dəstək olmaqda çox maraqlıdırlar

 - Bazar kim tərəfindən və necə idarə olunur?

- Yuxarıda dövlət tənzimlənməsinin Dövlət Reklam Agentliyi tərəfindən tənzimləndiyini qeyd etdik. Agentliyin ölkə Prezidenti tərəfindən təsdiqlənmiş Nizamnaməsində onun fəaliyyətinin məqsədi, vəzifə və hüquqları aydın şəkildə qeyd edilmişdir. Məsələn, Agentlik açıq məkanda reklam fəaliyyətinə nəzarət edir, o cümlədən açıq məkanda yerləşdirilmiş reklam daşıyıcılarının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər verir, bu, nəticə vermədikdə, bu cür reklam daşıyıcılarının sökülməsi barədə qərar qəbul edir, reklamın yerləşdirilməsinə verilmiş icazəyə münasibətdə isə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirlər görür.

Təbii ki, bazarın özünün də digər tənzimləyici mexanizmləri var ki, bu da birbaşa biznes mühiti, biznes ehtiyacları, alıcı davranışları ilə bağlıdır. Əgər 15-20 il öncə Azərbaycanda əsasən qlobal brendlərin reklamlarını görərdiksə, indi çoxsaylı yerli brendlər aktiv şəkildə reklamverənlərə çevriliblər. Yeni reklam agentlikləri yaradılıb. Belə bir mühitdə tələb-təklif sadəcə eksklüzivliklə bağlı olmur, təkliflərin unikallığı, keyfiyyəti, qiyməti, uyğunluğu qərarların verilməsinə təkan verir. Bu da zaman-zaman bazarın özünü tənzimlənməsinə şərait yaradır.

- Reklam və marketinq sahəsində əsas nəzərəçarpan tendensiyalar hansılardı?

- Qeyd etdiyim kimi şirkətlərin reklam büdcələrində onlayn reklam xərcləri daha böyük proporsiyaya sahib olmağa başlayıbdır. Ancaq bu o demək deyil ki, ənənəvi reklamlar gündəmdən düşübdür. Əksinə onlayn reklam bazarı ilə rəqabətdə qalib gəlmək üçün daha yaradıcı reklam təklifləri formalaşır. İndi agentliklər müştərilərin öz reklam büdcəsini daha rasional idarə etmək hətta çöl reklamlarında, alış-veriş mərkəzlərindəki reklamlarda hədəf kütləsinə uyğun reklam materialları yerləşdirmək üçün onlarla daha sıx işləməyə başlayıblar.

Gəlin etiraf edək ki, bir neçə il öncəyə qədər Azərbaycanda peşəkar marketoloqlar və reklam mütəxəssisləri çox az idi. İndi xaricdə təhsil almış, heç marketinq təhsili almadan belə uzun müddət xarici şirkətlərdə işləmiş, yerli şirkətlərdə çoxsaylı uğurlu keysləri qurmuş bir xeyli peşəkar marketinq və reklam menecerləri var ki, bu işə daha yaradıcı və hədəfli yanaşırlar. Ona görə də biz indi daha çox gözoxşayan reklamlar görürük. Xüsusən də videoreklamlarda bunu qeyd etmək istərdim. Təbii ki, ən böyük tendensiya influsenlər, bloqerlələ edilən reklam kampaniyalarıdır ki, bu barədə çox geniş danışmaq olar. Əsas olan odur ki, bazar indi çox dinamikdir.

- Bu yaxınlarda dünyaca məhşur bredlərdən biri "Hugo Boss" Bakıda reklam çarxı çəkib, daha dəqiq desəl Heydər Əliyev adına Mərkəzində. Necə fikirləşirsiz, Azərbaycanın tanıması üçün daha hansı işləri görmək olar və bu ölkə iqtisadiyatına hansı gəlirlər gətirə bilər?

Əlbəttə, Heydər Əliyev Mərkəzi çox qısa zaman ərzində gözəl Bakımızın, Azərbaycanın vacib simvollarından birinə çevrilə bilib. Düşünürəm ki, böyük zövq sahiblərinin reklam roliki üçün bu mərkəzi seçməkləri təsadüfi deyil. Doğurdan da bura çox cazibədar bir görünüşə malikdir və heç də dünyada turistlər tərəfindən ziyarət edilən başlıca turizm atraksionlarından geri qalmır. Cəlbedicidir. Maraq və görmək həvəsi oyadır.

Müxtəlif vaxtlarda filmlərdə, musiqi kliplərində, yaxud da elə reklamlarda coğrafi məkanların reklamı birbaşa və ya dolayısı yolla yerləşdirilir. 90 % izləyici bunun reklam olduğunu birbaşa düşünmür, hiss etmir, etsə belə onun üçün əgər bu məkan maraqlıdırsa, mütləq internetdə onu axtarıb nə vaxtsa ora getmək haqqında düşünür. Dostlarımından biri ‘Before I go to Sleep’ filmində Londona çox gözəl mənzərəsi olan parkı görüb, internetdə Grinviç parkı olduğunu öyrənib növbəti səfərində oranı ziyarət etmişdi. Halbuki bundan öncə Londonda bir neçə dəfə olmuşdu, ancaq bura getmək heç ağlından keçməmişdi.

Son zamanlar Türkiyənin ən məşhur dj-lərindən biri olan Mahmut Orhanın kliplərində biz Türkiyənin müxtəlif məkanlarının görüntülərini görə bilərik. Konkret olaraq ‘Feel’ mahnısına çəkilmiş klipi İstanbulun demək olar ki, bütün koloritlərini çox mükəmməl şəkildə göstərir. Klipin sadəcə Youtube-da 300 milyondan çox baxışı var. Məgər İstanbulu dünyada bundan öncə tanımırdılar? Əlbəttə tanıyırdılar, sadəcə bu klip buranı yenidən ziyarət etməyəistək formalaşdırır. Düşünürəm ki, biz xarici TV, film produserləri bu sahədə əməkdaşlıq etməliyik. Discovery, NatGeo kanalları Azərbaycandan müxtəlif vaxtlarda çox maraqlı verilişlər hazırlayıblar.

Dövlət səviyyəsində də bu istiqamətdə gedilən işləri qeyd etmək çox vacibdir. Son illər Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlər Azərbaycan adını çoxlarına eşitdirib. Gələn il futbol üzrə Avropa Liqasının finalının Bakıda keçirilməsi, eləcə də 2020-ci ilə futbol üzrə Avropa Çempionatının bir neçə oyunun Bakıda keçirilməsi bizə Azərbaycanın tanıtımı baxımında əla fürsətlər olacaq. Düşünürəm ki, bundan istifadə edib xüsusən də onlayn kampaniyalar edərək, Azərbaycanı çox uğurla təbliğ edə bilərik. Düşünürəm ki, bu baxımdan Dövlət Reklam Agentliyinin də çox böyük töhvəsi ola bilər. Biz də daima bu işdə dövlətimizə dəstək olmaq hazırıq.

Baş Redaktor: Vüqar Bağırov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258