MÜSAHİBƏ

Ekoloji təsərrüfatçılıq davamlı inkişafın əsas modellərindən biridir
17 OKTYABR
166

Ekoloji təsərrüfatçılıq davamlı inkişafın əsas modellərindən biridir

2018-10-17 10:26:00

koloji kənd təsərrüfatı modeli XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada başlayıb. Əsas məqsədi, istehsalda ekoloji təhlükəsiz ərzaq məhsulu prinsipini əsas tutaraq həm iqtisadi, həm də sosial baxımdan tarazlaşdırılmış davamlı təsərrüfatçılıq missiyasını yerinə yetirməkdir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin yüksəldilməsi və qorunması ardıcıl şəkildə həyata keçirilərək, kənd təsərrüfatının bütün sferalarında keyfiyyət göstəriciləri daim yaxşılaşdırılmalıdır.

Bu barədə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadənin danışıb.

Onun sözlərinə görə, ekoloji təsərrüfatçılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri–kimyəvi üsulların tətbiqinə və məhsul artımı üçün tətbiq olunan gübrələrin, herbisidlərin, boy stimulyatorlarının və digər qarışıqların azaldılması prinsiplərinə əsaslanır. Avropa ölkələrində bu termin sinonim olaraq üzvi, bioloji, ekoloji kimi işlədilir.

Ekoloji kənd təsərrüfatının əsas prinsipləri və kənd təsərrüfatı sistemləri barədə məlumat verən Rəşad Vahabzadə deyib: “Kənd təsərrüfatında əsas məqsəd bitkidən maksimum məhsul əldə etməkdir. Bu, çox sadə təsəvvürə əsaslanır: bitkinin məhsuldarlığı gübrələmə nəticəsində çoxalır, zərərverici, xəstəlik və alaqların mənfi təsiri nəticəsində isə azalır. Buna görə də onlara qarşı mübarizə tədbirləri də aparılmalıdır. Ekoloji kənd təsərrüfatı təsərrüfatçılığın kompleks formasıdır və məqsədlərindən biri yüksək keyfiyyətli məhsullar istehsal etmək, torpaq münbitliyini, suyun təmizliyini və zəngin biomüxtəlifliyi qoruyub saxlamaqdır. Ekoloji təsərrüfatçılığın digər məqsədi isə ekoloji prinsip və proseslərdən sistemli şəkildə istifadəni təmin etməkdir. Ekoloji kənd təsərrüfatı davamlı olmağı tələb edir və buna görə davamlılıq prinsipi çox əhəmiyyətli bir amildir. Kənd təsərrüfatı baxımından davamlılıq insanların ehtiyaclarını ödəmək üçün kənd təsərrüfatı resurslarından düzgün istifadə olunması, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların qorunması deməkdir”.

“Ekoloji kənd təsərrüfatında davamlılıq həm də ekoloji, iqtisadi və sosial aspektləri özündə cəmləşdirən təbiət qanunlarına əsaslanmalıdır”, - deyən Rəşad Vahabzadə bildirib ki, bu üç tələbat ödənildikdə, kənd təsərrüfatı sistemi davamlı adlandırıla bilər. Bütün bunlara əsasən belə qənaətə gəlmək olar ki, ekoloji təsərrüfatçılıq davamlı inkişafın əsas modellərindən biridir. Davamlı inkişaf öz təbii əsaslarını dağıtmayan və cəmiyyətin daimi tərəqqisini təmin edən sabit sosial–iqtisadi inkişafdır. Davamlı inkişafa nail olmaq üçün dayanıqlı təsərrüfatların yaranması lazımdır. Dayanıqlı təsərrüfat sabit inkişaf edən həyat qabiliyyətli müəssisədir.

Belə təsərrüfatların səmərəliliyini təmin etmək üçün bu prinsiplərə riayət olunmalıdır: bioloji qanunauyğunluqlar düzgün nəzərə alınmalı, təbii imkanlara qayğı ilə yanaşılmalı, təsərrüfat maksimum dərəcədə müstəqil olmalı, bazara irihəcmli məhsul çıxara bilməsi üçün maddi-texniki imkanlarını birləşdirirək kooperasiyaya meyil göstərməli və formalaşmalıdır. Beynəlxalq təcrübədə ekofermerlərə dayanıqlığı təmin etmək üçün təsərrüfatdaxili, sosial və təbiət amillərini düzgün qiymətləndirməyi məsləhət görürlər. Davamlı inkişaf, aqro ekosistemlərin qorunması və inkişafı üçün təsərrüfat ümumi və praktiki prinsipləri daim diqqətdə saxlamalıdır. Dünya təcrübəsində elə təsərrüfat sistemləri mövcuddur ki, ekoloji kənd təsərrüfatı standartlarının yalnız müəyyən tələblərinə cavab verirlər və bu sistemlərin ciddi standartları olmasa da, özlərinə məxsus səciyyəvi xüsusiyyətləri mövcuddur.

“Ekoloji kənd təsərrüfatının formalaşdırılması üçün hansı tədbirlər görülməlidir?” sualına cavabında isə Abşeron Aqrokimya Laboratoriyasının müdiri belə cavab verib: “Ekoloji kənd təsərrüfatının istehsalının inkişafı ücün aşağıda adları göstərilən amillərdən istifadə etmək daha məqsədəuyğundur. Birincisi, kooperasiya və birliklərin yaradılmasıdır. Bu, fermerlərin proqnozlaşdırmaya uyğun olaraq məhsul istehsal etməsinə, maliyyə resurslarının idarə olunmasına, bazarda dayanıqlı inkişafına və keyfiyyətli təhlükəsiz məhsul istehsalına zəmin yaradacaq. İkincisi, təsərrüfat istehsalının siyasi tanınması və eyniləşdirilmiş istehsalat standartlarının formalaşdırılmasıdır. Bu formatda ekoloji kənd təsərrüfatında istehsalatın inkişafını təmin etmək üçün məhsulların sertifikatlaşdırılması mütləq şərtdir. Beynəlxalq standartların tətbiq olunması ixracın stimullaşdırılmasında böyük rol oynayacaq. Üçüncüsü, fermer təsərrüfatlarına maliyyə yardımının ayrılmasıdır. Kooperasiyaların yaranmasında maliyyə təşviqi fermerlərə böyük dəstək olacaq. Sahibkarlıq subyektlərinə kreditlərin verilməsi ilə onlar öz maliyyə resurslarını asanlıqla formalaşdırma imkanı əldə etmiş olurlar. Dördüncüsü, fermer ittifaqları ilə əməkdaşlığın qurulması lazımdır. Bu məsələ ona görə vacibdir ki, ittifaq fermerləri təmsil edir və ekoloji kənd təsərrüfatına keçid üçün namizədlərin potensial mənbəyini təşkil edir. Ekoloji və qeyri-ekoloji kənd təsərrüfatı üzrə xidmətlər arasında əlaqələr qurulur. Nəhayət, beşincisi, münasib bazarların inkişafıdır. Etibarlı statistik məlumatlar əsasında bazarların inkişaf dinamikasının təmin olunması məqsədilə marketinq strategiyaları hazırlanmalıdır. Respublikadaxili və xarici bazarların araşdırılması, müştəri bazasının işlənməsi, bazarın tələblərinə uyğun məhsulun istehsalı sahələrinin aşkar olunması vacib şərtlərdən biridir”.

Rəşad Vahabzadə ekoloji təsərrüfatçılıqda torpaq istifadəçiliyinin idarə olunmasında nələrə diqqət yetirilməli olmasından da danışıb. Qeyd edib ki, bitkinin normal inkişafı və məhsul istehsalı üçün əhəmiyyət kəsb edən amillərin əksəriyyəti torpaqla bağlıdır. Mühit amillərinin optimallaşdırılması ilə əlaqədar olaraq kompleks aqrotexniki proseslərin aparılması vacibdir. Məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar müxtəlif üsullar var . Bu üsulları mahiyyət baxımından fiziki, aqrokimyəvi, biokimyəvi, meliorativ və bioloji növlərə bölmək olar.

Torpaq mülkiyyətçilərinə əkin ilə əlaqədar tövsiyələr verən Abşeron Aqrokimya Laboratoriyasının müdiri deyib: “İlk növbədə fermerlərə torpaq, su, bitki analizlərinin həyata keçirilməsini daim diqqətdə saxlamalarını tövsiyə edirəm. Əkindən qabaq torpağın ümumi analizi aparılmalı, kartoqramlar hazırlanmalıdır. Bu, fermerlərə torpağın yararlılıq əmsalının vahid informasiya bazasının formalaşdırılmasına zəmin yaradacaq. Vaxtında aparılmış müayinə sonda keyfiyyətli təhlükəsiz bol məhsul əldə etmək deməkdir”.

azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258