MÜSAHİBƏ

“Kreditlərimizə böyük təlabat var, daha çox pula ehtiyacımız olacaq” – MÜSAHİBƏ
12 OKTYABR
535

“Kreditlərimizə böyük təlabat var, daha çox pula ehtiyacımız olacaq” – MÜSAHİBƏ

2018-10-12 16:57:00

“Embafinans” MMC-nin İdarə Heyətinin sədri Samir İsgəndərovun “Marja”ya müsahibəsini təqdim edirik. Xəbər verdiymiz kimi, Bank olmayan kredit təşkilatı “Embafinans” MMC ilk dəfə istiqraz emissiya edib. 4 milyon manatlıq buraxılış hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd faizli təminatsız, sənədsiz adlı istiqrazdan ibarətdir. Bir il tədavül müddəti olan istiqrazlar üzrə illik faiz dərəcəsi 10,5% təşkil edir. İstiqrazların investorlara təklifi (yerləşdirilməsi) iki tranşla nəzərdə tutulduğundan ilk 2 milyon manatlıq tranş Oktyabrın 8-də yerləşdirilib. Mövzu barədə daha ətraflı məlumatlar almaq üçün BOKT “Embafinans” MMC-nin İdarə Heyətinin sədri Samir İsgəndərova müraciət etdik.

Samir bəy, bazarda nə dəyişib ki, “Embafinans” istiqraz vasitəsilə vəsait cəlb etməyə qərar verdi?

- “Embafinans” MMC mebel və məişət avadanlıqları bazarında lider olan ticarət şəbəkələrinin mallarının kredilə alışını maliyyələşdirir.  Biz daha çox 1 ilədək qısamüddətli kreditlər ayırırıq. Hazırda “Embawood”,  “İdeal Dizayn”, “Madeyra” ilə bərabər  “Smarton”, “İntegral” kimi mağazalar şəbəkələri ilə, tibbi avadanlıqların satışı ilə məşğul olan “AzEstetik” şirkətilə  əməkdaşlıq edirik. Bu mağazalarda malların kreditlə satışı “Embafinans” vasitəsilə də aparılır. Bunlardan başqa, 10-dək xırda partnyorlarımız da var. Biz bu partnyorların sayını artırmağı nəzərdə tuturuq.

2015-ci ildəki devalvasiyalardan sonra insanlar alışlarını təxirə salmışdılar. 2018-ci ildə bazar daha da stabitləşib. Eyni zamanda, əhalinin alıcılıq qabiliyyəti yüksəlib. Hazırda mebel və məişət avadanlıqlarına təlabatın artdığını müşahidə edirik. Müvafiq olaraq kreditlərimizə böyük təlabat var. Bu səbəbdən təşkilatımızın kredit ayırmaq üçün əlavə vəsaitə ehtiyacı yarandığından istiqraz buraxaraq pul cəlb etmək qərarına gəldik.

İstiqrazlar üzrə faiz dərəcəsi illik 10.5% müəyyən edilib. Təminatsız və “Embafinans”ın ilk istiqraz buraxşılışı olduğunu nəzərə alsaq, bu faiz daha da yüksək, məsələn, 12-13% də ola bilərdi. Siz nəyə əmin olaraq daha aşağı faiz təklif etdiniz?

-Maliyyə göstəricilərimiz çox yaxşıdır. “Embafinans” son 3 ili mənfəətlə fəaliyyət göstərib. Müştərilərə verdiyimiz kireditlər və müvafiq olaraq təşkilatımızın gəlirləri artır. Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 4,5%-dir. “Embafinans” son 5 il ərzində 175 milyon manat kredit yerləşdirmişdir. Bu gün qalıq portfel isə təxminən 19 milyon manatdır.  Peşəkar komandanın zəhməti nəticəsində “Embafinans”ın yüksək imici formalaşıb və güvənilən təşkilatlardan birinə çevrilmişdir. Qısası, təşkilatımızın maliyyə vəziyyəti və imici imkan verir ki, aşağı faizlər ilə vəsait cəlb edək.  Biz yaxşı maliyyə göstəricilərimizə əmin olaraq istiqraz üzrə faiz dərəcəsini nisbətən aşağı müəyyən etdik. 

Nə üçün həmişə olduğu kimi banklardan vəsait cəlb etmədiniz? Banklar ilə işləmək sərfəsizdir?

- Banklarda faizlər kapital bazarları ilə müqayisədə kəskin yox, təxminən 1-2% yüksəkdir.  İstiqraz buraxmağımız, banklardan vəsait cəlb etməyin sərf etməməsilə bağlı deyil. Biz hazırda 3 bank ilə əməkdaşlıq edirik və həmin banklardan xüsusi kredit xətləri ilə sərfəli vəsait cəlb edə bilirk. Hesab edirik ki, banklar ilə kifayətlənmək olmaz.  Məqsədimiz  “Embafinans”ı qiymətli kağızlar bazarında sınamaq, tanıtmaq və resurs mənbələrimizi şaxələndirməkdir. Artıq Oktyabr ayının 8-də 2 milyon manatlıq ilk tranş tam həcmdə yerləşdirilib. Bu o deməkdir ki, investorlar “Embafinans”a güvənirlər və istiqrazlarına yatırım edirlər.

Maraq necə idi? İlk hərrac ikinci tranşın da uğurla yerləşdiriləcəyinə əsas verir?

- İstiqrazların emissiyasını “AzFinance İnvestisiya Şirkəti” QSC ilə əməkdaşlıq edərək həyata keçirmişik. Yerləşdirmə üzrə anderrayter “AzFinance”dır. Bu şirkətdən əldə etdiyimiz məlumata görə, istiqrazları kiçik hissələr ilə əldə etmək istəyənlər çox olub. Hərraca isə bir investor qatıldı və bütün istiqrazları əldə etdi.

Əlavə edim ki, biz qiymətli kağızlar bazarından vəsait cəlb etməyə “AzFinance” şirkəti ilə başlamışıq. Artıq digər investisiya şirkətləri də bizimlə əməkdaşlıq etməyə maraq göstərirlər. Həmin şirkətlər ilə görüşərək əlavə istiqraz buraxılışı ssenarilərini müzakirə etmişik.

İkinci tranşı nə vaxt yerləşdirməyi planlaşdırırsınız?

-İkinci tranşın 2018-ci ilin sonunadək yerləşdirməyi nəzərdə tuturuq. Əminik ki, ikinci tranşın yerləşdirilməsi də uğurlu olacaqdır.

Hər iki tranşda cəlb ediləcək 4 milyon manat “Embafinans”a mebel və məişət texnikalarının kreditlə alınmasını maliyyələşdirmək üçün hansı müddətə kifayət edəcəkdir?

-4 milyon manat “Embafinans”ın təxminən 1 aylıq satışına kifayət edəcəkdir. İlk tranşda cəlb etdiyimiz 2 milyon manat bizim 15-16 günlük satışımızdır.

Belə çıxır sizə daha çox vəsait lazım olacaqdır?

-Bəli. Biz səhmdarlarımızdan böyümək, bazarda mövqeyimizi qoruyub daha da artırmaq barədə tapşırıqlar almışıq. Hazırda yeni partnyorların cəlb edilməsi üçün danışıqlar aparırıq. Satışlarımız yüksək templə artır. Yaxın dövrdə daha kəskin artımların olacağını da gözləyirik.

Bu il müştərilərə ayırdığınız yeni kreditlərin cəmi məbləği nə qədərdir?

-2018-ci ildə ümumi satış planımız 34 milyon manatdır. Qaytarılan kreditləri çıxsaq, qalıq kredit portfelinin 21 milyon manata çatdırmağı planlaşdırırq. Artıq 30 Sentyabr 2018-ci il tarixində müştərilərə verdiyimiz yeni kreditlər 24 milyon 574 min manata çatıb.

2019-cu ildə əlavə vəsaitin cəlb edilməsi üzrə hansı planlarınız mövcuddur?

-2019-cu ildə əməkdaşlıq etdiyimiz banklardan aldığımız sərfəli xətlər vasitəsilə əlavə vəsaitlər cəlb etməyi və yeni istiqraz buraxılışlarını planlaşdırırıq.

2014-cü ildə “Embafinans” tarixinin ən böyük xalis mənfəətini əldə etmişdir. 2018-ci ildə 2014-cü ildəki xalis mənfəəti geridə qoya biləcəyinizi gözləyirsiniz?

-Qeyd etdiyiniz kimi, “Embafinans” tarixində ən yüksək məbləğdə xalis mənfəəti 1 milyon 315  min manat olmaqla 2014-cü ildə əldə etmişdir. Biz 2018-ci ildə rekordu yeniləyəcəyik. Cari ilin 9 ayının nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə “Embafinans”ın xalis mənfəəti 5 dəfəyə yaxın artaraq 1 milyon 430 min manat təşkil edib. Artıq 2014-cü ilin mənfəətini aşmışıq.  İlin sonunadək xalis mənfəəti 2 milyon manata çatdırmağı nəzərdə tuturuq.

Yeni məhsulların təqdim edilməsi nəzərdə tutulur?

- “Embafinans” əsasən mebel və məişət avadanlıqlarının kreditlə alışının maliyyələşdirilməsinə fokuslanmışdır. Bu ildən məhsul çeşidimizi artırmağa da qərar vermişik. Hazırda mikro və kiçik biznes krediti məhsulu üzərində işləyirik. “Embafinans”da orta kredit məbləğinin təxminən 1000 manat olduğunu nəzərə alsaq, son 5 il ərzində ayırdığımız cəmi 175 milyon manat kredit təxminən 175 min müştəri deməkdir.  Bu müştərilərin təxminən 20%-i sahibkarlardır və əksəriyyəti müsbət kredit tarixçəsinə malikdir, borclarını vaxtı-vaxtında qaytarıblar. Biz bu müsbət tarixçəyə malik müştəriləri nə üçün itirməliyik?! Nə üçün bu müştəriləri rəqiblər əldə etsinlər?! Özümüz  gələn aydan bu sahibkarlara yeni məhsulumuzu təklif etməyə başlayacağıq.

Yeni məhsullar və satışın artırılması tapşırığı filial şəbəkəsinin genişləndirilməsini tələb edəcək?

-Hazırda “Embafinans”ın 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. 2019-cu ildə 1-2 filial açmağı nəzərdə tuturuq. Biznes kreditləri təklif etməyimiz üçün çoxlu filiallar açmağa ehtiyac yoxdur. Baş ofisdəki kredit şöbəsinin əməkdaşlarının sayını qismən artırmaqla bunun öhdəsindən gələcəyik. Çünki biz portfelimizdə olan müştəriləri hədəfləyirik.

-Samir bəy, suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm.

-Mən də fəaliyyətimizə diqqət göstərdiyinizə görə sizə təşəkkür edirəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259