MÜSAHİBƏ

EnterpriseAzerbaijan.com portalından istifadə qaydaları belə olacaq - MÜSAHİBƏ
20 SENTYABR
413

EnterpriseAzerbaijan.com portalından istifadə qaydaları belə olacaq - MÜSAHİBƏ

2018-09-20 11:44:00

Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Prezident Fərmanını şərh etmək üçün müsahibə verib.

EnterpriseAzerbaijan.com Portalına ehtiyac nədən yarandı?

EnterpriseAzerbaijan.com Portalı Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq yaradılıb. EnterpriseAzerbaijan.com Portalının məqsədi ölkənin investisiya cəlbediciliyini daha da yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. Potensial investor axtarışında olan layihə təşəbbüskarları (promoterlər) ilə investisiya yatırmaq üçün biznes axtarışında olan potensial sərmayədarlar EnterpriseAzerbaijan.com Portalında bir araya gələcəklər. Hazırda dünyada trilyonlarla dollar sərbəst maliyyə vəsaiti var ki, gəlir gətirmək üçün layihələr axtarır. Bu mənada dünyada sərbəst maliyyə vəsaitlərinin Azərbaycanda biznes layihələrinə cəlb edilməsi imkanları genişdir. Çünki Azərbaycan belə investisiyalar üçün “sakit liman”dır. İndiyədək iqtisadiyyatımıza cəlb olunmuş

125 milyard ABŞ dollarından artıq xarici sərmayənin heç bir ciddi problem olmayıb. Mən yerli layihə müəllifləri, sahibkarlar və sərmayədarlara səslənirəm ki, EnterpriseAzerbaijan.com Portalı ilə yaxından əməkdaşlıq etsinlər.

Portal layihələr üçün həm inkubator, həm də akselerator rolunu oynayacaq. Dünyada 4-cü sənaye inqilabı baş verir. Rəqəmsal, fiziki və bioloji texnologiyaların tətbiqi baxımından EnterpriseAzerbaijan.com Portalına zərurət var. Çünki portal sərhəd tanımadan Azərbaycana belə texnologiyaların gətirilməsinə və sərmayə qoyuluşunun təşviqinə xidmət göstərəcək. Eyni zamanda EnterpriseAzerbaijan.com özü də yeni bir idarəetmə texnologiyasıdır. Hazırda dünyada rəqabət idarəetmə sistemləri, texnologiyalar, insan kapitalı və bazarlar uğrunda gedir.

Siz belə rəqabət şəraitində hansı yenilikləri təqdim edəcəksiniz?

EnterpriseAzerbaijan.com ilk dəfə olaraq Azərbaycan mənşəli layihələrə kraudfandinq, kraudinvestinq, toxum investor, mələk investor, vençur investor və digər alətlərdən istifadə edərək bütün dünyadan sərmayə cəlb edə biləcək. Biz artıq bütün dünyada uyğun tərəflərlə işləməyə başlamışıq. Məsələn, kreativ ideyalar üçün “KICKSTARTER”, istənilən növ layihələr üçün “İndieGOGO”, “GoFundMe”, “Planeta.ru” və “Onemission”, sosial və tibbi layihələr üçün “Youcaring”, qeyri-adi texnoloji ideyalar üçün “Crowdsupply”, vençur kapitalist maliyyələşməsi üçün “Crowdfunder”, elmi ideyalar üçün “Experiment”, sosial xarakterli layihələr üçün “Chuffed” ilə işləməyə başlamışıq.

Vençur investorları startapları kapitalla təmin edən və ya genişlənmək istəyən, lakin səhm bazarına çıxışı olmayan kiçik şirkətlərə dəstək olan investorlardır. Vençur investorlar bu kimi şirkətlərə yatırım etməyə meyillidirlər, çünki bu şirkətlər uğurlu olarsa, onlar külli miqdarda gəlir əldə edə bilərlər. Toxum investorlar layihəyə investisiya yatırmaq üçün biznes həyatının başlanğıcında qoşulurlar. Mələk investorlar startap və sahibkarların layihələrinin həyata keçirilməsinə investisiya yatırırlar. Bizə müraciət edən ideya və startap müəllifləri, habelə hazır biznes sahibləri bu imkanlardan yararlana biləcəklər.

Portalın təqdim etdiyi «Crowdfunding» funksiyası Azərbaycanda ilk nümunə olmaqla biznes ideyaları ilə yanaşı, ictimai-sosial, səhiyyə və digər sahələrə aid ideyaların da maliyyələşdirilməsinə imkan yaradacaq.

Portalda fəaliyyət göstərən “Geoiqtisadi xəritə” barədə nə deyə bilərsiniz?

Azərbaycanda ilk dəfə olaraq “Geoiqtisadi xəritə” EnterpriseAzerbaijan.com-da yaradılıb. Xəritədə infrastruktur, təbii sərvətlər, enerji stansiyaları, xidmət sektoru, banklar, şirkətlər, təhsil və elm müəssisələri, xüsusi zonalar, biznes inkubatorlar və s. daxil olmaqla 1200 əsas obyekt haqqında məlumat üç dildə - Azərbaycan, ingilis və rus dillərində qeyd olunub. Eyni zamanda inzibati rayonlar və iqtisadi rayonlar da xəritədə əksini tapıb. İstənilən maraqlı şəxs bu xəritədən istifadə edərək biznesə aid olan bütün informasiyaları ala bilər. Beləliklə, investorun və sahibkarın işi asanlaşır. Geoiqtisadi xəritə postsovet məkanında ən mükəmməl xəritə sayıla bilər. Çünki dünya təcrübəsini araşdırarkən gördük ki, belə xəritələri çox az ölkələr təqdim edirlər.

 EnterpriseAzerbaijan.com portalından istifadə qaydaları necə olacaq?

EnterpriseAzerbaijan.com-a startap, biznes ideyası, biznes satışı və s. həyata keçirmək istəyən istənilən şəxs müraciət edə bilər. Bunun üçün portalda qeydiyyatdan keçmək lazım gələcək. Müvafiq qaydada məlumatlar EnterpriseAzerbaijan.com portalında əks olunacaq. Digər tərəfdən isə, EnterpriseAzerbaijan.com-da axtarış funksiyası yaradılıb: iqtisadiyyatın sektoru, rayon, kriteriya və qiymətə uyğun olaraq layihə axtarmaq investor üçün unikal imkandır.

EnterpriseAzerbaijan.com-da investor üçün lazım olan bütün biznes prosedurları sadə infoqrafikalar vasitəsilə təqdim edilib.

Eyni zamanda EnterpriseAzerbaijan.com-un mentorları biznes planın hazırlanması, şirkətin təsis edilməsi, logistika, bazar araşdırması və digər məsələlər barədə sahibkarlarımıza konsaltinq xidməti göstərməkdən məmnun olardılar.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bundan başqa da innovativ layihələri, o cümlədən, “Azexport” və Rəqəmsal Ticarət Qovşağı da özünü təsdiqləyib. EnterpriseAzerbaijan.com portalı əvvəlki layihələrinizə necə inteqrasiya olacaq?

Əslində “Azexport”, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com bir ekosistem təşkil edir. Məsələn, Rəqəmsal

Ticarət Qovşağının təqdim etdiyi e-rezidentlik və m-rezidentlik xarici vençur, toxum və mələk investorlara imkan verəcək ki, Azərbaycana gəlmədən belə bizim təqdim etdiyimiz layihələri maliyyələşdirsinlər. Yeri gəlmişkən, Azərbaycan dünyada qeyri-rezidentlərə e-rezidentliyi təqdim edən ikinci, m-rezidentliyi təqdim edən ilk ölkədir. Belə yeni texnologiya və idarəetmə sistemi innovativ investorları cəlb edir. Eyni zamanda Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi təqdim edir, həmçinin Mastercard və Visa ilə də elektron ödənişlərin həyata keçirilməsi üçün danışıqlarımız var. Bu yolla xarici sərmayələrin biznes layihələrinə təhlükəsiz və çevik cəlbi imkanlarını yaratmış oluruq. Rəqəmsal Ticarət Qovşağı qeyri-rezidentlərə Azərbaycanda onlayn qaydada müəssisə təsis etmək imkanlarını da yaradıb. Yəni xarici sərmayənin Azərbaycana gəlməsi üçün bütün imkanlar var.

EnterpriseAzerbaijan.com üzərindən uğur qazanan biznes Azexport portalının imkanlarından istifadə edərək “Alibaba” və “Amazon” başda olmaq üzrə bütün e-ticarət portallarına çıxış əldə edəcək. “Azexport”un tərəfdaş bankları faktorinq, akkreditiv, inkasso, ixrac qarantiyası və ixrac sığortası vasitəsilə EnterpriseAzerbaijan.com-un biznes layihələrinin ixrac imkanlarını genişləndirəcək.

Göründüyü kimi Prezident İlham Əliyevin tapşırıqları əsasında yaradılmış Azexport, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com portalları tam bir innovativ platforma olaraq davamlı iqtisadi inkişafa xidmət edir. Cənab Prezidentin 19 sentyabr 2018-ci il Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi ilə birlikdə www.azexport.az və “www.enterpriseazerbaijan.com”internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görəcəyik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255