MÜSAHİBƏ

İstiqrazlar və səhmlər sahiblərinə nə vəd edir?
11 İYUN
1357

İstiqrazlar və səhmlər sahiblərinə nə vəd edir?

2018-06-11 17:13:00

Hazırda xarici birjalarla yanaşı yerli birjada da sərmayə yatırmaqla pul qazanmaq olar. Daha dəqiq desək birjadan investisiya şirkətlərinin köməkliyi ilə istiqraz  və ya səhm almağın mümkünlüyü dəfələrlə qeyd olunub. Bəs istiqraz və səhmlər  sahiblərinə nə vəd edir? Bu suala cavab tapmaq üçün Fins.az ölkəmizdə fəaliyyət göstərən və bir çox şirkət səhmlərinin anderayyteri olmuş AzFinance İnvestisiya şirkətinə müraciət edib. Sualları şirkətin Diler şöbəsinin rəhbəri Ramil Səmədov cavablandırıb. AzFinance İnvestisiya şirkətinin nümayəndəsi ilə müsahibəni təqdim edirik.

Ramil bəy ilk növbədə səhm və istiqrazlar arasındakı fərqi bilmək istərdik. Daha dəqiq desək bu sahədə hələ yeni olan investorlar üçün məlumat verməyinizi istərdik. Bu iki maliyyə aləti arasındakı fərq nədədir?

İstiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc qiymətli kağızlarıdır. Yəni 2 şəxs arasında borclanmanın predmeti kimi başa düşmək olar. Bir növ, sadə dillə desək kimsə bankdan böyük miqdarda kredit götürdükdə daşınmaz əmlakını girov qoyur. Və kredit müddəti ərzində müəyyən vaxt aralığında pulu verənə hissə-hissə ödəniş edir. İstiqraz buraxan hər hansı şirkət də istiqrazları bazara tədim edir və aylıq rüblük yarim illik və ya illik olaraq faiz ödənişləri (kupon) edərək borclanmış tərəf hesab edilir. Səhm isə hər hansı bir səhmdar cəmiyyəti formasında yaradılmış şirkətin müəyyən bir hissəsinə sahib olduğunuzu və həmin şirkətin illik hesabatında göstərilmiş xalis mənfəətinin sahib olduğunuz hissə payı qədər hissəsini qazanmağa imkan verən qiymətli kagızdır.

Hazırda Bakı Fond Birjasından hansı istiqrazları əldə etmək olar?

Hazırda BFB-də listinqdən keçmiş mindən çox qiymətli kağızları BFB-nin üzvləri olan investisiya şirkətləri vasitəsilə almaq mümkündür. Hal-hazırda BFB-də SOCAR, METAK və s kimi böyük şirkətlərin istiqrazlarını almaq mümkündür. Bu barədə biz müstərilərimizə mütəmadi olaraq məlumatlar veririk.

Artıq uzun illərdi ki, azərbaycanlı investorlar investisiyalarını daşınmaz əmlaka və ya qızıl  kimi qiymətli əşyalara  yatırmağa üstünlük veriblər. Amma indi bu tendensiyanın qiymətli kağızların xeyrinə dəyişdiyini görürük. Buna səbəb nədir?

Bunun çox sadə səbəbi var. Sizin əlinizdə 50 min manat pul var. Bu pulu əmanət kimi ilin sonunda 10-11% gəlir qazandıran və emitent riski (yəni şirkətin bağlanma riski) daşıyan və vaxtından əvvəl çıxarış etdikdə qazanılmış faizləri itirəcəyiniz banka qoyarsınız yoxsa vaxtilə illik gəlirliyi 12-15%, hətta 18%-ə kimi qalxan, dövlət təminatlı (yəni dövlət riski), istənilən vaxt bir hissəsini və ya hamısını satıb pula çevirə biləyinizvə çox likvid Maliyyə Nazirliyinin istiqrazlarına yatırım edərsiniz? Hal-hazırda bazarda dövlət istiqrazlarının gəlirliyi 9-10% olsa da insanlar (daha az risk etməyi xoşlayan invetorlar) bu kağızlarla ticarəti davam etdirirlər.

İstiqraz almaq üçün investordan  hər hansı minimal məbləğ tələb olunur? Ən az hansı məbləğdə istiqraz almaq olar?

İstənilən qiymətli kağızın nominal dəyəri olur. Misal üçün SOCAR istiqrazlarının nominali 1000 USD-dirsə, deməli bu istiqrazları almaq üçün hesabınızda ən azı 1000 ABŞ dolları olmalıdır. Ümumiyətləinvestisiya qiymətli kağızlarında lot 1 olur. Yəni siz 0.5 istiqraz və ya səhm ala bilmərsiz.Amma effektivliyə gəldikdə əlbəttə ki 1 SOCAR istiqrazıalan investor gəlirini - 50 dolları il ərzində bankdan nağd pul çıxarışı komissiyalarına xərcləyəcək.

Bir qədər öncə istiqraz nədir sualıma cavab verərkən bildirdizki istiqraz müəyyən müddətə geri ödənilmək şərtilə alınan və sahibinə nominal dəyərin müəyyən faiz nisbətində gəlir götürmək hüququ verən borc, qiymətli kağızdır. Onu da bilirik ki,Maliyyə Nazirliyi tərəfindən də dövlət istiqrazları dövriyyəyə buraxılıb. Bu istiqrazlar hökumətə və vətəndaşa nə qazandırır?

Dövlət istiqrazları, yəni Maliyyə Nazirlyinin buraxdığı istiqrazlar, dövlətimizin əsas borclanma mexanizmidir. Dövlət investorlardan borc alaraq hər hansı bir fövqəladə və ya digər hadisə ilə əlaqədar tələb olunan xərclərin qarşılanması, həmçinin digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaiticəlb edir. İnvestor isə borcverən kimi çıxış edərək aldığı dövlət istiqrazlarının emissiya prospektində göstərildiyi şərtlərlə və hər buraxılışda bazarın tələbi ilə formalaşmış gəlirlik faizini qazanır.

Bilirik ki, 19 sentyabr 2016-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları BFB-də əsas bazar seqmentində listinqə daxil edildiyi gündən investorlar tərəfindən böyük maraqla qarşılanıb.. SOCAR istiqrazlarına bu qədər marağın olmasına səbəb nədir?

SOCAR istiqrazlarına marağın əsas səbəblərindən biri gəlirliyinin dollarda bank əmanətlərindən yüksək olmasıdır. Əlbəttə ki, digər səbəblər də var: Şirkətin 100% payla dövlətə məxsus olmağı, ən azı nominalla geri alışa zəmanət verilməyi, market-meykerinin olması və s. Ümumiyyətlə investorlar hər hansı bir şirkətin istiqrazlarını alarkən ilk növbədə həmin istiqrazların emissiya prospektinə və son 2-3 ildə açıqladığı maliyyə hesabatlarını nəzərdən keçirirlər. Bu hesabatlar ürəyaçan olduqda belə şirkətin xalq arasında etibarlılığı, maşhurluğu kimi faktorlar da mühüm rol oynayır. Bu səbəbdən də SOCAR istiqrazları qısa zamanda ən passiv investorları da özünə cəlb etməyi bacardı.

Gələcəkdə SOCAR istiqrazları ilə banklardan krediti götürülməsinin mümükünlüyü qeyd olunub. Necə fikirləşirsiz  bu  istiqraz sahibinə nə kimi üstünlük verəcək?

Beynəlxalq maliyyə bazarlarında qiymətli kağızlar banklarda girov predmeti kimi çıxış edə bilir. Hal-hazırda ölkəmizdə dəqanunvericiliklə bütün banklarda qiymətli kağızlar girov predmeti kimi çıxış edə bilir. Amma faktiki olaraq bəzi banklarda bu mümkündür. Konkret olaraq mən bildiyim Rabitəbank və Yapıkredibankda SOCAR istiqrazları girov predmeti kimi götürülə bilir. Əlbəttə ki, bu hal investorlara daha çox manevr etməyə imkan verir.

Artıq bir müddətdir ki, investisiya bazarında daha bir investisiya imkanı yaradılıb ki, bu da Metak istiqrazlarıdır. Onu da bilirk ki, METAK istiqrazları yeni çıxanda illik 14% gəlirlilik vəd edirdi indi isə 12%. Buna səbəb nədir? Metak istiqrazı alan şəxs nə kimi üstünlük əldə edəcək?

Hal-hazırda METAK dövlət istiqrazlarına baxdıqda daha çox gəlirlik vəd edir, rübdə bir dəfə kupon ödənişi edir və aprel ayında 2-ci kupon ödənişini heç bir gecikmə olmadan ödəyib. Elə buna görə də bazarda tələb çox olduğundan gəlirlik 2% aşağı düşüb. Hesab edirəm ki, METAK istiqrazları emitent riski daşısa da hal-hazırda rüblük kupon ödənişi etdiyinə və daha çox gəlirliyə sahib olduğuna görə investorlar bu kağızlara maraq göstərirlər.

Hansı halda istiqraz sahibi ziyanla üzləşə bilər? İstiqraz alan şəxs  nə dərəcədə maliyyə itkisindən sığortalanır?

Bayaq da dediyim kimi, investorlar hər hansı bir şirkətin istiqrazlarını alarkən ilk növbədə həmin istiqrazların emissiya prospektinə və son 2-3 ildə açıqladığı maliyyə hesabatlarını nəzərdən keçirməlidirlər. İnvestorlar investisiya etməmişdən qabaq yaxşı olar ki, investisiya şirkətlərindən məsləhət alsınlar. AzFinance İŞ olaraq maliyyə sahəsində yeni olan investorlara şifahi olaraq məsləhətlər verilir. İnvestorlar risk qabiliyyətini ilk növbədə özləri müəyyənləşdirməlidirlər. Əgər investor risk edib daha çox gəlir əldə etmək istəyirsə, bu onun seçimidir. Yəni risk məsələsi investordan investora dəyişir. Eləsi var ki, az risklə az gəlirə qane olur, eləsi də var ki, daha çox qazanmaq istəyir və daha çox risk edir. Ha-hazırda ən az riskə sahib olan maliyyə aləti dövlət qiymətli kağzılarıdır.

Bildiyimiz qədəri ilə hər bir azərbaycanlı vətəndaş da xarici birjalardan səhm almaq imkanına malikdir.  AzFinance olaraq hansı xarici birjalara çıxışınız var? Sizə müraciət edən investor hansı əcnəbi birjalaradan səhm ala bilər?

Xarici birjalara xarici brokerlər vasitəsilə çıxışımız var. Bu brokerlərdən İnteraktiv Brokers, İşyatırım Menkul Deyerler, İT İnvest və s. adın çəkmək olar. Bu brokerlər vasitəsilə dünyanın ən böyük birjlarına çıxış imkanımız var. İnvestor bizim vasitəçiliyimizlə xarici birjalardan istədikləri şirkətin qiymətli kağzılarını ala bilərlər.

Son statistikaya görə ABŞ əhalisinin 90%-dan çoxu səhmdardı. Yəni müxtəlif şirkətlərin səhmlərini alıblar və ya almaqda davam edirlər. Necə fikirləşirsiz Azərbaycanda nə üçün səhm bazarına elə də çox maraq yoxdur?

Azərbaycanda səhmdar cəmiyyətlərin əksəriyyəti dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi nəticəsində meydana gəlib. Özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmdarları qeyri-rəsmi olaraq həmin müəssisənin işçi heyəti əsasında formalaşdırılıb. 1996-cı ilə qədər doğulan bütün Azərbaycan vətəndaşlarına özəlləşdirmə çekləri pulsuz paylansa da, həmin dövrdə qiymətli kağızlar sahəsində savadlılığın aşağı olması səhm bazarının az inkişaf etməsinə səbəb olub. Təxmini 6 milyon özəlləşdirmə çekləri istifadəsiz qalıb. Hal-hazırda minoritar, yəni çox az səhmə sahib olan səhmdarlar arasında cəmi 100-150 nəfər aktiv iştirak edir. Yeni yaradılan səhmdar cəmiyyətlərinin əksəriyyətində isə bütün hissələr benefisiar şəxs və ya şəxslərə aid olduğundan səhm bazarının inkişafından söhbət gedə bilməz. Fikrimcə ölkəmizdə səhm bazarının sadə vətəndaşlar arasında inkişafına təkan vermək üçün həmin istifadəsiz qalmış özəlləşdirmə çeklərinin istifadə müddətinin artırılmasına ehtiyac var. Axırıncı dəfə 2011-ci ilə qədər həmin çeklərin istifadə müddəti prezidentin fərmanı ilə uzadılmışdı. Lakin hal-hazırda bazarda şəffaf şəkildə alınıb-satılan səhmlər də mövcuddur. AzFinance İŞ 10 səhmdar cəmiyyatinin səhmlərinin market-meykeri kimi çıxış edir. Bunlara HOLCİM ASC, Cənubtikintiservis ASC, Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7 ASC, Evrascon ASC və s. aiddir. Həmçinin AzFinance-ın market-meyker olmadığı səhmlərdən Kapitalbank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC-nin səhmlərinin az bir hissəsi bazarda alınıb satılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268