MÜSAHİBƏ

Şahmar Əsgərov: “Hazırda Azərbaycanda 2 minə yaxın turizm şirkəti var”
04 İYUN
768

Şahmar Əsgərov: “Hazırda Azərbaycanda 2 minə yaxın turizm şirkəti var”

2018-06-04 16:55:00

Fins.az sizə “Flame Travel” MMC-nin təsisçisi və direktoru  Şahmar Əsgərov ilə müsahibəni təqdim edir:

- Öncə “Flame Travel” şirkəti haqqında qısa məlumat verin.

- 2013-cü ilin may ayından fəaliyyətə başlamışıq. Lisenziyası olan ilk 5 şirkətdən biriyik. Bütün istiqamətlər üzrə (incoming – outcoming) çalışırıq. Əlavə olaraq, aviabiletlər satırıq. Gündən günə müştəri bazamız artır. Brend olaraq bazarda adımız var.

- Azərbaycanlı turistlər əsasən hansı istiqamətlərə istirahətə gedirlər? Niyə həmin ölkələr seçilir?

- Ən çox gedilən istiqamət Türkiyədir. Türkiyədə həm qiymət sərfəlidir, həm də servis yüksək səviyyədədir. Daha sonra Dubaydır ən çox gedilən yer. Qış aylarında isti olduğundan, həm də qiymət sərfəli olduğundan gedilir. Azərbaycandan çox adam sanatoriyalara gedir, yəni Rusiya, Ukrayna, Belarusa. Son illərdə Avropa istiqaməti daha aktivləşib. Misir bazarına da tələbat yaranıb.

- Xarici turlar arasında ən ucuzları hansı istiqamətlərə olur? Yəqin ki, həmin turlar üçün müraciətlər çox olur?

- Ən ucuz turlar Gürcüstana olur. Gürcüstana maşınla getmək rahat olduğundan ora getmək daha əlverişlidir. Mövsümə görə qiymətlər dəyişir. Türkiyənin də ucuz vaxtları olur. Mövsümün əvvəlində Dubayda da ucuz qiymətə dincəlmək olar.

- Turizm şirkətləri günbəgün artır. Niyə bu sahəyə asan pul qazanmaq yolu kimi baxırlar? Ümumiyyətlə, turizm şirkəti necə işləməlidir ki, yüksək gəlir əldə edə bilsin?

- Sadəcə, şirkət açmaq asanlaşıb. Əvvəl lisenziya tələb olunurdu. Lisenziyanın şərtləri, qiyməti var idi. İndi lisenziya yoxdur, adi standart qaydada turizm şirkəti açmaq mümkündür. Amma şirkət açmaq iş görmək demək deyil. Açılan şirkətlərin çoxu 3-5 aydan sonra bağlanır. Şirkəti yaradan şəxsin turizm sahəsində müəyyən təcrübəsi olmalıdır. İşi bilməyən adamın qurduğu şirkət inkişaf edə bilməz. İş təzə kömpüterdən, yaxud ofisdən ibarət deyil. Həm də bu sahəni yaxşı bilən mütəxxəssislərlə işləmək vacibdir.

- Sizcə turizm şirkətlərinin çoxalması müsbət haldır, yoxsa bu turizm sektoruna mənfi təsir göstərir?

- Müsbəti də var, mənfisi də. Müsbəti odur ki, ölkəyə cəlb olunan turistlərin sayı çoxalır. Turistlər çox gəldikcə, bu bütün sahələrə, otellərə, restoranlara, digər sahələrə təsir edir. Mənfisi də odur ki, işi bilməyən adamlar iş görürlər, bazarda qiymətləri ucuzlaşdırıb, özləri ilə bərabər normal işləyən şirkətlərə də ziyan vururlar.

- Hazırda Azərbaycana Hindistan və Pakistandan turist axını müşahidə olunur. Həmin turistlərin bir hissəsi burada iş qurmağa çalışırlar. Sizcə bu nə ilə əlaqədardır?

- Burada yaşam, iş görmək üçün imkanlar daha genişdir. Onlar gəlib buradakı şəraiti görüb qayıtmaq istəmirlər. Qalıb işləməyə çalışırlar. Bir də Azərbaycandan tranzit kimi də istifadə edənlər var. Azərbaycanda bir müddət qaldıqdan sonra bir yol tapıb, Avropaya gedə bilirlər. Rəsmi deyilsə, biz Hindistan partnyorları ilə ümumiyyətlə iş görmürük. 

- Hazırda ən çox ərəb ölkələrindən turistlər qəbul edirik. Necə düşünürsüz, gələcəkdə hansı ölkələrdən Azərbaycana turist axını ola bilər?

- Azərbaycan bir çox ölkələrdən olan insanlara maraqlıdır. Biz hazırda Qazaxıstan, Özbəkistan bazarı ilə işləyirik. Həmin ölkələrdə Azərbaycana böyük maraq var. Əsasən bizim sanatoriyalarımızla maraqlanırlar. Naftalan zonasına çox adam gedir. İnanmıram ki, hansısa xalq ərəblər kimi axınla Azərbaycana gəlsin.

- Sizcə ərəblərin Azərbaycana axını nə vaxta kimi davam edəcək? Bu tendensiya nə vaxtsa bitə bilər?

- Ərəblər hər şeyi pul ilə ölçən millətdir. Onların pul vahidi Azərbaycanda daha yüksəkdir. Ona görə onlar bura həmişə gələcəklər. Amma ötən illərə baxanda azalıb. Azərbaycanın iqliminin əlverişli olması, burada turizmin bütün növlərinin mövcud olması turistləri bura cəlb edir. Turistlərə tövsiyə edərdim ki, qısa bir araşdırma aparıb, sonra turizm şirkətinə müraciət etsinlər. Bu gün Azərbaycanda 2 minə yaxın turizm şirkəti var. 2 il bundan qabaq 600-700 şirkət var idisə, bu rəqəm sürətlə artıb.

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253