MÜSAHİBƏ

Səfir: “Bu il Azərbaycan və Moldova arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək” - MÜSAHİBƏ
28 MAY
354

Səfir: “Bu il Azərbaycan və Moldova arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək” - MÜSAHİBƏ

2018-05-28 21:47:00

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “APA-Economics”ə müsahibəsi:

Hazırda Azərbaycan-Moldova əməkdaşlığı və münasibətlərini necə qiymətlədirirsiniz?

- Azərbaycan-Moldova münasibətləri dinamik, yüksələn xətlə inkişaf edir. Mütəmadi olaraq Azərbaycan nümayəndə heyəti Moldovaya, Moldova rəsmiləri isə Azərbaycana səfər edir. Moldova hökuməti Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Bunu biz bütün səviyyələrdə fəaliyyətimizdə hiss edirik. İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə daha da artır və iqtisadi göstəricilərin yaxşılaşmasının səbəbi Azərbaycan məhsullarının Moldova bazarına daxil olmasından ibarətdir. Azərbaycan istehsalı olan mürəbbələr, şirələr və digər məhsullar artıq Moldova bazarında öz yerini tapıb. Bir neçə ay əvvəl Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə Moldovanın daxili işlər naziri ölkəmizdə səfərdə olub. Səfər zamanı Azərbaycanın Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərində və Dövlət Miqrasiya Xidmətində görüşlər olub. Azərbaycanın baş prokuroru Zakir Qaralovun dəvəti ilə bir neçə aydan sonra Moldovanın baş prokurorunun Azərbaycana səfəri baş tutacaq. Artıq bu səfərə hazırlıq görülür. Bu ilin noyabr ayında Moldovada parlament seçkilərinin keçirilməsi gözlənilir. Seçkilərdən əvvəl - sentyabrın sonlarında və ya oktyabrın əvvəllərində - Moldovanın Baş naziri Azərbaycanda rəsmi səfərdə olacaq. Rəsmi səfər zamanı Azərbaycan və Moldova arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclasının keçirilməsi gözlənilir. Moldova tərəfindən iş adamları, ayrı-ayrı müəssisələrin rəhbərləri də Azərbaycana səfər edəcəklər. İqtisadiyyat Nazirliyi tərəfindən biznes forumun keçirilməsi nəzərdə tutulub. Belə ki, Moldovanın baş nazirinin Azərbaycana rəsmi səfəri zamanı İqtisadiyyat Nazirliyində biznes forum keçiriləcək və biznes forumda Azərbaycanın iş adamları, böyük müəssisə rəhbərləri iştirak edəcəklər. Biznes forumun keçirilməsində məqsəd hər iki ölkənin biznes nümayəndələri və iş adamlarının bir-biri ilə yaxından tanış olması və əlaqələr qurmasına şərait yaratmaqdır. Biznes forumlar iş adamlarının təmasda olması və gələcək münasibətlərini daha da inkişaf etdirməsi üçün çox yaxşı zəmin yaradır. Bundan əlavə, iki ölkə arasında tələbə mübadiləsi də mövcuddur. Moldova hökuməti Azərbaycandan olan tələbələri öz dövlət büdcəsi hesabına oxudur. Hazırda 20-yə yaxın azərbaycanlı tələbə Moldovanın dövlət ali təhsil ocaqlarında təhsil alırlar. Azərbaycanın dövlət başçısının tapşırığına uyğun olaraq biz öz diqqət və qayğımızı onların üzərindən əsirgəmirik. Moldovada güclü və yaxşı təşkilatçılığa malik olan Azərbaycan diaspor təşkilatı, Azərbaycan Konqresi fəaliyyət göstərir. Bu ölkədə erməni diasporu da fəaliyyət göstərir, ancaq bizim diasporun fəaliyyəti onlardan daha güclüdür.

Qüdsi bəy, Moldovanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir? Özünün Dnestryanı münaqişəsi kimi problemi olan ölkə bu məsələdə Azərbaycana necə dəstək olur?

- Moldova tərəfi bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Moldova GUAM çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq edir. Moldova beynəlxalq təşkilatlarda indiyədək Azərbaycanın əleyhinə qərar qəbul etməyib və hər zaman Azərbaycana öz dəstəyini göstərir. Bu sahədə Moldova ilə Azərbaycan münasibətləri tamamilə üst-üstə düşür və hər iki ölkə bir-birini dəstəkləyir.

Siz ölkəmizdə Azərbaycan-Moldova biznes-forumunun keçiriləcəyini vurğuladınız. Bəs Moldovada belə bir biznes forumun keçirilməsi nəzərdə tutulurmu?

- Bildiyiniz kimi, hökumətlərarası iclas ildə bir dəfə bir ölkədə keçirilir. Bu il hökumətlərarası iclas Azərbaycanda keçiriləcəyi üçün gələn il də belə bir iclas Moldovada baş tuta bilər. Azərbaycan investisiyasının və iş adamlarının Moldovaya gəlməsi yaxşı haldır. Azərbaycan sahibkarlarının Moldovaya investisiya yatırması üçün hər imkan var. Burada iş adamlarına şərait yaradılır. O cümlədən, bizim kənd təsərrüfatı sahəsində böyük nailiyyətimiz var. Artıq Azərbaycanda böyük müəssisələr yaradılıb və biz öz məhsullarımızı dünya bazarına çıxarırıq. Moldovada kənd təsərrüfatı üçün yaxşı şərait və torpaqlar çox olduğu üçün bizim bu sahə ilə məşğul olan iş adamlarımız bura gəlib öz müəssislərini yarada bilərlər. Burada daha maraqlı məqam ondan ibarətdir ki, bu ölkənin Avropa İttifaqı ilə ticarət əlaqələri, sazişləri mövcuddur. Gələcəkdə bu ölkədə istehsal olunan bizim məhsul Moldova brendi ilə Avropa bazarlarına çıxarıla və satıla bilər. Təbii ki, bizim iş adamlarının buna marağı olacaq. Azərbaycan iş adamlarının Moldovaya maraq göstərəcəyinə şübhəmiz yoxdur.  

Sizcə, azərbaycanlı iş adamları Moldovada hansı sahədə iş qura bilərlər?

- Azərbaycanın iş adamlarının bu ölkədə kənd təsərrüfatı, meyvə-tərəvəz, heyvandarlıq sahəsində iş qurmaları üçün şərait var. Moldovanın təbiəti kənd təsərrüfatının inkişafı üçün əlverişlidir, dövlətin biznesə münasibəti də müsbətdir. Sahibkarların, investorların  iş fəaliyyətini tənzimləyən qanunlar var. Bu ölkəyə xarici investisiyanın yatırılması üçün kifayət qədər qanunvericilik bazası mövcuddur.  Bütün bunları nəzərə alsaq, təbii ki, azərbaycanlı iş adamları gələcəkdə bu ölkədə öz biznesini qura bilərlər və bunun üçün bütün imkanlar var.

Son zamanlar bir çox ölkədə Azərbaycan Ticarət Evi açılıb və bu yaxınlarda daha bir neçə ölkədə belə ticarət evlərinin açılması nəzərdə tutulub. Moldovada Azərbaycan Ticarət Evinin açılması planlaşdırılırmı?

- Məsələ ondadır ki, Belarus, Ukrayna, Rusiya və digər ölkələrdə böyük bazar mövcuddur. Biz məhsulumuzu yalnız ticarət evlərində deyil, həmçinin həmin ölkənin bazarlarında satışa çıxara bilərik. Ancaq Moldovada bazar o qədər də güclü, ölkə o qədər də varlı deyil. Moldovada gənc nəslin əksəriyyəti xaricdə çalışır. Azərbaycan məhsullarının bu bazarda daha çox satılması məsələsi sual doğurur. Ancaq məhsulu Moldovada istehsal edib digər bazarlara çıxarmaq daha məqsədəuyğundur.

Gələcəkdə Azərbaycan rayon və ya şəhərləri ilə Moldova şəhərlərinin qardaşlaşması istiqamətində hansı işlər görülür? 

- Moldovada türkdilli Qaqauziya vilayəti var ki, onun da 120 min əhalisi mövcuddur. Bizim onlarla çox sıx əlaqələrimiz var. Heydər Əliyev Fondu tərəfindən Qaqauziyada məktəb və mədəniyyət mərkəzi inşa edilir. Bizim münasibətlərimiz çox yaxşıdır. Qaqauziyanın başqanı İrina Vlax mütəmadi olaraq Azərbaycana səfərə gəlir. Bu yaxınlarda Qəbələ ilə Qaqauziya vilayətinin paytaxtı Komrat şəhəri arasında şəhərlərin qardaşlaşması ilə bağlı sazişin imzalanması gözlənilir. Artıq bununla bağlı sənədlər hazırdır. Gələcəkdə Gəncə və Moldovanın paytaxtı Kişinyov arasında belə saziş imzalanacaq. Gəncə şəhər İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev bununla bağlı qərar verib və bu qərar ölkə rəhbərliyi ilə razılaşdırılıb. Bundan başqa, bu ilin oktyabr ayında Kişinyov şəhərində, Azərbaycan səfirliyinin qarşısında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə böyük büstü ucaldılacaq. Moldova rəhbərliyi tərəfindən bununla bağlı qərar verilib. Kişinyov şəhərinin sakinləri səfirliyin qarşısından keçərkən Azərbaycanın ümummilli liderinin büstünü görə biləcəklər.

 Bu il, həmçinin ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edilir. Moldovada bununla bağlı hansı işlərin görülməsi nəzərdə tutulub?

- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Moldovanın Milli Akademiyasında bu ilin oktyabr ayında konfrans təşkil ediləcək. Bu konfransda Moldova hökuməti rəhbərliyinin, müxtəlif ölkələrin səfirlərinin, elm və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulub. Ancaq buna qədər, yəni mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı böyük tədbir təşkil ediləcək. Artıq biz bu tədbirə hazırlığı başa çatydırmışıq. Bundan başqa, diaspor təşkilatı ilə Azərbaycanın yaxın dostu, Azərbaycan Miltikulturalizm Mərkəzinin Moldova və Ukrayna üzrə nümayəndəsi Aureliya Qriroriu ilə birgə Moldovada silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267