MÜSAHİBƏ

“Hər kəs "Mercedes"in təcrübəsini özündə tətbiq etməyə çalışır”- ORXAN HACIYEV
21 MAY
1634

“Hər kəs "Mercedes"in təcrübəsini özündə tətbiq etməyə çalışır”- ORXAN HACIYEV

2018-05-21 20:01:00

Fins.az “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi təmsilçisi “Avtokapital-Azərbaycan” şirkətinin baş direktoru Orxan Hacıyevlə olan müsahibəni təqdim edir: 

“Mercedes”in Azərbaycanda satış strategiyasında hansısa dəyişiklik edilibmi?

Bildiyiniz kimi, bir neçə il iqtisadi durğunluq yarandı. Bu hər bir sektora olduğu kimi Azərbaycanda avtomobil bazarına da təsirsiz ötüşmədi. Rəqəmlərə baxsaq, 2015-ci ilə qədər əgər avtomobil bazarı üzrə satışlar illik 35-36 min ədəd təşkil edirdisə, 2016-2017-ci illərdə bu rəqəm 4500- 4700 ədədə qədər düşdü. 2015-ci ildən əvvəlki dövrdə premium seqmentdəki avtomobil bazarındakı payı 6-7% təşkil edirdisə, 2017-ci ilin yekunlarına baxsaq, bu, 16-17% təşkil edir. Bu o deməkdir ki, iqtisadi durğunluq premium seqmentə aid olmayan avtomobil bazarına daha çox təsir edib. Əvvəlki illərdə premium avtomobillərin satışı 2500-2600 ədəd olubsa, 2017-ci ildə bu rəqəm 1050 ədədə düşmüşdü. Amma digər seqmentlər üzrə azalma 8 dəfə qədər yüksəlmişdi. Bunun nəticəsində bəzi avtomobil şirkətləri bazarı tərk etməyə məcbur oldu, bəziləri salonlarını bağladı. “Mercedes” isə əksinə daha da genişləndi. 2016-cı ildə ikinci diler şəbəkəmiz- Abşeron Avtomobil Mərkəzi fəaliyyətə başladı. Bu gün də premium seqmentdə ən geniş diler şəbəkəsi məhz  “Mercedes”ə  aiddir. Hazırda 3 diler fəaliyyət göstərir.

Eləcə də bax: “Sığorta mübahisələrini “qazı” həll edəcək” – Xəyal Məmmədxanlı

“Mercedes”in Azərbaycanda rəsmi satışı ilə yanaşı qeyri-rəsmi satış şəbəkəsi də kifayət qədər genişdir. Bununla bağlı hansısa tədbirlər görürsüzmü?

 “Boz diler”lər dediyimiz digər salonlar tərəfindən tərəfindən “Mercedes” satışı kifayət qədər yüksəkdir. 2015-ci  ilə qədər “Mercedes” satışlarının 40%-i  bizə aid idisə, 60% bazar payı Dubaydan  və Almaniyadan gətirilən “boz diler”lərə aid idi. Bu müddətdə biz düzgün qiymət siyasəti, stokun formalaşması və həmçinin 2-ci diler şəbəkəsinin açılması ilə bunun qarşısını qismən ala bildik.  Zaman da göstərdi ki, biz düz istiqamətdəyik. Bu gün rəsmi diler şəbəkəsi vasitəsilə satılan  “Mercedes”lərin payı  70%-ə yüksəlib.

 İnsanlar niyə daha çox “Mercedes”i sizin dediyiniz “boz diler”lərdən almaq üstünlük verirlər?

Bunun bir neçə səbəbi var. Başlıca səbəb, 2013-cü ilə kimi  rəsmi şəbəkədə böyük avtomobil stoku müşahidə edilmirdi. Həmin dövrdə bazar daha böyük olduğundan “Mercedes-Benz” 1000 ədəddən artıq satılırdısa, ona uyğun stok formalaşmamışdı. Zavodun isə müəyyən qaydaları var. Bu qaydalar çərçivəsində avtomobillərin gətirilməsi 3-5 ay vaxt aparırdı. Müştərilər isə gözləmək istəmədiyi üçün avtomobili alternativ satış kanalları ilə 2-3 həftəyə əldə edə bilirdilər. İndisə belə bir problem yoxdu.

 “Boz diler”lər avtomobil almaq niyə risklidir?

 Əsas problem ondan ibarətdir ki, bu dilerlərin Avropadan gətirdikləri avtomobillər həmin ölkədəki şəraitə uyğun istehsal edilir. Misal üçün yanacağın keyfiyyəti ayrı-ayrı ölkələrdə müxtəlif olur. Müştərilər isə bilmədən bir dövlət üçün istehsal edilən avtomobili alıb onu digər ölkədə istismar edirlər. Burada böyük problemlər yaranır. Ona görə də insanlar artıq rəsmi dilerdən avtomobil almağa üstünlük verirlər. Məsələn, rəsmi dilerə müraciət edib avtomobilin təhcizatını seçir. Daha sonra bunun əsasında sifariş verilir. Avtomobil 2-3 aya hazırlanıb gətirilir. Digəri isə “boz diler”ə gedib hazır təhcizatlı avtomobil seçib sifariş verir. Dubaydakı salondan 2 həftəyə gətirirlər. Amma mühərrikə diqqət etmir, avtomobilin Azərbaycanın iqlim şəraitinə uyğun olub-olmadığını yoxlamır. Ən əsas aspektlər qalır, digər məsələlərə önəm verirlər. Sonra  isə peşman olurlar.

Rəsmi dilerlə “boz diler” arasında nə qədər qiymət fərqi var?

Hazırda heç bir qiymət fərqi yoxdu. Yəni, qiymət məsləsinə görə bu gün heç kim “boz dileri” seçə bilməz.

“Mercedes-Benz”in hazırki satış səviyyəsi necədir?

2017-ci il üzrə premium seqmentdə satışların həcminə görə “Mercedes-Benz” Azərbaycanda lider olub. Gətirilən avtomobillərin 98%-i satıldı. Amma 2018-ci ilin birinci rübündə satışlarımız bir qədər aşağı olub. Bu da ötən ilə nisbətən stokumuzun qısa olması ilə bağlıdır. Yəni, ötən ildən stokda az avtomobil qalmışdı. İlin əvvəlində isə yeni modellər istehsal olunur. Bu da müəyyən qədər vaxt aparır. Hazırda əvvəlki illərdən anbarda qalan avtomobilimiz demək olar ki yoxdur.

Bununla belə, ötən ilin birinci rübü ilə müqayisədə satılan minik avtomobillərin sayı 2 dəfə artıb.

Alıcılar zövqündə hansısa dəyişiklik müşahidə edilir, yoxsa ənənəvi modellər üstüklük verirlər?

Hər hansı dəyişiklik olduğunu demək olmaz. Ənənəvi olaraq E, S Class,  SUV-lərdən  GLS modelləri yenə populyardır. Müəyyən dərəcədə də yeni modellər üstünlük verirlər.

Azərbaycanda məşhur olan  “G Class” bazar payı da bunu deməyə əsas verirmi?

Məşhur olsa da, bazar payı çox cüzidir. 2018-ci ildə “G Class” modeli yeniləndi və yay aylarında təqdim ediləcək. Yenilənmiş versiyanı isə hətta 2015-ci ildən gözləyən müştərilər var. Bu da modelin əvvəlki versiyalarının satışa təsir edib. Yeni modelin satışa çıxarılması ilə bazar payı artacaq.

“Mercedes”in Azərbaycanda lider modeli hansı olub?

2014-cü ildə “S Class” daha çox satılıb. Nəyə görə? Çünki 2014-cü ildə model yeni kuzovla buraxıldı. 2017-ci ildə isə “E Class” satışların həcminə görə lider olub. İnsanlar yeniliklərə daha çox üstünlük verirlər.  

2018-ci ildə “Mercedes”lə bağlı bizi hansı yeniliklər gözləyir?

Bu günlərə yeni  “Mercedes CLS” modelinin təqdim edəcəyik. Yay aylarında yenilənmiş “C Class” və “A Class” satışa çıxarılacaq. Və ən böyük gözləntimiz “G Class”ın bazara çıxarılması ilə bağlıdır.

-Yeni “G Class”ın yarım milyon manat olacağı ilə bağlı xəbərlər yayılıb...

Bu həqiqətə uyğun deyil. Manatın hazırkı məzənnəsi ilə ən komplektləşdirilmiş modelin qiyməti belə 400 min manatdan yuxarı olmayacaq.

“G Class”da əsas yeniliklər nələrdir?

Avtomobilin kuzovunda 1979-cu ildən demək olar ki, böyük dəyişiklik edilməyib. Ən böyük yenilik avtomobilin interyeri ilə bağlı olacaq. Daha yeni sistemlər, daha komfort salon və s.

Son dövrlər təkcə Çin markları deyil, tanınmış markalar da digər şirkətlərə aid oxşar modellər buraxırlar. Bu nə ilə bağlıdır?

Hər kəs uğurlu markaların təcrübəsini özundə tətbiq edərək yaxşı bazar qazanmaq istəyir. Bu da hər buraxılan uğurlu modellə bağlıdır. Hər bir dizayner müdirinə təklif etdiyi modelin  daha yaxşı olduğunu göstərmək üçün onu  “Mercedes”ə oxşada bilər.   Biz bundan narahat deyilik.

Belə bir məsəl var.Bütün avtomobil markaları yığışıb öz marketinqləri haqqında söhbət edirlər. Yeni marketinq planları barədə müzakirə aparırlar. Axırda “Mercedes” nümayəndəsinin susduğunu görüb ondan bu barədə soruşurlar. O da belə deyir: “ Nə danışım, axırda hamınız “Mercedes”ə oturub evə gedəcəksiz”.

Dünya artıq ekoloji cəhətdən təmiz yanacaqla işləyən avtomobillərə keçir. “Mercedes” nə vaxtdan artıq bu modellərin ölkəmizə gətirilməsinə başlayan bilər?

Bəzi modellərin hibrid və plug-in versiyaları artıq buraxılır. “Mercedes -Benz” tam elektrik avtomobillərin istehsalına isə 2020-ci ildən başlayacaq. Marka daha böyük bazarların tələbatını qarşılayandan sonra növbəti illərdə Azərbaycana da bu modellər gətirilə bilər. Amma bu elektromobillər ənənəvi deyil, yeni modellər olacaq.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256