MÜSAHİBƏ

Surxay Novruzov: “Bizimlə işləyən sahibkarlar az xərcləyib, çox qazanırlar”
16 MAY
639

Surxay Novruzov: “Bizimlə işləyən sahibkarlar az xərcləyib, çox qazanırlar”

2018-05-16 07:00:00

“NPC agro” şirkətinin təsisçisi və direktoru Surxay Novruzovun Fins.az-a müsahibəsini təqdim edirik:

- Surxay bəy, öncə Fins.az-ın oxucularını “NPC agro” ilə tanış edin. Şirkətiniz nə zamandan bəri fəaliyyət göstərir? Ötən dövrdə gördüyünüz işlərlə ölkəmizdə aqrar biznesin inkişafına verdiyiniz dəstək nədən ibarətdir?

- “NPC Agro” artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən kənd təsərrüfatı məsləhət və mühəndislik şirkətidir. Biz kənd təsərrüfatı sahibkarlarına məsləhətlər, müxtəlif kənd təsərrüfatı analizləri, aqronom xidmətləri və müxtəlif innovativ həllər kimi xidmətlər göstəririk. Xidmətlərimiz nəticə olaraq sahibkarların daha çox məhsul əldə etməsinə və xərclərin azaldılmasına kömək edir.

 - “NPC agro” iki istiqamətdə xidmət göstərir. Dövlət üçün və Sahibkarlar üçün. Bu xidmətlər hansılardır?

- Göstərdiyimiz xidmətlər nəticəsində kənd təsərrüfatında müasir metodologiyalardan istifadə olunur və bu öz növbəsində dövlət səviyyəsində bu məhsullara olan tələbatın ödənilməsinə və hətta ixrac yönümlü məhsulların istehsalına kömək edir. Xidmətlərimiz nəticəsində sahibkarlarımız kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdəki standartlara uyğun məhsuldarlıq əldə edə bilirlər. Hətta bu xidmətlər nəticəsində onlar öz maliyyələrini düzgün istifadə edə bilirlər, belə deyək az xərcləyib, çox qazanırlar.

- Bir qədər də həyata keçirdiyiniz layihələr barədə danışaq. Oxuculara layihələr barədə http://npcagro.com saytında geniş məlumat verilir. Bəs sahibkarlar necə, sifarişini həyata keçirdiyiniz layihələrin icrasından razıdırmı?!

- Son illərdə bizim konseptdə orta və kiçik sahibkalar üçün əlçatan qiymətə professional xidmət təklif olunmamışdı. Ayrı-ayılıqda aqronom və analiz xidmətləri də mövcuddur, lakin onların heç biri həm qiymət, həm xidmətin professionallığı, həm də hər tərəfli yanaşma baxımdan bizim həyata keçirdiyimiz layihələr kimi sahibkarlar üçün rahat təşkil olunmamışdı. Məsələn: Xaçmazda həyata keçirdiyimiz üzüm bağı layihəsi çərçivəsində istər idxal olunan tinglər, istərsə də göstərilən konsultasiya oxşar layihələrdən dəfələrlə ucuz, amma keyfiyyət baxımından heç də geri qalmayan formada təşkil olunub. Məsələn: Layihə çərivəsində təklif olunan məsafədən aqronom xidməti konsepti ilə italyan aqronomlar sadəcə bir dəfə əkin dövründə sahədə iştirak etmiş, daha sonra şirkətimizin digər yerli gənc mütxəssisləri ilə görüş keçirmiş və bağın növbəti dövrdə idarəçiliyini məsafədə həyata keçirəyə başlamışdır. Bununla da, sahibkar əlavə günlük yüksək ödənişlər etmədən eyni keyfiyyətə konsultasiyanı öz təsərrüfatına yerli mütəxəssislər tərəfindən əldə edəcək. Xatırladaq ki, bu təsərrüfat NPC AGRO-nun ilk bağ layihəsidir və texniki sortlar olan Sangiovesse və Aglianico kimi İtaliya şərab sortları əkilib. Hazırda bitmə 100% yaxındır və bitkilərin vegetasiya inkişafı sürətlə davam etməkdədir. 

Bundan başqa hal-hazırda Azərbaycanda ilk dəfə əkini planlaşdırılan Qaragilə layihəsi işləyirik. Belə ki, Hollandiyanın Delfi şirkəti və biz yəni NPC Agro Azərbaycanda ilk dəfə qaragilə (blueberry) bitkisinin əkini üzrə müqavilə bağladıq. Dünya bazarında qiyməti həddindən artıq baha olan bu meyvə ixrac üçün yüksək gəlirli bitki sayılır və düşünürük ki, yaxın gələcəkdə bizim sahibkarların bu qəbildən olan və dünya bazarında yüksək dəyərə sahib olan bitkilərə maraqları artacaq.

Ümumilikdə, 1000 ha-a yaxın qarğıdalı, günəbaxan, soya, taxıl, sarımsaq, pomidor, xiyar, kartof, soğan və başqa bitkiləri əhatə edən açıq və qapalı şəraitdə (istixana) əkinlərə xidmət göstəririk.

-  “NPC agro” hansı analizləri həyata keçirir?

- “NPC Agro” kənd təsərrüfatında istifadəsi vacib olan demək olar ki, bütün növ analizləri Fransa, Hollandiya və Türkiyədə fəaliyyət göstərən laboratoriyaların Azrbaycandaki nümayəndəsi kimi həyata keçirir (torpaq, su, bitki, yarpaq, gübrə, virus və bakteriya, toxum analizləri).

- Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən bir sıra şirkətlər müasir texnologiyalar üzrə ixtisaslı kadr tapa bilmir. Sizin isə, komandanız gənc və ixtisaslı kadrlardan ibarətdir. Bu da sizin şirkəti uğura aparan əsas amillərdir biridir. Oxuculara komandanızla da tanışlıq maraqlı olar.

- Doğru vurğulayırsız. Azərbaycanda bu sahədə ixtisaslı kadr tapmaq bir qədər çətindir. Lakin, bizim şirkətin əsas yaradıcı komandası əsasən eyni dövrdə dövlət proqramı çərçivəsində xaricdə kənd təsərrüfatı sahəsində təhsil almış gənclər olduğu üçün bu baxımdan elə də ciddi problemlərlə üzləşmirik. Bununla yanaşı, işlədiyimiz araşdırma univesitetləri və beynəlxalq mərkəzlər bizə konsultasiyalarımızı ən son yeniliklərlə təqdim və tətbiq etməyə imkan verir, həmçinin ölkəmizdə ilk dəfə təqdim etdiyimiz məsafədən aqronom xidməti bir mütəxəssisin eyni vaxtda bir neçə fermerə kömək etməsinə şərait yaradır. Xatırladaq ki, məsafədən aqronom xidməti çərçivəsində Tovuz rayonunda yerləşən kiçik istixana təsərrüfatında bu il 18 ton kartof yığılaraq Rusiya Federasiyasına ixrac olunub. Bu təsərrüfatda sahibkarın büdcəsi limitli olduğu üçün isitmədən və damlama suvarmadan istifadə edilməyib.

- Xidmətlərinizdən yararlanmaq istəyən sahibkarlar sizə necə müraciət edə bilər?

- Xidmətlərimizdən yararlanmaq istəyən sahibkarlar bizə e-mail, facebook sosial şəbəkəsi və telefonla müraciət edə bilərlər.

e-mail: [email protected]

facebook: facebook.com/npcagro

tel: (051) 311 00 55

Müəllif: Cəfər Talıb

Eləcə də bax: 6.4 milyon manat gəlir əldə edən Aqropark – MÜSAHİBƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276