MÜSAHİBƏ

Aureliya Buşe: "Azərbaycanın məqsədi regional nəqliyyat və loqistika mərkəzi olmaqdır" - MÜSAHİBƏ
04 MAY
499

Aureliya Buşe: "Azərbaycanın məqsədi regional nəqliyyat və loqistika mərkəzi olmaqdır" - MÜSAHİBƏ

2018-05-04 17:19:00

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe “Report”a müsahibə verib. Fins.az müsahibəni təqdim edir.

- Fransa Azərbaycanla iqtisadiyyatın hansı sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır?

- Fransanın bir çox iş adamları Azərbaycan bazarına maraq göstərir və ölkənin təklif etdiyi müxtəlif biznes imkanlarını araşdırmaq üçün Bakıya müntəzəm səfər edir. Avropa, Rusiya və Orta Asiya bazarları arasında əlaqələr yaradılmasında Azərbaycanın coğrafi mövqeyi böyük üstünlük təşkil edir. Aydındır ki, hökumətin elan etdiyi islahatlar, xüsusilə vergi siyasəti sahəsindəki layihə potensial fransız və beynəlxalq investorların Azərbaycana maraq göstərməsinə təsir edəcək. Bizim ictimai-siyasi və texniki əməkdaşlığımız həyata keçirilən və gələcəkdə həyata keçiriləcək islahatlara dəstək olmaqda davam edəcək. Azərbaycan bu gün mübadilələrimizdən faydalanan tərəfdir və Fransa tərəfinin ölkə ticarət balansı mənfi 0,5 mlrd. avro təşkil edir.

- Azərbaycan Fransanın kənd təsərrüfatı sahəsindəki təcrübəsini öyrənmək istəyir. Bu istiqamətdə bir sıra görüşlər keçirilib. Hazırda əməkdaşlıq səviyyəsi necədir, iki ölkə arasında aqrar sahədə əməkdaşlıqda hansısa yeniliklər gözlənilirmi?

Böyük kənd təsərrüfatı ölkəsi olan, qida sənayesi və bioloji kənd təsərrüfatı üzrə böyük təcrübəyə malik Fransanın Azərbaycanın kənd təsərrüfatı sahəsinə marağı getdikcə artır. İstixanalar üzrə ixtisaslaşan fransız şirkəti “Richel” burada fəaliyyət göstərməyə başlayıb. 2017-ci ilin may ayında Prezident Əliyev və xanımı Mehriban Əliyevanın açılış mərasimində iştirak etdikləri "CaspianAgro" sərgisi çərçivəsində üzümçülük və bağçılıq sahəsində ixtisaslaşan bir sıra Fransa şirkətlərinin nümayəndələri Bakıya səfər edib. Bu ay fransız şərabı üzrə mütəxəssis Jan Montane etlə əməkdaşlıq nəticəsində ərsəyə gələn “Shirvan Wines” üzümlüklərinin açılışı olacaq və mərasimdə səfirlik iştirak edəcək. Bu üzüm bağlarının məhsulundan Azərbaycanda ixrac üçün ilk fransız üzüm şərabları istehsal ediləcək.

 - Hazırda 40-a yaxın fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu rəqəmin artma potensialı nə qədərdir?

- Fransız şirkətləri enerji (TOTAL), nəqliyyat (ALSTOM, THALES, IVECO, SYSTRA), ətraf mühit (SUEZ, CNIM), kənd təsərrüfatı və qida sənayəsi (LACTALIS, DANONE), turizm sənayesi (ACCOR), aeronavtika və kosmik sənaye(AIRBUS, THALES), eləcə də investisiya bankçılığı (SOCIETE GENERALE) sahələri üzrə Azərbaycan iqtisadiyyatında mühüm yer tuturlar. Məsələn, bir qədər əvvəl Azərbaycanla Fransa şirkətləri arasında imzalanmış müqavilələrə uyğun olaraq Fransanın THALES şirkəti Azərbaycanın Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) üçün və regionda aparıcı mövqeyə malik olmaq istəyən Heydər Əliyev Beynəlxalq Aeroportuna qabaqcıl texnologiyalar təklif edəcək. ALSTOM şirkəti isə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Azərbaycan seqmentləri üçün 50 lokomotiv çatdıracaq. İlk catdırılma keçən ilin sonunda həyata keçirilib. Təbii qaz hasilatı sahəsində, o cümlədən “Abşeron” qaz kondensat yatağının istismarı üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın TOTAL şirkəti arasında böyük tərəfdaşlıq mövcuddur. TOTAL ölkədə fəaliyyətini inkişaf etdirməyə hazır olduğunu vurğulayır və xüsusilə də yeni qaz yataqlarının gələcəkdə istifadəsi ilə maraqlanır. Fransa həmçinin Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu dəhliz vasitəsilə ötürüləcək qazın əsas alıcılarından biri ENGİE şirkəti olacaq. Yəni, iki ölkə arasında əməkdaşlığa cəlb olunmuş şirkətlərin sayının artma potensialı böyükdür.

 - Fransa şirkətləri Azərbaycanda yaradılan Azad Ticarət Zonasında fəaliyyət göstərmək istəyərmi ?

- Fransa şirkətləri Azərbaycanın nəqliyyat layihələrini diqqətlə izləyir. Azərbaycanın məqsədi regional nəqliyyat və loqistika mərkəzi olmaqdır. Bunu fransız şirkətləri regionda iqtisadi inkişaf üçün vasitə kimi görür. Azərbaycanın, nəqliyyat şəbəkələrinin və sistemlərinin təhlükəsizliyini və yüksək etibarlılığını təmin etmək üçün daha yaxşı texnologiyalardan faydalanması vacibdir. Bəzi köhnə texnologiyalar və standartlar "regional mərkəz”in səmərəli inkişafı üçün aradan qaldırılmalıdır. Rəqabətə davamlılıq bunun sayəsində qazanılır və müxtəlif nəqliyyat vasitələrindən istifadə imkanları beynəlxalq investorlar üçün əsas meyar olaraq qalır.

Şübhə yoxdur ki, fransız şirkətləri Azərbaycan hökumətinin istədiyi iqtisadi şaxələndirmə hərəkatında iştirakını artırmağa hazırdır. Prezident İ.Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək üçün iqtisadi islahatlara başlamasından sonra, sayı getdikcə artan bir sıra kiçik və orta fransız müəssisələri Azərbaycan bazarının inkişaf təklif edən imkanlarına maraq göstərir. Müvafiq xidmət növlərinə əlavə olaraq, bu şirkətlər şərab zirzəmisi, ticarət mərkəzləri üçün daxili dizayn elementləri kimi keyfiyyətli avadanlıq təklif edə bilərlər. Biznes mühitinin yaxşılaşdırılması daha çoxz kiçik və orta şirkətləri cəlb edə bilər. Həmçinin, yeni informasiya və rəqəmsal texnologiyalar yeni əməkdaşlıq perspektivləri yaranır. Böyük fransız şirkətləri son "Bakutel" sərgisində iştirak ediblər.

- Azərbaycan-Fransa Birgə İqtisadi Komissiyanın növbəti iclası nə vaxt keçiriləcək?

- 2016-ci il dekabrın 3-də Fransanın Xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə keçmiş dövlət katibi Matias Fekl və Azərbaycanın maliyyə naziri Samir Şərifovun iştirakı ilə Parisdə Azərbaycan-Fransa Birgə İqtisadi Komissiyasının 8-ci iclası keçirilib. Komissiyanın növbəti iclası böyük ehtimalla bu il Bakıda keçiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267